Ürək darıxır, amma çarə yox, ömürlük həsrət qalıb əsl sevgisinə, məhəbbətinə... nisgili böyük, elə böyük ki, ikiyə bölünmüş iki Vətən boyda...
Taleh elə gətirdi ki, o, körpəliyindən doğmalarını itirməklə başladı, həyata. Öncə atasını, beş il sonra isə anasını itirən xalqın mərd, fədai şairi sonra da mühacir həyatı ilə beləcə, hər yaşında həyatın sərt üzünü gördü...
Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan Əli Əliqulu oğlu Cavadzadə 1924-cü il yanvar ayının 31-də Bakı şəhərində dünyaya göz açıb. Nənəsi Qərib xanımın himayəsində böyüyən şair, əslən Cənubi Azərbaycanlı olduğuna görə 1937-ci il repressiyasının sərt dalğasının qurbanlarından biri olur. İrana sürgün edilən Əli Tudə bir müddət böyük çətinliklərlə qarşılaşır. Mübarizə dolu günlərini qələmə alan gənc şair şeir parçasında dövrana şikayətini bildirir:
Sən ey baxıb neçə yerə,
Nəsə xəbər alan dünya!
Heç demirsən bircə kərə,
Nə təhərdi balan, dünya!
Cənubi Azərbaycanda başlanan milli azadlıq hərəkatı Əli Tudənin həyatında yeni bir səhifə açır. Ən gənc yaşlarında xalqının azadalığı üçün fədakarlıq göstərən şair o dövrünü belə danışır: “Ömrümün çoxunu döyüşlərdə, zindanlarda keçirmişəm, səngərlərdə yatmışam, dincəlməyə imkanım da olmayıb, ağızdolusu gülmək də qismətim olmayıb, amma daim çalışmışam, azadlığa da çıxmışam-çalışmışam, ümüd də itirmişəm-çalışmışam, şeir də bitirmişəm, yenə də çalışmışam, mən bir də görüş vaxtı güləcəyəm, səsim Araz boyunca axacaq, Arazın ləpələri ipək sap kimi ayrılmış ürəkləri bir-birinə tikəcək...”
Milli azadlıq hərəkatının fəallarından biri olan Əli Tudə qələmə aldığı milli ruhda şeirləri ilə xalqı mübarizəyə səsləyir. Cənubi Azərbaycanda milli hökumət yarandıqdan sonra o, milli hökumətin Maarif Nazirliyində işləyib, “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Eyni zamanda, Tudə böyük çətinliklərlə də olsa, İran tarixində ilk dəfə Təbrizdə Milli Filarmoniyanın yaradıcısı olur. “Öz gözlərimlə” kitabında şair qeyd edir: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.
Həmin dövrdə cəmi 22 yaşlı olan gənc şair vətənə xidmətləri qarşısında ali mükafatla, “21 Azər” medalı ilə təltif edilir. Ancaq qısa ömürlü milli hökumət İran dövləti tərəfindən tezliklə boğulur. Xalqı azadlığa səsləyən Əli Tudənin milli ruhlu kitabları mətbəədə yandırılır. Gənc şair haqqında xüsusi fərman verən şah: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”-deyir.
Yenidən mühacirlik həyatına düçar olan şair sovet pasportunu qəbul etməyərək bu mühacirəti ömürlük talehinə çevirir.
Mən öz qardaşıma mehman gələndə,
Bir qələm, bir dəftər, bir can gətirdim.
Dağların döşünü toplar dələndə,
Bir ləkə düşməyən vicdan gətirdim.
Bakıya qayıtdıqdan sonra Bakı Dövlət Universitetində ali təhsil alan şair, elə həmin dövrdə “Ədəbiyyat” qəzetinin redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərir. Daha sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, “Azərbaycan” qəzetində şöbə müdiri vəzifəsində işləyir. Bu illərdə görkəmli şair SSRİ Yazıçılar İttifaqının üzvü, 1960-cı ildən isə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü olub, Əmək veteranı, Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.
Gənc şair Şimali Azərbaycanda uzun müddət yaşasa da, yurd həsrətini köksündə gəzdirib və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qalır. O, 60 illik yaradıcılığında poeziya yolunda yorulmadan çalışıb - “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan”, bir sözlə, 50-dən çox poemanın, 40-dək kitabın müəllifi kimi ədəbiyyat tariximizdə böyük Əli Tudə irsini yadigar qoyub.
Xalq şairi Nəriman Həsənzadə şair haqqında fikirlərini bildirərək - “Ona ömrünün axırına kimi Cənubi Azərbaycana, Təbrizə, Ərdəbilə, doğma kəndinə getməyə imkan vermədilər. O tərəf İran, bu tərəf sovet. İki imperiya bir şairdən qorxdu!”,- deyib.
XX əsr Cənubi Azərbaycan poeziyasının klassiklərindən biri kimi qiymətləndirilən Əli Tudə 1996-cı il fevral ayının 26-da Bakı şəhərində vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn olunub.
Dövlətimizin diqqətindən kənarda qalmayan görkəmli şairin 100 illik yubileyi ərəfəsində “Əli Tudə 100” adlı kitabı çapdan çıxıb. Kitabın birinci bölməsində İlyas Əfəndiyev, Məmməd Rahim, Mehdi Hüseyn, Cabir Novruz, Söhrab Tahir, Nəriman Həsənzadə, Cəfər Xəndan və digər ədəbiyyat nümayəndələri şair haqqında yazdığı məqalələr yer tutub.
Azərbaycan xalqının yaddaşında azadlıq şairi kimi qalan Əli Tudənin ilk və son misralarında vətənə həsrəti nisgili duyulur…
Həsrət çəkməyən bilməz,
Həsrət nədir dünyada...
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı