Əsərləri xarici ölkə mətbuatlarında nəşr edilən həmyerlimiz - FOTOLAR
Nəinki rayonumuzda, həmçinin muxtar respublikamızda adı hörmətlə çəkilən ziyalılardan olan, bədii yaradıcılığı ilə ədəbiyyat sevərlərin qəlbinə yol tapan Fərəc Fərəcov bir çox janrlarda yazdığı əsərləri ilə geniş oxucu auditoriyası qazanıb. Onun yazdığı şeir, hekayə, povest və romanları müxtəlif illərdə çap olunub "Culfa şəhidləri", "Vətən qürurumdur mənim", "Yaycı yetirmələri", "Yaycı soyqırımı", "Aydın sabahlar", "Elə bağlıyam", "Sənəd məbədinin sənətçiləri", "Sən olmasaydın" "Müstəqillik yollarında" "Ömür bir nağıldır", "Cavabsız sevgi" və s. kitablarında toplanıb.
Uzun illər rayon qəzetində müxbir, məsul katib, redaktor, "Şərq qapısı" qəzetində bölgə müxbiri kimi çalışan Fərəc müəllimin bir jurnalist kimi insanlarla sıx təmasda olması bədii yaradıcılığında əvəzsiz rol oynayıb. Elə buna görədir ki, Fərəc Fərəcovun hər bir əsəri real həyatdan qaynaqlanaraq doğma diyarın təbiətini, müxtəlif dünyagörüşlü insanlarını, adət-ənənələrini, məişətini əks etdirir. Xüsusən müstəqilliyinə qovuşmuş xalqımızın övladlarının vətənsevərliyi, el-obaya bağlılığı, insani hisləri, qurub-yaratmaq amalı, doğma Naxçıvanın hər bir sahədəki intibahı Fərəc müəllimin əsərlərindəki ideyanın ana xəttinə çevrilərək gerçəkliklərin bədii inikasını yaradır. Məhz elə buna görədir ki, F.Fərəcovun şeir, poema və hekayələri ölkə mətbuatında da müntəzəm olaraq dərc edilir. "Ədalət", "Vedibasar", "Ədəbiyyat", "525-ci qəzet", "Kredo" qəzetlərində, "Yurd", "Azərbaycan", "Ulduz" jurnallarında onun onlarla əsəri geniş oxucu auditoriyasına təqdim edilib.
Həmçinin Fərəc müəllimin əsərləri fars, rus, ukrayna, türk dillərinə tərcümə edilərək xarici mətbuatlarda da işıq üzü görüb.Bu günlərdə isə müəllifin "Stəkan" hekayəsi qardaş Türkiyənin paytaxtı Ankarada nəşr edilən "İlesam" elm və əbədi-bədii jurnalında "Bardak" adı ilə çap olunub. Hekayəni Türkiyə türkcəsinə M.Rza Goçi çevirib. Onu da qeyd edək ki, bu dərgidə türk dünyasının tanınmış elm və ədəbiyyat nümayəndələrinin əsərləri dərc olunur.
Fərəc müəllimin yaradıcılığına Türkiyə Respublikasının ədəbiyyatsevərləri yüksək qiymət verdiyinə görədir ki, o, Türkiyə Elm və Ədəbiyyat Sahiblərinin Məslək Birliynin üzvüdür.
"Arazın səsi" qəzeti