Milli musiqi alətlərinin mahir ifaçısı

A- A A+

Milli musiqi alətlərinin mahir ifaçısı Kamal Babayev bu sənətin sirlərini qardaşı Kamildən öyrənib. Əvvəlcə ustadı ilə birlikdə el şənliklərində ney, zurna çalıb. İlk dəfə daha çox tamaşaçı qarşısına isə 16-17 yaşlarında çıxıb ki, bu da 1970-ci illərə təsadüf edir. Qədim və müasir Şərur yallılarının ifaçısı kimi sənətdə günbəgün, aybaay, ilbəil püxtələşib, xalqın, elin dünya boyda hörmətini, sonsuz məhəbbətini qazanıb.

Ömrünü-gününü nəfəsli alətlərə bağlayaraq pərəstişkarlarının rəğbətini qazanmış Kamal Babayev tütək, balaban və qara zurnada milli rəqslərimizi, el havalarını, yallıları xüsusi məhəbbət və məharətlə ifa edir. Sovet dövründə müxtəlif xarici ölkələrdə -- Macarıstanda, Polşada, Rusiyada, Türkiyədə, Misirdə keçirilən festivallarda iştirak edərək laureat olub. Sinəsini bu yarışmalardan qazandığı müxtəlif nişanlar bəzəyir.

Kamal Babayev söhbət zamanı dedi:

-- 1937-ci ildə deputat kimi seçiciləri ilə görüşü zamanı Şərurda olan dahi bəstəkar Üzeyir Hacıbəyov el şənliklərində Şərur yallıları ilə maraqlanarkən qətiyyətlə söyləyib: «Yallının Vətəni Şərurdur, yallı Şərurda doğulub». Bu müdrik fikirdən gələn mənanın açıqlamasını təsdiqləmək elə də çətin deyil. Rayonumuz, eləcə də Naxçıvan diyarı bəlkə də yeganə bölgədir ki, elə bir toy-düyünü, şənliyi, mərasimi yoxdur ki, yallısız keçsin. Ta qədimdən belədir, artıq yallı bir növ Şərurun musiqi rəmzinə çevrilib. Xüsusilə, gəlin aparanda toy karvanı geniş bir düzənlikdə, yaxud çəmənlikdə mütləq dayanır, həm qız, həm də oğlan tərəfi əl-ələ tutub yallı gedir. Yallı həm də birlik, həmrəylik rəmzidir. Hər fəslin və mərasimin öz yallısı var: «Bahari», «Urfani», «Köçəri», «El yallısı», «Tənzərə», «Tirmə şal», «Qaladan-qalaya», «Şəruri», «Siyaquti» və başqaları. Yallıda əl-ələ tutaraq coşğunluqla ünsiyyətdə olan insanlar ətrafa olduqca xoş emosiyalar yayırlar. Rayonumuzda yeni yallılar da yaranır və bu nümunələrə uyğun sözlər də qoşulur.

Qədim musiqi alətlərimizin mahir ifaçısı Kamal Babayev bunları da əlavə edir:

-- Dünyanın bir çox ölkələrini gəzmişəm. Həmişə bizim yallılara böyük maraq duymuşam. Elə bir səfərim olmayıb ki, hansısa festivaldan, yarışmadan əliboş qayıdam.

Rayonumuzda 3 yallı ansamblı fəaliyyət göstərir. Bu ansamblların üzvləri yaş fərqinə görə seçilir: «Şərur qönçələri» uşaq yallısı, gənclərdən ibarət «Şərur» Xalq Yallı Ansamblı, ahılların iştirakı ilə «Nurani» ansamblı. Hər üç ansamblın yallı və rəqslərini Kamal qara zurnası ilə müşaiyyət edir. Ümumiyyətlə, bu el sənətkarı bütün şənliklərdə, möhtəşəm konsert salonlarında çaldığı nəfəsli alətlərlə tamaşaçıların ürəyinə yol tapır.

Azərbaycan milli musiqi mədəniyyətinin, folklorunun inkişafında göstərdiyi xidmətlərə görə Kamal Babayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Əməkdar mədəniyyət işçisi fəxri adı verilmiş, Prezident mükafatına layiq görülmüşdür. Ustad sənətkar bu təltiflərdən böyük fəxarət duyduğunu, qürur hissi keçirdiyini bildirir:

- Müxtəlif ölkələrdən Naxçıvana mükafat kimi «Qızıl açar», «Qızıl balta» nişanları, medallar, diplomlar gətirmişik. Onların hər biri mənə əzizdir. Amma öz dövlətimizin mükafatı mənim üçün hamısından üstündür.

Kamal Babayev söhbətinə onu da əlavə etdi ki, Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş Qərarla «Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri» YUNESKO-nun Təcili Qorunma siyahısına daxil edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  24 dekabr 2018-ci il tarixli Sərəncamı ilə «Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı»nın təsdiq edilməsi isə ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq, tanıtmaq, eyni zamanda bu ənənələri dövlət səviyyəsində qorumaq məqsədi daşıyır.

Kamal Babayev bu gün yaradıcılığının zirvəsindədir. Yenə əvvəlkitək öz üzərində yorulmadan çalışır. Zaman axarında şöhrətli el sənətkarının həyatında çox dəyişikliklər olmuşdur, tək dəyişməyən isə sənətinə, bir də Şərur yallılarına olan sönməz məhəbbətidir. İllər saçına dən salıb ağartmağa çalışdı. Bu saç ağlığında dünyanın ən böyük sevinc payı olan sənətdə qazandığı üzüağlığı da var.

 

        “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: