Pakistanda nəşr edilən “Punjab Post Lahore” qəzetində “İmadəddin Nəsimi: Böyük klassik türk sufi şairi” adlı məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə bu ilin Azərbaycanda görkəmli şair İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nəsimi ili” elan olunduğu bildirilir. Qeyd olunur ki, 2019-cu ildə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində bu böyük şairin xatirəsi anılacaq, yaradıcılığı ilə əlaqədar tədbirlər keçiriləcək.
Məqalədə Nəsiminin həyatı haqqında məlumat verilir, onun doğulduğu yer, soy-kökü, təhsili, “Nəsimi” təxəllüsünü götürməsi, hürufi təriqətini qəbul etməsi barədə söhbət açılır. Yazıda Nəsiminin o dövrün mühüm mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Anadolu, İraq, Suriyanın şəhərlərini gəzdiyi və öz idayelarını bu ölkələrdə şeirləri vasitəsilə yaydığı vurğulanır. Məqalə Nəsimi haqqında dövrün böyük mütəfəkkirlərinin və dövlət adamlarının fikirlərinə də yer verir.
Nəsiminin poeziyasına toxunan müəllif, onun əsasən türk, fars və ərəb dillərində yazdığını, əsərlərində Allah sevgisinə, insanın tərənnümünə geniş yer ayırdığını, insanları öz bacarıqlarından istifadə etməyə və özlərinə dəyər verməyə təşviq etdiyini diqqətə çatdırır. Böyük Azərbaycan şairi Füzuli, Osmanlı sultanı Süleyman və Qaraqoyunlu hökmdarı Cahan Şahın Nəsimi poeziyasından təsirləndikləri də məqalədə qeyd olunur.
Daha sonra isə Nəsiminin türkcə və farsca yazılan “Divan”ları barədə oxuculara qısa məlumat verilir.