Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllimi Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin Konservatoriyasının müəllimi, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi, görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub.
Tədbirdə universitetin professor-müəllim heyəti, incəsənət xadimləri və qonaqlar iştirak ediblər.
Tədbirin açılışında Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının kamança müəllimi Bənövşə Rzayeva ustad tarzən Əkrəm Məmmədliyə həsr etdiyi şeiri səsləndirib. Ardınca video formatda Əkrəm Məmmədlinin ifasında "Orta Mahur" muğamı təqdim olunub və izləyicilər tərəfindən alqışla qarşılanıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ustad tarzən Əkrəm Məmmədlinin Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz rolunu yüksək qiymətləndirib. Qeyd edilib ki, görkəmli tarzən Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətlər göstərir, həm ifaçı, həm də Naxçıvan Dövlət Universiteti Konservatoriyasının müəllimi kimi yeni nəsil musiqiçilərin yetişməsində xüsusi rol oynayır.
Rektor vurğulayıb ki, Əkrəm Məmmədlinin sənəti Azərbaycan musiqisinin zənginliyini dünyaya tanıdan ən dəyərli nümunələrdən biridir. O, təkcə ifaçılığı ilə deyil, pedaqoji fəaliyyəti ilə də musiqi irsimizin gələcək nəsillərə çatdırılmasında əvəzsiz xidmətlər göstərmişdir. Rektor tarzənin sənətə olan sevgisi və fədakarlığının onu musiqi dünyasında ölməz bir sima etdiyini və belə tədbirlərin sənətkarların irsinin yaşadılması və təbliği baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Elbrus İsayev çıxışının sonunda yubilyara elmi-pedaqoji fəaliyyətində yeni uğurlar arzulayıb, ona universitetin fəxri fərmanını və İncəsənət fakültəsi tələbələrinin hazırladığı əl işini təqdim edib.
Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov bildirib ki, Əkrəm Məmmədli mahir pedaqoq, musiqi təşkilatçısı, milli musiqimizin incəliklərini dərindən anlayan musiqi xadimi, hörmətlə anılan yaşlı nəsil nümayəndələrindən biridir.
Sonra ustad tarzənə Mədəniyyət Nazirliyinin fəxri fərmanı və hədiyyəsi təqdim olunub.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, akademik Rafael Hüseynov da video formatda çıxış edərək yubilyarın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb.
Azərbaycan Respublikasının Xalq artistləri – Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Şəfiqə Eyvazova, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Malik Mansurov, Vasif Allahverdiyev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nazim Kazımov, professor Arif Əsədullayev, Azərbaycan Respublikasının Əməkdar artisti Tariyel Abbasov, həmçinin Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası sədrinin müavini Xatirə İbrahimli və başqaları Əkrəm Məmmədlinin sənət yolundan, Azərbaycan və Naxçıvan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən söz açıb və hədiyyələrini təqdim ediblər. Qeyd olunub ki, Əkrəm Məmmədli 50 ildən çoxdur ki, tar ifaçılığı və onun tədrisi ilə məşğul ifalarında “Qızın təranəsi”, “Vətən suitası”, “Çahargah” muğamı“ olur.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və xorunun müşaiyəti ilə Naxçıvan Dövlət Universitetinin müəllimləri, Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdın Babayev, Prezident mükafatçısı Səxavət Rəhimov, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova, Xalq çalğıları orkestri kafedrasının müəllimi İsmayıl Mürsəlov, , Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, həmçinin Naxçıvan Dövlət Universitetinin nəzdində olan Naxçıvan Musiqi Kollecinin müəllimləri Prezident mükafatçısı İlkin Abdullayev, Aysel Həsənova, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova, dirijor Hakim Məmmədli, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev və digər sənətkarların "Aylı gecələr”, “Sevgi rəqsi” kimi bir sıra musiqi nömrələri təqdim edilib.
Ustad tarzən Əkrəm Məmmədlinin oğlu Kənan Məmmədli və əmisi oğlu Səfər Əliyev çıxışlarında sənətkarın zəngin irsi və musiqiyə verdiyi töhfələrlə ailələrinin qürur duyduğunu ifadə ediblər. Onlar Əkrəm Məmmədlinin sənət və pedaqoji fəaliyyətinin hər zaman böyük hörmət və ehtiramla xatırlandığını vurğulayıblar.
Sonda yubilyar əməyinə və yaradıcılığına yüksək qiymət verildiyi üçün minnətdarlığını bildirib.
Nardanə Əliyeva
NDU, Media və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı