“Herostratı unudun" tamaşasının premyerası baş tutub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, yanvarın 25-də, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Qriqori Qorinin ölməz əsəri "Herostratı unudun" tamaşasının premyerası baş tutub.

Bu əsər, insanlıq tarixində adını cinayət yolu ilə yaddaşlara yazmaq istəyən antik dövr adamı Herostratın həyat hekayəsini əks etdirir. Bazar alverçisi olan Herostrat adını tarixə yazdırmaq üçün 120 ilə inşa edilən və dünyanın 7 möcüzəsindən biri sayılan Efesdəki Artemida məbədini yandıraraq cəmiyyətdə böyük hiddətə səbəb olur. O, adının tarixdən silinməməsi üçün son ana qədər mübarizə aparsa da, bu zaman özünün şəxsi, cəmiyyətin isə ümumu faciəsi baş verir. Əsərin mərkəzində şöhrət ehtirası, çətin etiqad dilemması dayanır.

Saat yarım davam edən tamaşa dərin psixoloji manevrlərlə teatrsevərlərin qəlbini fəth etməklə yanaşı, rejissorun öz ideyalarını müəllifin fikrinə qatması və kimin haqlı, kimin haqsız olduğunu tamaşaçıların ixtiyarına buraxması təqdirəlaiq idi.

Tamaşa ilə yanaşı dinamika, düzgün aktyor seçimi, işıq effektləri, səhnə hərəkətləri və musiqi tərtibatı da, diqqətdən yayınmadı. Tam peşəkarlıqla hazırlanan tamaşa aktyorların oyunu ilə izləyicilərinin yaddaşına kök saldı.

200-dən artıq izləyicisi olan tamaşanın quruluşçu rejissoru teatrın direktoru və baş rejissor Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərli, rollarda isə xalq artisti Rza Xudiyev, əməkdar artistlər Əbülfəz İmanov, Səməd Canbaxşiyev, Bəhruz Haxverdiyev, aktyorlardan Səkinə Məmmədova, Zakir Fətəliyev, Zəminə Məmmədova, Anar Eyvazov, Xəlil Hüseynov və Saynur Babayevdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında premyerası baş tutan "Herostratı unudun" tamaşası teatrın dövlət səviyyəsində mədəni irsə verilən dəyərin bariz göstəricisidir.

Fariz Əhmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: