Bu gün Azərbaycanın Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

A- A A+

1946-cı il fevral ayının 13-də Bakı şəhərində anadan olan Əliabbas Qədirov orta təhsilini 105 saylı məktəbdə bitirdikdən sonra Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olub. İnstitutda Xalq artisti, professor Mehdi Məmmədov və Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə gənc aktyorun müəllimi olub. Təhsil aldığı illərdə əmək fəaliyyətinə institutun tədris teatrında aktyor kimi başlayan Əliabbas Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” tamaşalarında maraqlı rollar yaradıb. Onun bacarığını yüksək qiymətləndirən müəllimi Mehdi Məmmədov Azərbaycan Milli Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Milli Dram Teatrına ilk addımını atan aktyor təhsilini başa vurduqdan sonra da ömrünün sonuna kimi burada çalışıb, bədii rəhbər və direktor vəzifələrini icra edib. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızda parlaq səhifələr yaradıb.

Əliabbas Qədirov oynadığı rollarda janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayan aktyor olub. Həmçinin o, aktyor təbiətilə cazibəli yumor yaradaraq diqqətcil və həssas olmağı peşəkarcasına bacarıb.

           Görkəmli sənətkar “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. O, “Sevinc buxtası” filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb.

           Bir müddət televiziyada “Komediyalar aləminə səyahət” verilişinin ilk aparıcısı olan Əliabbas Qədirov eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olaraq yeni nəsil, gənc aktyorların yetişməsində xüsusi xidmətlər göstərib.

Teatrla yanaşı, kino aktyoru kimi də məşhurlaşan sənətkar fəaliyyəti müddətində Azərbaycan SSR xalq artisti fəxri adına, Azərbaycan Respublikasının Dövlət mükafatına və “Şöhrət” ordeninə layiq görülüb.

Oynadığı tamaşaların bir qismi televiziyanın “Qızıl fond”una daxil edilən aktyor Əliabbas Qədirov ömrünün 60-cı ilində, 2006-cı il mart ayının 8-də ağır xəstəlikdən vəfat edib və İkinci Fəxri Xiyabanda dəfn edilib.

Səriyyə Salahova

Naxçıvan Televiziyasının əməkdaşı

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: