Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb

A- A A+

Son 5 ildə Azərbaycana ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və bu say 1 milyon 855 min 113 nəfər olub.

NUHÇIXAN xəbər verir ki, Media Təhlil Mərkəzinin bununla bağlı hazırladığı məlumatda bildirilir ki, ötən il Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 32,3 faiz və ya 452 min 513 nəfər çox olub. Bu artım Azərbaycanın turizm potensialının gücləndiyini, beynəlxalq bazarda daha cəlbedici məkanlardan birinə çevrildiyini və turizm sahəsində həyata keçirilən strategiyaların uğurla nəticələndiyini göstərir.

Rəsmi məlumatlar əsasında aparılan təhlil zamanı məlum olub ki, bütün dünyada olduğu kimi ölkəmizdə də turist sayı yalnız pandemiya dövründə yəni 2021-ci ildə azalıb. Həmin il Azərbaycana gələn turist sayında 11,1 faiz azalma qeydə alınıb. Aşağıdakı cədvəldən də göründüyü kimi pandemiya dövründən sonra ölkəmizə gələn turistlərin sayı hər il artıb.

Rəsmi rəqəmlərə əsasən, ölkəmizə turizm məqsədilə səfər edən xarici ölkə vətəndaşları arasında şimal qonşumuz Rusiya Federasiyasından gələnlərin sayı daha çox olub. 2024-cü ildə Azərbaycana 600 min 186 rusiyalı turist səfər edib ki, bu da ölkəmizə gələn ümumi turist sayında əhəmiyyətli paya malikdir.

Hindistan 235 min 625 turist sayı ilə ikinci sırada qərarlaşıb. Buna səbəb son illərdə Hindistanla Azərbaycan arasında turizm əlaqələrinin genişlənməsi, Bakı və Qəbələnin hindistanlı turistlər üçün cəlbedici məkanlara çevrilməsidir.

Ötən il Azərbaycana gələn turistlər arasında Türkiyədən səfər edənlərin sayı 163 min 905 olub. İki ölkə arasındakı qardaşlıq münasibətləri, viza rejiminin olmaması və müştərək mədəni dəyərlər bu turizm axınının əsas amillərindəndir.

Məlumat üçün bildirək ki, Rusiya, Hindistan və Türkiyədən Azərbaycana səfər edənlər bütün turistlərin 53,9 faizini təşkil edir. Bu, o deməkdir ki, ölkəmizi ziyarət edən hər iki turistdən biri məhz bu ölkələrin payına düşür.

2023-cü ildə Azərbaycana 114 min 322 hindistanlı turist səfər etmişdisə, 2024-cü ildə onların sayında 121 min 303 nəfər və ya 2,1 dəfə artım qeydə alınıb.

Ötən il, həmçinin ölkəmizə gələn rus turistlərin sayında artım müşahidə olunub. Belə ki, 2024-cü ildə Azərbaycana səfər edən rus turistlərin sayı 2023-cü ilin göstəriciləri ilə müqayisədə 97 min 972 nəfər və ya 19,5 faiz çox olub.

Qardaş Türkiyədən ölkəmizə səfər edən turistlərin sayındakı artım 22,4 faiz və ya 30 min 42 nəfərə bərabər olub.

2024-cü ildə Şərqi Asiya ölkələrindən Azərbaycana gələn turistlərin sayı da artıb. Çinli turistlərin sayı əvvəlki ilin göstəriciləri ilə müqayisədə 19 min 97 nəfər (90,8 faiz), Cənubi Koreyadan olan turistlərin sayında isə 6363 nəfər və ya 88,9 faiz artım müşahidə olunub.

2024-cü ildə ölkəmizə gələn xarici turistlərin 56,79 faizi gecəni Bakı şəhərində, 5,12 faiz şimal bölgəmiz olan Qusar rayonunda keçiriblər. Növbəti sırada Qusar rayonuna qonşu olan Quba rayonu yer alıb. Quba ərazisində gecələyən turistlərin sayı ümumi gecələmələrin 5,04 faizini təşkil edib.

Azərbaycanın əsas turizm bölgələrindən sayılan Qəbələ rayonu 4,79 faiz ilə 4-cü, 4,47 faiz ilə Abşeron rayonu isə beşinci pillədə yer alıb. Ümumi gecələmələrin 23,78 faizi isə digər rayonların payına düşüb.

Azərbaycan və Ermənistanın Dövlət Statistika Komitələrinin, Gürcüstanın isə Turizm Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, hər üç ölkəyə səfər edən turistlər arasında Rusiyadan gələnlərin sayı üstünlük təşkil edib. 2024-cü ildə Azərbaycana gələn rusiyalı turistlər ümumi turistlərin 32,35 faizini, Gürcüstana səfər edənlərin 21,87 faizini, Ermənistana səyahət edənlərin isə 49,50 faizini təşkil edib.

Gürcüstana gedənlər arasında azərbaycanlılar üçüncü sırada yer alır və ümumi turistlərin 16,43 faizini təşkil edib.

Ermənistana gedən turistlər arasında ikinci və üçüncü sıranı ardıcıl olaraq Gürcüstan (14,04 faiz) və İran (9,31 faiz) vətəndaşları tutur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: