Dövrünün “şair anası” kimi şöhrət tapan, azərbaycançılıq ideyasının təbliğatçılarından biri, ən böyük nisgili - Vətən həsrəti olan Mədinə Gülgün 1926-cı il yanvar ayının 17-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. O, burada orta təhsilinin dörd ilini oxuduqdan sonra, ailəsilə sovet rejiminin repressiyasından qorunmaq üçün Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçür. Ərdəbildə bir müddət qalan Mədinə xanım sonra Təbriz şəhərinə köçüb, toxuculuq karxanasında işləməyə başlayır. Yeniyetmə çağlarından həyatın hər üzü ilə tanış olan şairə xalqımızın milli hüquqlarının pozulmasına qarşı mübarizə aparır. Gənc xanım yaxşı bilirdi ki, mübarizə aparmaq üçün kifayət qədər biliyə sahib olmaq lazımdır. O, qısa müddətdə ərəb və fars dilini öyrənib, təhsilini inkişaf etdirir. Sonra Mədinə Gülgün Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri olub, mübariz şeirləri ilə xalqı inqilaba səsləyir. Onun həmin dövrdə qələmə aldığı şeirləri qəzet və jurnal səhifələrində yeni dərc olunurdu. 1945-ci ildə bir neçə şeiri Təbrizdə “Vətən Yolunda” və “Azərbaycan” qəzetində çap olunub.
Yaradıcılığı ilə bərabər, əməksevər bir xanım olan Mədinə Gülgün Təbrizdə təşkil olunan “Azərbaycan Qadınlar Cəmiyyəti”nin, “Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti”nin və “Təbriz Teatr Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilir. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə isə Təbriz Dram Teatrında, “Azərbaycan” qəzetində və Təbriz qadınlar klubunda çalışırdı. Lakin gənc xanımın azadlıq carçısı olması bütün qəlbi ilə bağlı olduğu Təbrizdə qalmasına imkan vermir. 1948-ci ildə ailəsindən ayrılıb Bakıya gəlməli olur. Həmin il o, Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub, ali təhsil alır. Təhsil illərində şairənin “Təbrizin baharı” adlı ilk şeir kitabı işıq üzü görür. Kitabda milli-azadlıq hərəkatı və İkinci Dünya müharibəsindən bəhs edən şeirlərin əsasın Vətən sevgisi və azadlıq həsrəti təşkil edirdi. Mədinə Gülgünün Bakıda və Moskvada “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Təbriz qızı”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və sair şeir kitabları dərc olunub. Bu kitabların başlıca mövzusu Vətən, xalq, azadlıq və Təbriz həsrətidir. Şairənin lirik şeirlərindən çoxuna mahnılar bəstələnib, həmin mahnılar dillərdə əzbərə çevrilib.
Şairənin bitməz həsrəti - anasının Təbrizdə qalması və özünün isə ömrü boyu Təbrizə qayıda bilməməsidir.
Gözüm qaldı Arazda,
Dedim, gəlləm bu yazda.
Ana, səbr et bir az da,
Söyləməyə üzüm yox.
Mədinə xanım ailə qurub, öncə ana, sonra nənə olsa da, qəlbinin nisgili, gözlərinin yollarda qalması ona dinclik vermiyib. O, qəlbinin əsas qübarı Vətən və anaya aid - “Dəniz, sahil, mən”, “Bağların bar vaxtı”, “Payız”, “Göy-göl, “Ağ badam çiçəkləri” və sair şeirlərini qələmə alıb. Şeirlərində vətəninə xalqına sonsuz sevgisini bildirən Mədinə Gülgün o taylı-bu taylı azərbaycanlıların onu heç zaman unutmayacağına bütün qəlbi ilə inanıb. Ona görə də özündən söhbət düşəndə - “Mənim kimliyimi, mənim adımı Vətənimdən soruş, elimdən soruş”, deyirdi.
Mübariz şeirləri ilə ömrü boyu inqilaba carçılıq edən Mədinə Gülgünün yaradıcılığı yüksək qiymətləndirilərək Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları, “Şərəf Nişanı” ordeni, “21 Azər”, “Əmək veteranı” medalları və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
20-dən çox şeir və poema kitabının müəllifi olan Mədinə Gülgün 1991-ci il fevral ayının 17-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı