Naxçıvanda “Nəsimi həftəsi”nin açılışı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 11-də Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görkəmli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə “Nəsimi həftəsi”nə start verilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov çıxış edərək bildirib ki, bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Belə bir tarixi ildə xalqımızın görkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən  “Nəsimi” həftəsi də ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılmasına və təbliğ edilməsinə geniş imkan açır.

Qeyd olunub ki, şair və mütəfəkkir İmadəddin Nəsimi irsinin sistemli tədqiqi və təbliği ötən əsrin 70-ci illərində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaradan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və beynəlxalq miqyasda qeyd olunub. Həmin dövrdə şairin adı əbədiləşdirilib, əsərləri nəşr olunub, sözlərinə mahnılar bəstələnib, “Nəsimi” filmi çəkilib. İnanırıq ki, “Nəsimi” həftəsi çərçivəsində keçiriləcək bədii qiraət və intellektual müsabiqələr, açıq dərs, kitab müzakirələri və film nümayişləri gənclərimizin Nəsimi irsini öyrənmələri üçün faydalı olacaqdır.

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, “Nəsimi həftəsi” 11-16 fevral tarixlərini əhatə edəcək. Hazırlanmış qrafikə əsasən bu müddət ərzində “Nəsimi” tarixi filminin nümayişi, xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, İmadəddin Nəsiminin həyat və yaradıcılığına dair “Nə? Harada? Nə zaman? intellektual oyunu, “Poeziyamızın fatehi” adlı bədii qiraət müsabiqəsi, “Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə və “Nəsimi” həftəsinin mükafatlandırma tədbirinin keçirilməsi nəzərdə tutulub. Tədbirlərdə gənclərin iştirakı üçün elektron formlar yaradılıb və həmin formlar vasitəsilə artıq yüzlərlə gənc həftə ərzində keçiriləcək tədbirlərdə iştirakçı olmaq üçün qeydiyyatdan keçib.

Tədbirdə çıxış edənlər ölməz şairimiz Nəsiminin həyat və yaradıcılığı haqqında gənclərə ətraflı məlumat veriblər.

Sonra gənclərin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası təşkil olunub.

                                                                                        Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: