Bizdə “Əlincəqala” onlarda isə ”Machu Picchu”u - FOTOLAR
Naxçıvana gələn qonaqları yerli sakinlər gəzdirmək məqsədi ilə demək olar ki, ən çox Naxçıvan şəhərindən 30 kilometr şərqdə, Əlincə çayının sağ sahilində yerləşən “Əlincəqala” ya aparırlar. Bu qala 1800 metr hündürlüyə malik olan Əlincə dağının üzərində yerləşir. Qalaya giriş şərq və qərb tərəfdən olmaqla iki hissədən ibarətdir. Qalanın adına ilk dəfə “Kitabi-Dədə qorqud” dastanında rast gəlinir və ən qədim qaynaqlardan biri hesab edilir. Araşdırılmalar nəticəsində qalanın tarixinin I-VI əsrlərə aid olduğu müəyyən edilib. Burada 600-ə yaxın döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşmə imkan var. Müharibə və mühasirələr zamanı su ehtiyatını qorumaq məqsədi ilə qalanın müxtəlif yerlərində 10-dan çox su hovuzundan istifadə etmək üçün xüsusi arxlar düzəldilib. Bu əzəmətli və strateji əhəmiyyətli qala orta əsrlərdə Azərbaycanında mövcud olan çaxnaşmalardan və daxili müharibələrdən özünü qoruyaraq düşmənlərə qarşı müdafiə istehkamı kimi də istifadə olunub.
Mənbələr göstərir ki, Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin ikinci yarısında isə Cəlalilərin hakimiyyəti altında olub. XIV əsrin 80-90-cı illərində qala orta asiyanın ən güclü hərbi qüvvələrinə sahib olan Əmir Teymura qarşı mübarizənin əsas istinadgahına çevlilərək və 14 il mərdliklə müdafiə olunub.
Əlincəqala əsrarəngiz, tarix qoxan görünüşü ilə hər kəsi valeh etməyi bacarır. Qalanın tarixi divarları əvvəllər torpaq və daşlarla Əlincə dağının ətəklərindən başlayaraq yuxarıya doğru ucalır və onun zirvəsini tamamilə əhatə edirdi. Restavrasiyadan sonra daş pillələr vasitəsilə qalaya qalxaraq bütün bölgəni açıq-aydın seyr etmək mümkündür. Qala o qədər cazibədar və ecazkar görünür ki, dünyanın bir çox yerlərindən bu qalanı gəlib görməyə can atanların ardı-arası kəsilmir. Bildirim ki, Naxçıvan haqqında maraqlanan bir çox əcnəbi qonaqlar Əlincə qalasını gördüklərində onu Machu Picchu qalasına bənzədərək onunla müqayisə edirlər. Onun bir bənzərinin də Naxçıvanda olduğunu deyirlər. Bu gözəlliyi görmək üçün tarixdə XIV əsrə aid olan "Əlincəqala"ya, dünyanın 2-ci "Machu Pıcchu"-na mütləq gəlmək lazımdır.
Bəs " Machu Pıcchu " haradadı?
"Machu Picchu" bəzən "inklərin itirilmiş şəhəri" də adlandırılır. Qədim şəhərcik yer üzərindən silinmiş inklərin rəmzi hesab olunur. Bu şəhər Peru Respublikası ərazisində yerləşib dəniz səviyyəsindən 2,430 metr yüksəklikdədir. Şəhər mərkəzi And dağlarından başlayaraq Amazon meşələrinin Urubamba çayına qədər uzanır.
Şəhərcik XV əsrin 50-ci illərində inklərin son imperatoru Paçakutek tərəfindən salınıb. O, bu qalanı dağlarda müqəddəs məkan kimi adlandıraraq imperiyanın zəbt olunmasının 100 illik yubuleyinə həsr edib. Qala 100 il bundan sonra bu ölkəni fəth edən ispan casuslarından gizli saxlanılıb.
Ancaq bəzi mənbələrdə isə İnklər çiçək xəstəliyi epidemiyası səbəbi ilə ərazilərini tərk etdikləri bildirilir. Hər hansı səbəbdən olduğu bilinməsə də, bu tarixi məkan 400 ildən artıq müddətdə unudulan şəhər olub. Buranı ilk dəfə 1911-ci il iyul ayının 24-də Yelsk Universitetinin amerikan tədqiqçisi professor Hayrem Binqher aşkar edib. Bura haqqında məlumat toplayan tədqiqçi, professor Hayrem Binqher balaca oğlanın bələdçiliyi ilə yerli sakinlərlə söhbət apararaq burada inklərin azadlıq, sülh və təhlükəsizlik içərisində yaşadığı qənaətinə gəlib. Həmçinin əraziyə baxış zamanı müxtəlif daşların üzərində də çoxsaylı yazılara rast gəlib.
Maçu Piççu qalası 2007-ci ildə dünyanın yeddi möcüzəsindən biri hesab olunub. Bir çox tarixi araşdırmalarda qeyd olunur ki, qalanın zəngin xəzinələri 140 il bundan əvvəl bir alman tərəfindən qarət edilib.
Deyilən fərziyələrə görə Peruda qızıl və ağac alveri ilə məşğul olan Avqusto Berns adlı bir alman tarixçisi 1867-ci ildə o vaxtkı Peru hökmdarlarının icazəsi ilə şəhərciyin yerşədiyi təpədə özünə biznes quraraq misilsiz xəzinələri qazıb üzə çıxararaq Avropa muzeylərinə və şəxsi kolleksiyalara satıb.
ƏLİNCƏQALA və "MACHU PICCHU" qalasına qalxmaq üçün pillələrdən istifadə olunması, günəş şualarının daha yaxşı düşdüyü əlverişli yerlərdə yerləşməsi, qeyri-adi görünüşü və ecazkar mənzərələri ilə tarixə şahidlik edərək günümüzün ən dəyərli abidələri hesab edilir. Bu yerləri gördükdə dünyanın ən qədim və ən usta memarı olan təbiətin sanki bir almanın iki üzü kimi yaratdığı ƏLİNCƏQALA və "MACHU PICCHU" qalaları insanı həm heyrətləndirir, həm də riqqətə gətirir!
Pnar Yusifli
Naxçıvan televiziyasının əməkdaşı