İlk ekran əsəri “Görüş”lə kinorejissorluq sənətində özünəməxsus yer tutan rejissor Tofiq Tağızadə uğurlu filimləri ilə öz bacarıq və peşəkarlığını sübut edib. Daha çox “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki, gözəl deyildim” filimləri ilə xalqın sevgisini qazanan rejissor öz yanaşma tərzi ilə milli kinomuza yeni üslub gətirib.
NUHÇIXAN xəbər verir ki, bu gün milli kinomuzun inkişafında misilsiz xidmətləri olan, çəkdiyi filimlərdə yaratdığı maraqlı epizodlarla yadda qalan Xalq artisti Tofiq Tağızadənin 106 yaşı tamam olur.
1919-cu il fevral ayının 7-də Bakı şəhərində anadan olan Tofiq orta təshilini başa vurduqdan sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil olur. Ali təhsilini bitirib Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan gənc rejissor milli kinomuzun inkişafı yolunda fəaliyyət göstərib, kino tarixinə yeniliklər gətirir.
Bu sahəyə ömrünün 40 ilə yaxın dövrünü həsr edən Tofiq Tağızadə çəkdiyi filmlərlə Azərbaycan kinosunun ən nadir nümunələrini yaradıb. Tam əminliklə deyə bilərik ki, gənc rejissorun yaratdığı filimlər tarixən yarım əsiri ötsə də, mövzu və ideya baxımından bu gün də aktuallığını qoruyub saxlayır. Onun “Görüş”dən sonra çəkdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmlərində ölkəmizin tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb.
Qeyd edək ki, kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alan Tofiq Tağızadə uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib. Bu illər ərzində göstərdiyi bütün fəaliyyətlərə görə Tofiq Tağızadə Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti fəxri adlarına, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına, “Şərəf nişanı” və “Oktyabr inqilabı” ordenlərinə layiq görülüb.
Onun sənətinə olan sevgisi yaşı ötsə də, fəaliyyət göstərməsinə mane olmurdu. Ömrünün son illərində xüsusi studiya yaradan Tofiq Tağızadə amansız əcələ görə işlərini başa çatdıra bilmədi. 1998-ci il avqustun 27-də görkəmli rejissor 79 yaşında Bakı şəhərində vəfat edib.
Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirən və mədəniyyət tariximizdə dərin iz qoyan Tofiq Tağızadənin xidmətlərini ölkə Prezidenti İlham Əliyev yüksək qiymətləndirərək rejissorun “100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncamla respublika daxilində Tofiq Tağızadənin həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Görkəmli rejissorun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də yeni formalaşan gənc rejissorlara əsl məktəb rolunu oynayır. Peşəkar sənətkarın çəkdiyi filimlər hələ neçə əsirlər keçsə belə, onu xatırladacaq və xatirələrdə yaşadacaqdır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı