NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” sərgisi açılıb. Sərgidə “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir”, “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində“, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”, “Naxçıvan tarixi”, “Naxçıvan xanlığı”, “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, “Gümrü, Qars və Moskva müqavilələri”, “Behbud ağa Şahtaxtinski: sənədlər və materiallar”, “Naxçıvan Muxtar Respublikası-90”, “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” və digər kitablar nümayiş etdirilir.
Sərgidə həmçinin 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması, onun Azərbaycan tarixində əhəmiyyəti haqqında geniş məlumat verilir. Qeyd olunur ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası həm tarixi keçmişi, həm də mədəniyyəti ilə zəngin bir diyardır. Muxtar Respublika ötən illər ərzində çox böyük inkişaf yolu keçib. Yeni, gözəl memarlıq quruluşuna malik binalar tikilib, müasir yollar salınıb, bir çox təhsil müəssisələri yenidən qurulub və istifadəyə verilib. Xüsusilə Muxtar Respublikada elm və mədəniyyət sahəsində böyük işlər görülüb. Bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin milli mədəniyyətin inkişafına göstərdiyi qayğının nəticəsidir.