“Karvan gedib, izi qalıb yollarda” deyən Firuzə Məmmədlinin 85 illik yubileyidir

A- A A+

Firuzə Məmmədli 1940-cı il yanvar ayının 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. Hülövlü kənd məktəbində orta təhsilini gümüş medalla bitirən Firuzə xanım əvvəlcə Quba şəhər tibb məktəbində təhsil alır. Bir il sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakültəsinə daxil olan Firuzə Məmmədli 1965-ci ildə "Vahid Azərbaycan" uğrunda mübarizəyə qoşulur. O, universiteti fərqlənmə diplomu ilə başa vurur. Əmək fəaliyyətinə İnstitutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedaqoji məktəbində başlayan şairə "Vahid Azərbaycan" uğrunda mübarizəyə qoşulduğuna görə repressiya və təqiblərə məruz qalır. Fəaliyyətinə APİ-nin Azərbaycan dilçiliyi kafedrasında davam edən Firuzə Məmmədli müasir Azərbaycan dili kafedrasının dosenti olaraq "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edir.

Ədəbi fəaliyyətə 1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeirilə başlayan Firuzə Məmmədli sonra dövri mətbuatda öz lirik şeirləri ilə vaxtaşırı çıxış edib. O, 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazıb. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilən “Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilib. Elmə yaradıcılığı ilə töhvələr verən Firuzə Məmmədlinin elmi və publisistik məqalələri tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biridir. Həmçinin alimin Azərbaycan ədəbi dili, “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunub. Bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifi olan Firuzə Məmmədli onlarla magistrantın elmi rəhbəri olub. O, fəaliyyətinin 50 ilini Azərbaycan Dövlət Pedoqoji Universitetində təhsil alan yüzlərlə müəllim kadrlarının hazırlanmasına həsr edib. Elmi fəaliyyət ilə bərabər, ədəbi-bədii yaradıcılıqla da məşğul olan şairə 6 adda tərcümə əsəri daxil olmaqla 37 kitab müəllifidir. Şairə Firuzə Məmmədli 1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülüb. Sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olan şairə bir sıra diplom və sertifikatlarla mükafatlandırılıb.

Fəaliyyəti və yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Firuzə Məmmədli Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” və “Nəsimi” mükafatlarına, III dərəcli “Əmək” ordeninə, ADPU-nun 90 illik yubileyi münasibətilə “Tərəqqi” medalına layiq görülüb. 2008-ci ilin Prezident təqaüdçüsüdür. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şairə, ədəbiyyatşünas, tərcüməçi, publisist Firuzə Məmmədlini yubileyi münasibəti ilə təbrik edir, ona sağlıqlı ömür diləyirik.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: