NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A.S.Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova bildirib ki, əsərdən də məlum olduğu kimi Aleksandr Sergeyeviç Qriboyedov diplomat olub. O, fəaliyyəti dövründə Azərbaycana və azərbaycanlılara dərin hörmətlə yanaşıb. A.Qriboyedov 1818-ci ildə İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunandan sonra İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb. Əsərdə Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adları çəkilir. Əsərdə diplomatın Azərbaycan ərazilərinə ermənilərin köçürülməsinin birmənalı şəkildə əleyhinə olduğu öz dolğun əksini tapıb.
Qeyd edək ki, “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilib.
Mədinə Rəhimli