Naxçıvanda Cəlil Məmmədquluzadənin anadan olmasının 156 illiyi qeyd olunub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, görkəmli yazıçı, dramaturq, naşir Cəlil Məmmədquluzadənin Ev Muzeyində anadan olmasının 156 illiyi münasibəti ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova bildirib ki, bu gün Qoca Şərqin qapısı olan Naxçıvanımızın xalqımıza və dünyaya bəxş etdiyi əvəzolunmaz şəxsiyyətlərdən biri olan Cəlil Məmmədquluzadənin doğum günüdür. 156 il bundan öncə dünyaya göz açan böyük ustad Azərbaycan ədəbiyyatı tarixində bir günəş kimi parladı və illər, əsrlər keçsə də Azərbaycan xalqı var olduğu müddətdə onun işığı əsla sönməyəcək. Çünki, onun yaradıcılıq irsi böyük bir xəzinədir. Bizlər və bizdən sonra gələn nəsillər bu irsdən, bu xəzinədən bəhrələnəcəkdir. "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi uğrunda xidmət etməkdir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İman Cəfərli "Azərbaycan ədəbiyyatı və mətbuatında Cəlil Məmmədquluzadənin imza atdığı ilklər", Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Surə Seyid "Cəlil Məmmədquluzadə və azərbaycançılıq məfkurəsi", Naxçıvan Dövlət Universitetinin müəllimi Gülay Tahirli "Cəlil Məmmədquluzadə yaradıcılığında qadın hüquqları " mövzularında çıxış ediblər.
Tədbirin sonunda İman Cəfərli yeni işıq üzü görən " Molla Nəsrəddin jurnalı və şərq ədəbiyyatı" kitabını muzeyə hədiyyə etmiş və muzeydə nümayiş olundan "Cəlil Məmmədquluzadə 156" başlıqlı sərgiyə baxış olub. Sərgi haqqında muzeyin baş fond mühafizi-elmi işçisi Murad Nəcəfzadə tədbir iştirakçılarına ətraflı məlumat verib.