XX əsr tarixi hadisələrinin canlı ensiklopediyası: Sara Aşurbəyli

A- A A+

“Mənim kitablarımda Stalindən, Bağırovdan, Xruşşovdan, Qarbaçovdan, Lelindən, Brejnyevdən sitatlar görməzsiniz. Onlar mənim ürəyimi parçalayıblar, məni doğmalarıma həsrət qoyublar...”

O, Azərbaycanın ilk qadın tarix elmlər doktorudur. Onun həyatı demək olar ki, mübarizə dolu günlərlə keçib. Təsadüfi deyil ki, onu XX əsrin tarixi hadisələrinin canlı ensiklopediyası adlandırırlar.

Əməkdar elm xadimi, tarixçi-alim Sara Aşurbəyli 1906-cı il yanvar ayının 27-də Bakı şəhərində anadan olub. O burada fəaliyyət göstərən müqəddəs “Nina” qızlar məktəbində təhsil alıb. 1918-ci il hadisələri ilə əlaqədar ailəsi ilə Türkiyə Respublikasına köçən Sara yarım qalan təhsilinə Janna-Dak kollecində davam edir. Sonra vətənə qayıdan Sara Aşurbəyli Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. Ali təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Xarici dillər fakültəsində davam etdirən görkəmli xadim burada o, qərb dillərindən ingilis, fransız, alman, şərq dillərindən isə ərəb, fars və türk dillərini mükəmməl öyrənir. Ali təhsilini başa vuran Sara xanım Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda isə dekanı vəzifəsində çalışıb. Sonralar isə o, Azərbaycan Tarix Muzeyində şöbə müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildən ömrünün son günlərinə qədər Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb. Azərbaycan mədəniyyətinə və tarixinə sonsuz məhəbbəti olan Sara Aşurbəyli təkcə tarix elmi ilə yanaşı, musiqi və rəssamlıq sənətinə də böyük maraq göstərib.

Fəaliyyəti illərində öyrəndiyi xarici dillər Sara xanımın həyatının ən çətin dövründə köməyinə çatır. Xalq düşməninin övladı adı ilə işdən azad edilən Sara Aşurbəyli öyrəndiyi dillər sayəsində Üzeyir Hacıbəyovun dəvəti ilə uzun müddət Dövlət Konservatoriyasında xarici dil dərsləri tədris edir. Rəssamlıq qabiliyyəti olan görkəmli xadim eyni ildə Dövlət Dram Teatrında dekorativ-rəssam olaraq çalışıb, ailəsinin maddi vəziyyətinin düzəlməsinə köməklik göstərib.

Sara Aşurbəyli Bakının tarixini əks etdirən bir çox qiymətli tədqiqatların, tarix, mədəniyyət, incəsənətinə dair əhəmiyyətli məqalələrin müəllifi olub. O, Azərbaycan tarixində önəmli rolu olan tarix kitablarının, elmi monoqrafiyaların, yüzlərlə məqalənin müəllifidir. Bir sıra beynəlxalq konfransların iştirakçısı olan Sara Aşurbəyli Əməkdar elm xadimi, dövlət mükafatı laureatı kimi yüksək adlara layiq görülüb. Sara Xanım “90 illiyi” yubileyi ərəfəsində Azərbaycan dövlətinin ən ali mükafatı sayılan “Şöhrət” ordeni mükafatına layiq görülüb. Qeyd edək ki, yubiley tədbirində iştirak edən Ulu Öndər Heydər Əliyev mükafatı Sara Aşurbəyliyə təqdim edərək bildirib ki, “Sizin tarixi həqiqətlərə istinad edən fundamental elmi tədqiqatlarınız Azərbaycan elminə sədaqətlə xidmətin parlaq nümunəsidir”.

Taleyinin ən sərt dövrlərində belə əyilməyib, bütün ömrünü Azərbaycan tarixinə həsr edib, misilsiz xidmətlər göstərən fədakar alim Sara Aşurbəyli 2001-ci il iyulun 17-də, 95 yaşında vəfat edib.

Görkəmli alimin yaratdığı tarixi irs hələ neçə-neçə nəsillər tərəfindən bəhrələnərək xatirəsi yaşadılacaq.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: