Zərif Qadınların daha bir zərif üzvü oxucularını və poeziyaya dəyər verən ictimaiyyət nümayəndələrini sözün işığına qərq etdi.
Əzizə Həsənova - bu ad yəqin ki çoxlarına tanışdı. Tanımayanlar da var əlbəttə. Mən də elə ruhu enerji dolu, urəyi kəpənək ürəyi kimi zərif, hər kəlməsi ilə insanlara xoşbəxtlik bəxş edən “şeir qadın”ı sizə az da olsa tanıtmaq istəyirəm.
Əzizə xanım Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Naxçıvan qadınlarının yaradıcığına işıq tutan, təbliğ edən Heyran xanım adına “Zərif Qadınlar Ədəbi Məclisi” nin pozitiv ruhlu gənc xanımıdır. Prezident təqaüdçüsüdür. Dörd kitab-“Mavi gözlü Xəzərim”, “Sevgi nəğməkarı”, “Olmamaqdı bu olmaq”, “Əsmanur” adlı kitabların müəllifidir.
“Zərif kölgələr”, “Çinar ömrü”, “Vətən mücahidləri”, “ Azad qələm” və 2024 – cü ildə Naxçıvan Muxtar Respubikasının yüz illiyinə həsr olunmuş, naxçıvanlı qadın yazarların əsərlərində, həmçinin “Zərif Qadınlar Ədəbi Məclisi” nin dəstəyi ilə nəşr olunmuş “Yüz ilimin sədası” antologiyasında şeirləri çap olunub.
Əzizə Həsənovanın “ Daha çox əl, daha az vida” kitabı oxucuların görüşünə beşinci könül nərdivanı olaraq imzasını qoyur. Kitabın redaktoru və ön sözün müəllifi Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigardı.
Təqdimat tədbirini giriş sözü ilə şair, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu açaraq qeyd etdi ki, Əzizə xanımı tələbəlikdən tanıyır və o, ədəbi dərnəklərdə keçirilən müzakirələrdə hər zaman fərqli qələmə məxsus olduğunu göz önündə sərgiləyən, bu gün oxucusunu yanıltmadığını təsdiq edən söz adamıdır.
Sonra filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova Əzizənin yaradıcılığında diqqəti çəkən yeni ifadələrdən söz açdı. Etdiyi təhlilərdə onun dil uslubunun özünəməxsusluğunu vurğuladı.
Naxçıvan Dövlət Universitetində Əzizənin müəllimləri olmuş, yaradıcılığının ilk addımlarına şahidlik etmiş dəyərli ziyalılarımız filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim İman Cəfərli, tənqidçi, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimli, şair, Əməkdar müəllim Mirkərim Həsrət, Əməkdar Mədəniyyət işçisi, şair Ümbülbanu Musayeva, “Zərif Qadınlar Məclisi”nin üzvləri müəllifə yaradıçılıq uğurları arzuladılar.
Tədbirin sonunda müəllif ailəsinə və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Təranə Arifqızı
Şair-publisisit, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Heyran xanım adına “ Zərif Qadınlar Məclisi” nin rəhbəri.
Əzizə Həsənova qələmindən bir neçə şeir
BİR YANIM HUZUR DOLU,
BİR YANIM HÜZÜN DOLU
Saçları üzümə dağılmış qızam
Mələklər çiynimdə nə hacət çəkir?
Bütün günahsızlar mərmiyə tuşkən,
Canım içimdəcə xəcalət çəkir.
Ay ALLAH, bu dünya gəl, gör nə yerdə?
Göylərdə yaşamaq xoşuna gəlir?
Yaradıb atmısan bu yer üzünə,
Aldığım nəfəs də boşuna gəlir.
Gəl, insan ömrünü biraz SƏN yaşa
Yarı ac, yarı tox, yarım tən yaşa.
İstəsən qoy ölək qayıdaq başa,
Bu Yer kürəsini təzələ, ALLAH!!!
GİLANAR MÖVSÜMÜ
Mən kitab deyiləm, dua kitabı,
Əl açıb Allaha sığın əhvimə.
Arabir çevirib boş vərəqləri,
Sonra qaldırasan kitab rəfinə.
Geyəsən ən gözəl mavi donunu
Topla saçlarını mən bəyəndiyim
Bir söz var deyir eee dağlar sənə də,
Nə boyda qar yağdı mən güvəndiyim.
Beləcə fəsillər illər ötdü də,
Könlünə yatmadı xoş nəğmələrim.
Unuttun, unutdu, unudulanlar,
Qalacaq qəlbimdə ayaq izlərin...
BELƏDİR
Qalmayıb ee o sevgilər...
Partalarımızın üzərinə ürək şəkli çəkdiyimiz
Ortasında baş hərflərimizi yazdığımız...
Məsum, saf niyyətlərin istəyi...
Evlərinə dəfələrlə zəng vurub səsini eşitmək üçün
utanaraq ata və anasından istədiyimiz
bəyaz rəngli üzrlərimiz.
"Səhv düşmüşük bağışla" ilə bitirdiyimiz ağ rəngli
yalanlarımız...
Qalmayıb o sevgilər...
Xatirə dəftərlərində "Sevdiyiniz var"? sualına
yazdığımız ürəyimizin boşluğunu dolduran yoxlar...
İndi hərşey fərqlidi. Hər şey...
Eyni doğulsaq da fərqli cür yaşlanırıq.
Fərqli şəkildə doğulsaq da, eyni cür ölürük.
Hərəmiz bir intiharın fərqli biçimlərdə bir çiyinlik tabutlarıyıq...
ARABİR
Arabir üşüyürəm
Bir qucaqlıq canım var.
Havanın da sərt üzü,
Hərdən xəzri, gilavar.
Bilmirsən ee sən məni,
Yaman dəymədüşərəm.
Qorxdun ki, aşiq olub,
Ürəyinə düşərəm?
Hər bar verən ağacın
Meyvəsi şirin olmaz.
Hər əsən küləyin də,
Havası sərin olmaz.
Bir qucaqlıq canım var
Üşüyürəm arabir.
Adımı da unutdum,
Çağır məni Sara bir.
Sellər aparsın Saranı
Yod vur sağaltsın yaranı
Gözlədiyin yol adamı
Gözlə gələcək arabir.
BƏHANƏ PAYIZ
Yenə xəstələnmişəm,
Yenə soyuq bədənim.
Bu soyuq əllərimi,
İsitməzmi həsrətin?
Bu payız da bəhanə
Ruhumun otağında.
Dəvətsiz qonaq kimi,
Uzanıb yatağımda.
Sarı xəzəl saçını,
Hörüm payız ömrünə
Payız unutqan olur
Fəsillərdən sən demə.
Unut, unut bu payız məni
Söz,.... qalsın aramızda.
Unutmağın özü də,
Bəhanədir payıza...
KƏPƏNƏK ÖMRÜ
Qazan dibi tutmuş ayrılıqların
Gözümə çəkdiyim yolu gödəkdir.
Kəpənək ömrümü elə yaşadım,
Kəpənək özü də bilməyəcəkdir.
Təqvimi illərə naxış düzdüm eee,
Toylarda bilsəniz necə süzdüm eee,
Elə dənizlərdə elə üzdüm eyy,
Kəpənək rəqsinə bürünəcəkdir.
Özgənin gözündə tiri görmədim
Yeddini götürdüm, biri görmədim.
Sağolsun ölənlər diri görmədim
Kəpənək həbsində sürünəcəkdir.
BİR GECƏ YARISI GƏLSƏN ANİDƏN
Bir gecə yarısı anidən gəlsən,
Səpsən xatirəni otaqlar dolsa.
Sən qoxsa üst-başım çayım dəm alsa
Bir gecə yarısı anidən gəlsən...
Gecədən ruhuma qaranlıq çöksən,
Payız torpağıma çiçəklər əksən
Sən də mənim kimi sevgidən təksən
Bir gecə yarısı anidən gəlsən...
Yoxmu bu gecənin qəfil qonağı?
Topla gəl nəzəri, gözü, qınağı,
Qulağım səsdədir çatar sorağı
Bir gecə yarısı anidən gəlsən...
Anı gəlişlərin sığmaz illərə
Ayları gah vurdum, çıxdım illərə
Daha nə qaldı ki, dörd fəsillərə
Bir gecə yarısı gəl, Sən anidən...
VƏTƏN DƏRSİ
VƏTƏN! Səndən başlayır ömrümün tarix dərsi,
VƏTƏN! Səndən başlayır ömrümün payız fəsli.
Dənərlənib qar kimi səpildin şəhidlərin torpaq-torpa izində...
Gözyaşları qurudu anaların köksündə
Əkdiyimiz arzular bayrağına büründü.
And yeri oldu VƏTƏN!
Vətən başın sağolsun məzarında daş oldu.
Gözüyolda yarların barmağında qaş oldu.
Neçə vağzalı səsi, neçə körpə nəfəsi,
Səndən başladı Vətən.
Nöqtəsin də qoy artıq!
Qarabağ!!!
Azərbaycan!
Səndə dayansın vətən.
Damla-damla könlümün həzin nəğməsisən sən.
Yurdumun ay-ulduzu, üç rəngli bəzəyisən.
Səndən başladı Vətən dalğalandı göylərdə,
Qapılarda, evlərdə, pəncərələrdə andın
Sən tarixi yenidən qürurla təkrarlatdın!!!
Bayrağım!!!
Qarabağa sancıldın gah parladın, gah söndün,
Xudayarlar köksündə sonsuz dastana döndün.
Şəhidlərin qanıyla döyundükcə döyündün
Bütöv Azərbaycanım,
Zəngilanım, Laçınım!
Xarıbülbül Bayrağım!
NƏQŞİCAHAN
Ey ruhumu qarış-qarış göyüzündən yerüzünə sipər kim naxışlayan Naxçıvanım.
Su yaddaşı ömür-ömür sevgi payım, könüllərə məhəbbəti bağışlayan Naxçıvanım!!!
Ana yurdum, qəlb ocağım,
Sevgi payım, nur çırağım
Fəsil-fəsil dəyişənim,
Nəfəs nəfəs alacağım mavi səmam, göy dənizim,
Bayrağımın üç rəngində dalğalanan mələklərin qanadısan.
Ucadan da ucadasan
Əzəmətli Şah dağımsan
“Könlümün sevgili məhbubu Vətən"
El bilir ki, misramdakı Şah beyitim...
Xudayarın dastanında,
Azərbaycan Ürəyimsən.
Xarıbülbül səsi gələn,
Şəhidimin məzarında solmayacaq güllərimsən.
Nəfəsimsən, həvəsimsən, ayə-ayə, dua-dua, təkrar-təkrar içimdəcə eşq səsimsən.
"Səndən ötən mənə dəydi!
Məndən ötən sənə dəydi"!
Məmməd Araz, Cavidlərin Heydərimin məskənisən.
Sən bir bütöv Azərbaycan, dünyamızın gur səsisən.
Dolub daşan selmi deyim?
Yurdum-yuvam elmi deyim?
Tariximin yaddaşından toplandıqca çıxılmayan Nəqşicahan.
Tükənməyən ilmi deyim?
Təkrar-təkrar oxuduğum nəğməmsən Sən...
Sənə Alqış...
Sənə Əhsən...
Nəqşicahan, Nəqşicahan!!!