Naxçıvan kitabsevərlərinə şad xəbər: Açıq kitabxana yolda

A- A A+

Ötən gün ictimaiyyətə açıq elan edildi ki, Bakı və Naxçıvan şəhərlərində, həmçinin işğaldan azad olunmuş ərazilərdə “Açıq kitabxana” layihəsin yaradılması nəzərdə tutulub. Aidiyyəti qurumların layihə ilə bağlı müzakirəsi keçirilib və qeyd olunub ki, ilkin olaraq elektron köşklər qurularaq oxucuların istifadəsinə veriləcək. Burada kitabı  həm oxumaq, həm də dinləmək üçün səmərəli imkanlar yaradılacaq. Yeni yaradılacaq açıq kitabxana həm ənənəvi, həm də elektron qaydada xidmət göstərəcək.

Bu layihənin bir çox maraqlı və üstün cəhətləri var.

-Kitabxana açıq və pulsuz olduğu üçün kitabsevərlər, tələbələr və tədqiqatçılar üçün faydalı olacağı qaçılmazdır.

-Gənclərin və yerli əhalinin bilik səviyyəsini artırmaq, vaxtı səmərəli keçirmək, ən əsası, mütaliəyə maraq yaratmaq üçün əhəmiyyətli layihədir.

-Bölgəyə gələn turistlərə Naxçıvan ədəbi mühitini və irsini geniş tanıtmağa kömək edəcək.

-Hər kəs elektron kitabxana imkanlarından yararlana biləcək və praktiki təcrübə imkan verəcək ki, kitabsevərlər ölkədən kənara çıxdıqda bu xidmətlərdən rahat şəkildə istifadə etsinlər.

-Günün istənilən vaxtında oxucuları bir məkanda toplayaraq kitabsevərləri daha da yaxınlaşdıracaq. Oxu yarışmaları, kitab müzakirələri üçün tam əlverişli şərait yaranacaq.

-Açıq məkanda təbiətlə iç-içə olduğu üçün şəhərin yaşıllaşdırılmasına da öz faydalarını verəcək.

Bu cür kitabxanalar dünyanın bir çox yerində uğurla fəaliyyət göstərir. Bəs Naxçıvanda necə, fəaliyyət göstərə biləcəkmi? Mütəxəssislər bu haqda nə deyir?

Oxumaq daha asan olacaq

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat katibi Məmməd Hüseynli NUHÇIXAN-a  müsahibəsində bildirdi ki, müasir dönəmdə informasiyanın əldə edilməsi üçün alternativ resursların çoxalması nəticəsində etibarsız məlumatların emalı və mənimsənilməsinə münbit şərait yaranmış, eyni zamanda istifadəçilərin ənənəvi mütaliə mənbələrinə müraciətləri azalmışdır. Hazırda bütün dünyada mütaliə mədəniyyətinin inkişafı və oxucuların (istifadəçilərin) düzgün orientasiyası məqsədilə dövlət qurumları və ictimai birliklər tərəfindən ciddi büdcəsi olan sosial layihələr reallaşdırılır. Kitabın, digər etibarlı informasiya mənbələrinin oxuculara daha yaxın və əlçatan olması məqsədilə insanların ən sıx toplaşdığı və dinamik olduğu məkanlarda ödənişsiz “mütaliə köşkləri” yaradılır.

Beynəlxalq təcrübə göstərir ki, belə layihələrə cəmiyyətin özü təbii formada tərəfdaş kimi qatıldığı təqdirdə proyektin mexanizmi sistematik işlək vəziyyətdə olur və çox ciddi töhfələr verir. Dünyada bu istiqamətdə özünü doğrultmuş layihələr “BookCrossing” kimi geniş areala yayılaraq əlçatanlığı maksimum təmin edir.

Köşklərdə mövcud olan kitablar zamanla kitabsevərlərə hədiyyə olunacaq

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Aygün Heydərli qeyd etdi ki, bu layihənin həyata keçirilməsi əhalinin mədəni-intellektual istirahətini təmin etmək, asudə vaxtın səmərəli təşkili, sağlam həyat tərzi və aktiv mütaliə mədəniyyətinin formalaşdırılması baxımından  çox əhəmiyyətlidir.

Digər sevindirici hal isə layihənin ilkin olaraq ölkədə üç yerdə – Bakı şəhərində, Naxçıvanda və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilməsidir. Bu heç də təsadüfi deyil, təbii ki, Naxçıvan diyarı tarixboyu zəngin ədəbi ənənələrə malik olmuş, Azərbaycan ictimai, ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Layihənin icrası üçün ilkin olaraq köşklər qurulacaq və burada çap məhsulları yerləşdiriləcək. Yaradılan köşklərdə  Azercell tərəfindən göstəriləcək “Bookmate”  xidməti vasitəsilə oxucular milli və dünya ədəbiyyatı şedevrlərini EPUB (Electronic Publication) formatında oxuya, eyni zamanda audio kitabları dinləyə biləcəklər.

“Açıq kitabxana”da “Uşaq guşəsi”, “Dövri mətbuat bölməsi”, “Açıq rəf”, “Milli musiqi guşəsi”, “azad wi-fi zonası”, “Kitabı kitaba dəyişmək guşəsi” və Milli Kitabxananın elektron kataloquna və kitabxanasına giriş oxucuların istifadəsinə veriləcəkdir.

Köşklərdə mövcud olan kitablar zamanla kitabsevərlərə hədiyyə olunacaq və yeni kitablarla zənginləşdiriləcək.

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: