“Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa”,-deyən İslam Səfərlinin bu gün doğum günüdür
Günlər keçir birəm-birəm,
Bir uğurlu yol gedirəm.
Yurdumuzu vəsf edirəm,
Əldə qələm, dizdə varaq,
Mənə qalan bu olacaq.
Tanrının ona verdiyi ömür payını cəmi 51 il yaşadı. O, bu ömürə mənalı həyat sığdırıb, yaşadığı hər günə bir yenilik və bədiilik qatıb sənətkar kimi xalqının qəlbinə yol tapa bildi. Onun yaratdığı poetik nümunələrə mahnılar bəstələnib, dillər zümzüməsinə, teatrlarda qoyulan pyesləri isə tamaşaçının böyük sevgisinə layiq oldu…
NUHÇIXAN xəbər verir ki, bu gün şair-dramaturq, tərcüməçi İslam Səfərlinin anadan olmasının 102-ci ildönümüdür.
İslam Səfərli 1923-cü il fevral ayının 12-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 1 nömrəli məktəbdə başa vurduqdan sonra o, könüllü olaraq Böyük Vətən müharibəsində iştirak edib. Bu illər ərzində qələmini yerə qoymayan şair müharibə mövzusunda – “Sınaq gecəsi”, “Çex qızının məhəbbəti”, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və sair biri-birindən maraqlı poemalar yazıb.
Dramaturq kimi də böyük uğurlar qazanan İslam Səfərli “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və sair əsərləri bölgələrimizdə tamaşaya qoyularaq tamaşaçı rəğbəti qazanıb. O, oçerk, novella, libretto və kinossenari, məqalələr - “İki qardaş”, “Badamlı kəndinin qızı” oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” novellaları, “İki könül bir olanda” balet-librettosu, “Şərqin qalibləri”, “Bir stəkan çay” müəllifi kimi də tanınıb. Şair eyni zamanda, tərcüməçiliklə də məşğul olaraq A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və başqa tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr edib.
Görkəmli şair özünəməxsus istedadı ilə ustadı qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə sadiq qalaraq oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarıb. O, şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın “öz rəngini, boyasını” ifadə etməyə çalışıb. Şair bu qənaətə gəlib ki, “Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa”.
“Bakı, sabahın xeyir”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və sair şairin poetik nümunələrinə 200-ə yaxın mahnı bəstələnib. Onun 18 kitabı işıq üzü görüb.
Ömrünü qısa yaşayan görkəmli şair fəaliyyət göstərdiyi illərdə bir çox medallara, 3-cü dərəcəli “Şöhrət” ordeni və “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
İslam Səfərli 1974-cü il noyabrın 6-da uzun sürən xəstəlikdən sonra vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Mən onu yaşatdım sözdə, şeirdə,
Güman yox üzünü görməyə bir də.
Onun son ləpiri düşdüyü yerdə,
İslam kimi etibarsız qalıbdır.
İncəsənət xadimi, görkəmli şairin xatirəsi dövlətimiz tərəfindən əziz tutularaq adı Xəzər dənizində üzən gəmilərdən birinə, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə və Bakı şəhərinin mərkəzi küçələrindən birinə verilib. Həmçinin şairin Bakıda yaşadığı binaya onun barelyefi-xatirə lövhəsi vurulub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı