Mən burdayam, İlahi - FOTOLAR

A- A A+

Ayrılıq mehriban,

Ayrılıq doğma.

Gəlmə.

Ayrılığın evini yıxma.

Arzular dirçələr, yuxum çin olar,

Otaqda gərəksiz gülüşlər dolar,

Məndən küsüb gedər incik şeirlər.

Sevinclər içində təklənər kədər.

Əzablar içində yaşayım yenə

Xeyli dərd lazımdır ölməkçün mənə

Gəlmə,

Gəlmə...

Belə qalım azadam,

Azad.

Mənə bu dünya da, o dünya da yad.

Bu gün Azərbaycan ədəbiyyatında qəlbsiz şeirlər yazıb, Allah üçün darıxan, ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür.

"Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin"  deyən şair iki dəfə ailə qursa da, həyatından heç zaman razı qalmayıb. Birinci evlilikdən iki qızı olan şair, qızının  aktrisa və müğənni olmasına qəti şəkildə qarşı çıxaraq deyib: “Ay qız, yox e, yox, olmaz, sən hara, səhnə hara, mənə müğənni qız lazım deyil. Oxumaq istəyirsən, gəl bizə, anam Xavəri də çağıraq, oturaq sənə qulaq asaq, əl çalaq, amma səhnədə olmaz. Aktrisa da olmağını istəmirəm, mənim bir Afaq Bəşirqızım var, ikinciyə ehtiyac yoxdur”.

Ölümündən 10 il keçsə də, bütün ədəbiyyatsevərlər arasında şablonsuzluğu və fəlsəfi şeirləri ilə dillərdə gəzir.

                                                               Allah, nə var, nə yox?

                                                              Məndən nə xəbər var?

                                                              Gecələri özüm sayaram,

                                                              Üzümə açılacaq necə səhər var?

                      Bəyənəcəksənmi məni,

       Bəndəni hansı gözlə görəcəksən?

                    Allah,

                    Özüm gəlim,

                    Ya kimisə göndərəcəksən?

“Mən burdayam, İlahi” deyən söz ustası 1939-cu il iyunun 5-də məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. 1956-cı ildə Bakıdakı Bülbül adına Musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano təhsili alıb.

1963-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında müəllim olaraq işə başlayan Vaqif Səmədoğlu, 1968-1973-cü illərdə “Azərbaycan Sovet Ensiklopediyası” Baş redaksiyasında “İncəsənət” şöbəsinin müdiri, 1973-1975-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ssenarist, 1978-1982-ci illərdə “Yazıçı” nəşriyyatında redaktor, 1982-1985-ci illərdə yenidən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə isə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. Şair, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı  və Azərbaycan Parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub. Əsərləri vaxtaşırı dövri mətbuatda dərc olunan şair, 4 kitab, 8 dram əsəri, saysız-hesabsız şeir və 23 filmin ssenari müəllifidir. Əsərləri bir çox xarici dillərə tərcümə edilən şairin kitabları MDB ölkələrində, Türkiyə və İranda  nəşr olunub. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli şair 2015-ci il yanvarın 28-də, 76 yaşında vəfat edərək Fəxri Xiyabanda, atasının yanında dəfn olunub.

Şair kimi yox, şeir kimi ölmək istəyən ustad yuxun şirin olsun!

                                                Şair kimi yox,

                                                Şeir kimi ölmək istəyirəm…

                                                Oxunmaq arzusuyla yaşayıram

                                                Əvvəldəna axıra

        Kimi oxunmaq…

        Əzbər qalmaq istəyirəm

       Kimsənin yadında!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: