Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

A- A A+

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk peşəkar aktrisalarından olan Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyevanın doğum günüdür. O, 1909-cu il fevralın 15-də Rusiyanın Qazan şəhərində anadan olub. Əslən Bakıdan olan həyat yoldaşı ilə ailə qurduqdan sonra Azərbaycanda yaşayıb.

Naxçıvan teatrında uzun illər öz sənət bacarığı, istedadı ilə tamaşaçıların sevimlisinə çevrilən Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva  ömrünü bu teatra həsr edən təkrarolunmaz sənətkar, Xalq artisti Sofya Hüseynovanın anası, Xalq artistləri Rəfael Dadaşovun və Rövşən Hüseynovun nənəsidir. Bu gün Naxçıvanda çox az ailə var ki,  üç nəsil bir sənətin davamçılarını yetişdirsin. 

Bu ailənin sənət ənənəsinin banisi təbii ki, Xədicə xanımdır. O, 1920-ci illərdə Naxçıvana ezam olunan hərbçi həyat yoldaşı ilə muxtar respublikaya gələndə teatrda onun kimi qadın aktrisalara çox ehtiyac var idi. Ona görə də, Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva teatrda işləmək üçün müraciət edəndə onu məmnuniyyətlə truppaya qəbul etdilər. Bu gənc, istedadlı aktrisanın peşəkarlığı ilk illərdən teatrın truppasının işini xeyli asanlaşdırdı. Çünki uzun illər Bakıdakı teatrda olduğu kimi, Naxçıvan teatrında da qadın rollarını ya kişilər, ya da qeyri-millətlərin nümayəndəsi olan, Azərbaycan dilində danışmaqda çətinlik çəkən qadınlar oynayırdı. 1923-cü ildə Naxçıvan teatrına Dövlət Teatrı statusu verilib. Muxtariyyət illərində isə Bakıdan qadın aktrisalar teatra dəvət alıblar. Amma onlar da bir neçə tamaşa oynayandan sonra yenidən geri qayıdırdılar. Nəticədə isə peşəkar qadın aktrisalar sarıdan teatrda ciddi boşluq hiss olunurdu. Məhz həmin vaxtlarda Xədicə xanımın Naxçıvana gəlişi teatr ictimaiyyətini sevindirdi. İstedadı ilə seçilən aktrisanın Naxçıvan teatrında ilk rolu “Qaçaq Kərəm” pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının “Sevil” əsərində Edilyanı, Hüseyn Cavidin “Şeyx Sənan” faciəsində Xumarı oynayıb. Onun oynadığı rolların sayı 150-dən artıqdır. Bu isə Naxçıvan teatrında çox az sənətkara qismət olan bir taledir.

1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adını alan Xədicə Qazıyeva bu teatrın səhnəsində maraqlı obrazlar yaratmadı, onun sənətinin təsiri ilə bu sənət məbədində  bütöv bir aktrisalar nəsli yetişdi. Səhnədə dinamikası, tərəf müqabilini hiss etməsi və ən əsası oynadığı obrazın daxili aləmini açmaq bacarığı onu tamaşaçılarla bərabər sənət yoldaşlarının da sevimlisinə çevirmişdi. Azərbaycan Respublikasının Əməkdar artisti  Xədicə Qazıyeva sənətə o qədər vurğun idi ki, onun bu sevgisi ailəsinə də təsirsiz qalmadı. Xədicə xanımın qızı Sofya da aktrisa olmaq qərarına gələndə bu, anasını heyrətləndirmədi. Çünki o, qızının istedadına yaxşı bələd idi. Naxçıvan teatrının səhnəsində 100-dən artıq rol oynayan  Sofya Hüseynova sənətdə qazandığı uğurlarla bunu sübut etdi.  Xalq artisti fəxri adına, “Şöhrət” ordeninə sahib oldu. Maraqlı burasıdır ki, Xədicə Qazıyevanın iki nəvəsi-Sofya Hüseynovanın övladları Xalq artistləri Rəfael Dadaşov və Rövşən Hüseynov da bu gün nənələrinin sənət yolunu davam etdirirlər.  

Azərbaycan Respublikasının Əməkdar artisti Xədicə Qazıyeva 1991-ci ildə Naxçıvan şəhərində vəfat edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: