Azərbaycan ədəbiyyatının tanınmış siması, Naxçıvan ədəbi mühitinin yetirməsi Adil Babayev bədii yaradıcılığının ictimai əhəmiyyəti və sənətkarlığı ilə həmişə diqqət mərkəzində olub. Adil Babayev bədii ədəbiyyatın müxtəlif növlərinə müraciət etsə də, ən çox istedadlı sonet şairi kimi tanınaraq şöhrətlənib.
Şairin lirikasına nəzər yetirdikdə görürük ki, vətənin gözəlliyi, fərəhli və nisgilli hadisələr, fəsillərin özünəməxsus çalarları, insanların taleyi kövrək qəlbli şairi ehtizaza gətirib.
Şair vətəni qarış-qarış gəzərək, ürəyinin məhəbbətini, qəlbinin hərarətini “ana yurdun gül nəfəsli torpağı”na qatıb. O, vətəndən uzaqda olduqda da xəyalən ana torpağı bədii dillə belə ifadə edirdi:
Gəzib dolansam da bütün dünyanı,
Bir an unutmaram Azərbaycanı.
Qoy vətən sevgisi şeirimin canı,
Kağızım ellərin ürəyi olsun.
Şairin “Səyyah gəzir yurdumu” şeirində xaricdən gəlmiş səyahətçini Azərbaycan mədəniyyətinin böyüklüyü heyran qoyur. Onun heyrət dolu sorğularına cavab verən şairin qəlbi isə iftixar, qürur hissi ilə döyünür:
Doğrudan da, sayca azıq,
Ancaq tarix tanımır bizi miskin və yazıq.
Bir Füzulim çalanda könlümün rübabını,
Min-min şair utanıb yandırıb kitabını.
Şairin elə bir şeiri yoxdur ki, orada Azərbaycan torpağının isti nəfəsi yüksək poeziya dili ilə tərənnüm olunmasın. Özü deyirdi ki, “Məni axtaranda bu torpaqda axtarın, çünki bu torpağın hər qarışında, meşəsində, dağında, daşında qəlbimin bir parçası var” .
Böyük Vətən müharibəsi iştirakçısı olan şairin “Ağır illər” silsiləsi başlığı altında toplanan şeirləri müharibəyə həsr olunub.
Çəkmələr özününmüş... ayaqları kəsilmiş,
Gərəksiz çəkməsini indi satmağa gəlmiş,
Ucuz satıram, oğlan! Götür, əlim gəlmədi,
Geri döndüm o axşam, ürəyim dincəlmədi.
Şairin siyasi mövzuda yazdığı şeirləri “Kosmik düşüncələr” adı altında toplanıb. Onun təsvir etdiyi qəhrəmanlar vətənini azad görmək, öz dilini, mədəniyyətini inkişaf etdirmək uğrunda mübarizə aparırlar. Müstəmləkəçiliyi ifşa edən “Rəngli yuxular” şeirində də qəsbkarlar ifşa olunur:
Yuxuya verib daşıdılar
neçə yurdun varını,
Yandırdılar meşələrini,
qurutdular çaylarını.
Yuxuda cənnət vəd eyləyib
boğazından çıxartdılar tikəsini,
Zərli saraylara qonaq çağırıb
Kəsdilər haqq deyən səsini.
Şair Azərbaycanın, doğulduğu Naxçıvan torpağının sözlə rəsmini çəkir:
Mən – Batabat yaylağında bitən güləm,
Mən – Haçadağdan əsən səhər yeliyəm.
Gəmiqayanın bir parçası,
Əjnövürün qarıyam.
Mən – Naxçıvanın Bakıya, Laçına, Təbrizə
gedən yoluyam.
Adil Babayevin lirikasında məhəbbətin tərənnümü də geniş yer tutur. Şairin məhəbbət şeirləri içərisində həsrət, ayrılıq və bunlardan doğan iztirab motivləri güclüdür:
Səndən ayrı düşəli, həsrətim dəniz oldu,
Min adamın içində könlüm kimsəsiz oldu.
Alovlanan qəlbimi hər an dustaqda gördüm,
Mən eşqimin gücünü səndən uzaqda gördüm
Azərbaycan poeziyasında sonet janrına sistemli şəkildə yanaşan, onun gözəl nümunələrini yaradan, bu janra ədəbiyyatımızda tam vətəndaşlıq hüququ qazandıran Adil Babayev olub. 1968-ci ildən başlayaraq şair mütəmadi olaraq bu janrda qələmini sınayıb.
İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,
Sağ ikən ölən də var, ölüb sağ qalan da var,
Günlərin əllərindən gah şirin şərbət içib,
Gah acı zəhər içir dünyada yaşayanlar.
15 hekayə müəllifi olan Adil Babayevin hekayələri ölümündən sonra nəşr edilən “Ata sorağında” (1985) adlı kitabında toplanıb. Yaradıcılıq etibarilə daha çox lirik olan Adil Babayev epik əsərlər də yazıb. Şairin poemalarını janrlarına görə iki qrupa bölmək olar: epik və dramatik. Tarixi mövzuda yazdığı “Memarın məhəbbəti”, “Yanıqlı gülüşlər”, “Eloğlumun poeması”, “Qartal qanadlarında”, “Babəkdən sonra” poemalarında Azərbaycan xalqının elm və mədəniyyətinin tərəqqisində böyük rol oynamış görkəmli şəxsiyyətlərin həyat yolundan söz açır.
Şair, tərcüməçi, teatrşünas kimi fəaliyyət göstərən Adil Babayevin yaradıcılığında dramaturgiya da mühüm yer tutur. Ədibin 10-dan artıq dram əsəri vardır ki, bunların əksəriyyəti teatr səhnələrində oynanılaraq tamaşaçı rəğbəti qazanıb. Ədibin bir yarımçıq pyesi isə əlyazma şəklində ədibin şəxsi arxivində saxlanılır.
Adil Babayevin tərcüməçilik fəaliyyətində Y.Osnos və V.Vinnikovun “Hind gözəli” (1959), Tsao Yuinin “Tufan” (1959), N.Dumbadzenin “Darıxma, ana” (1972), Şota Milorovanın “Tbilisi nəğməsi” (1961), M.Petrieskunun “Ölümünü görmüş insan” (1973) əsərləri mühüm yer tutur.
O, 1971-ci ilin avqust ayından ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi işləyib və dünya xalqlarının bəzi şairlərinin əsərlərini də Azərbaycan dilinə tərcümə edib. Adil Babayevin N.A.Nekrasovdan etdiyi tərcümələr öz dəst-xətinə xas məziyyətləri ilə seçilir. Mütərcim bütün tərcümələrində orijinala məxsus əsas əlamətləri qoruyub saxlamağı bacarıb.
Əsassız ittihamlara məruz qalan Adil Babayev 1938-ci ildə anası Xeyransa xanımla Tbilisi şəhərinə köçmək məcburiyyətində qalıb. Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycandilli orta məktəbdə təhsilini davam etdirərək 1943-cü ildə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun Dil və ədəbiyyat ixtisasına daxil olub. Gürcü şairi Qriqol Abaşidzenin “Dəniz və qaranquş”, Nodar Dumbadzenin “Darıxma, ana” kimi tarixi qəhrəmanlıq dramının Azərbaycan dilinə tərcüməsinin və tamaşaya qoyulub müvəffəqiyyət qazanmasının əsas səbəbkarı Adil Babayevdir.
Teatra böyük həvəs göstərən Adil Babayev Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq ixtisasına daxil olduqdan sonra AMEA-nın İncəsənət və Layihə İnstitutunun aspirantı olub. Teatra olan marağı sayəsində ədib Məşədi Əzizbəyov adına Akademik Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışıb. Teatrı hünər və istedad meydanı adlandıran Adil Babayev təkcə məqalə və çıxışlarında deyil, bədii əsərlərində də teatrın böyüklüyü, səhnənin müqəddəsliyi fikrini irəli sürüb. Onun teatr üçün yazdığı pyeslər Bakıda, Gəncədə, Ağdamda, Sumqayıtda, Naxçıvanda, Tbilisidə və başqa şəhərlərdə müxtəlif quruluşda tamaşaçılara göstərilib.
Adil Babayev həm də teatr sahəsinə aid bir neçə kitabların müəllifidir. Yazıçı-publisist Əfqan Əsgərovun təbirincə desək, Adil Babayev Azərbaycan teatrşünaslığının əsasını qoyanlardan biri olmuşdur.
O, poeziyasında olduğu kimi, publisistikasında da təsadüfi mövzulara üz tutmayaraq, ilk növbədə, diqqəti taleyüklü məsələlərə yönəldib. Ədib yaradıcılığının ilk dövründən “Sovet Gürcüstanı” (1943-1945) qəzetində şöbə müdiri, “Kommunist” (1945-1946) qəzetində ədəbi işçi, tərcüməçi, “Şərq qapısı” (1946) qəzetində korrektor, poeziya şöbəsinin müdiri, “Azərbaycan pioneri” (1947-1949) qəzetində tərcüməçi, 1949-1952-ci illərdə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında poeziya şöbəsinin müdiri, Azərbaycan Dövlət Nəşriyyatında (1956-1964) bədii ədəbiyyat şöbəsinin redaktoru, “Ədəbiyyat və incəsənət” (1964-1971) qəzetində tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini vəzifələrində çalışıb.
Yaradıcılığı boyu mətbuatla bağlı olan Adil Babayev mətbuat işçisinin diqqətli, həssas, yüksək elmi biliyə malik olmasını, dilin lüğət tərkibinin qrammatik qayda-qanunlarını da dərindən bilməsini arzulayıb. İstər müəllifin öz məqalələrində, istərsə də dövri mətbuatda müasirlərinin onun haqqında yazdıqlarından oxuyuruq ki, Adil Babayev şair kimi şöhrətlənsə də, mətbuatda da öz aktual, elmi publisist məqalələri, resenziyaları ilə də tanınıb.
Ədibin fikrincə, insan o vaxt xoşbəxt ola bilər ki, o, öləndən sonra da xatırlana, əsərləri oxuna. “Təzədən doğulur şair ölən gün” şeirində yazdığı kimi:
Təzədən doğulur şair ölən gün
O gündən başlayır təzə həyatı.
Ya düşür yoluna ölümsüzlüyün,
Ya da unudulur biryolluq adı.
Həqiqətən də, Adil Babayevin kövrək duyğularını əks etdirən lirik şeirləri, sonetləri, müxtəlif mövzularda, rəngarəng biçimlərdə qələmə aldığı poemaları, dramları, hekayələri, tərcümələri, Azərbaycan teatrşünaslığı sahəsindəki əvəzolunmaz xidmətləri onu heç vaxt unudulmağa qoymaz.
AYPARA BEHBUDOVA
Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent