Bu gün şair-dramaturq, tərcüməçi, əməkdar incəsənət xadimi İslam Səfərlinin doğum günüdür. 1923-cü ildə Naxçıvanda anadan olan İslam Səfərli öz şeirlərində doğma yurdu, insanları və təbiətin gözəlliklərini vəsf edib. “Nəğməkar şair” kimi tanınan İslam Səfərlinin yazdığı şeirlərə bəstələnən "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız" və digər mahnılar bu gün də sevilir.
"Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" pyesləri müxtəlifillərdə teatrlarda uğurla tamaşaya qoyulub.
NUHÇIXAN İslam Səfərlinin “Naxçıvanım ” şeirini təqdim edir:
Çöllərindən keçən mənəm,
Söz qoşmamış keçəmmənəm,
Sularından içən mənəm,
Mənim barlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.
Qızların var, xumar gözlü,
Mah camalli, şirin sözlü.
Göy dərəli, məxmər duzlu,
Başı qarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.
Gör nə çalır könül simi:
– Şeirə verdim mən eşqimi.
Mirzə Cəlil, Bəhruz kimi
Sənətkarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.
Zirvələrin dənər qarlı,
Şimşəklərin od çaxarlı.
Ey axarlı, ey baxarlı,
Ey gülzarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.
Mən neylərəm sənsiz görən?
Doymaz səndə ömür sürən.
Ey İslama könül verən
Düz ilqarlı Naxçıvanım,
Xoş baharlı Naxçıvanım.