Dünya eposunun ən qədim və misilsiz qiymətə malik olan nadir sənət nümunələrindən biri də “Kitabi-Dədə Qorqud” dastanıdır. Bu dastan Azərbaycan xalq pedaqogikasının ən ulu mənbələrindən biridir. “Kitabi-Dədə Qorqud” dastanında xalq pedaqogikası ilə bağlı bir çox tərbiyə məsələləri irəli sürülüb. Dastanın bütün boylarında igidlik, qəhrəmanlıq hissləri ilə yanaşı müdriklik və insan ağlının tərənnümündən də bəhs olunur.
Tanınmış türk filoloqu, publisist Mehmed Fuad Körpülüzadə “Kitabi-Dədə Qorqud” dastanına yüksək qiymət verərək yazmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə Dədə Qorqud o, biri gözünə qoyulsa, yenə də Dədə Qorqud tərəfi ağır gələr”.
“Kitabi-Dədə Qorqud” dastanında “tərbiyənin məzmununa”, “tərbiyənin prinsiplərinə” və fiziki tərbiyə ilə əxlaq tərbiyəsinə də geniş yer verilib. Dastan təlim-tərbiyə məsələlərini, xalqımızın əxlaqını, vətənpərvərliyini və ata-anaya ehtiram duyğularını bədii vasitələrlə əks etdirən zəngin xəzinədir.
Dastanda əxlaqi keyfiyyət kimi yoldaşlıq və dostluq məsələsinə də xüsusi diqqət yetirilib. Oğuz igidləri üçün dostluq, bir kişilik keyfiyyəti kimi qəbul edilir. Boylarda əsasən uşaqların bir-biri ilə dost olmalarına və qonşularla dostluq münasibəti yarada bilməsinə diqqət yetirilir. Elə buna görə də oğuz elində əxlaq tərbiyəsi, böyük kiçik münasibətləri ən ali insani keyfiyyət və mənəvi mədəniyyətdir. Biz isə bütün dastan boyu, əxlaqi keyfiyyətlərin təntənəsini müşahidə edirik.
Dastanın diqqəti çəkən məqamlarından biri də şəxsiyyətin keyfiyyətlərinin konkret olaraq göstərilməsidir. Yəni Oğuz türkü üçün Vətəni, torpağı, el-obanı canı qədər sevmək və onu qorumaq üçün hazır olmaq, ata-ana haqqını tanrı haqqı bilmək, cəsarətli, qorxmaz və güclü olmaq, şərtə sözsüz əməl etmək, qadının ailə, ər və namusunu ölümdən üstün tutmaq və s. kimi bir çox müsbət əxlaqi keyfiyyətləri özünün həyat amalı edir.
“Kitabi-Dədə Qorqud”da xüsusən, ailə münasibətləri və qohumluq əlaqələri diqqəti çəkir. Dastanın bütün boylarında insanların tərbiyə olunmasında ailənin cəmiyyətdə rolu sanki bir məcəllə şəklində təqdim edilir. Qədim türklər üçün ailə şərəfini, namusunu qorumaq və anaya, qadına dərin hörmət həmişə əsas götürülüb. Elə buna görə də bütün dastan boyu “ana haqqı” – “tanrı haqqı” kimi qəbul edilir. Bu da Məhhəmməd peyğəmbərin (s) “cənnət anaların ayaqları altındadır” kəlamı ilə səsləşir. El ağsaqqalı olan Dədə Qorqud qızın tərbiyəsində anaya, oğlanın tərbiyəsində isə ataya üstünlük verir. “Qız anadan görməyincə öyüd almaz, oğul atadan görməyincə süfrə açmaz”- bu müdrik kəlamın arxasında övladın təlim-tərbiyəsinin ilk növbədə ana telinə bağlılığına önəm verilir. Bu tərbiyə metodu bu gün dünyanın inkişaf etmiş xalqlarının əsas prinsipinə çevrilib. Nəticədə isə qızların və qadınların təhsil alması, övlad tərbiyəsi üçün lazımi biliklərin əldə edilməsi dövlət səviyyəsində həyata keçirilən siyasətə çevrilib. Halbuki, qədim Oğuzlar hələ min illər bundan əvvəl bu məsələni - anaya məhəbbət tərbiyəsi kimi ən ali müqəddəs iş hesab edirdilər.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanında cəmiyyətin inkişafına təkan verən aşağıdakı üç mühüm tərbiyə amili öz bədii ifadəsini tapmışdır:
1. Qurulan ailənin məhsulu, yəni ailənin oğlu və qızı olmalıdır.
2. Oğul-qız sağlam, güclü və qüdrətli yetişməlidir.
3. Ailə kin küdurətdən, nifrətdən və ailədaxili münaqişələrdən uzaq olmalıdır.
Boylarda görünür ki, ailənin tamlığı üçün mütləq uşaq sahibi olmaq gərəkdir. Hər bir ailənin sevinci və gələcəyi olan uşaq dastanın hər bir boyunda son dərəcə əziz bir nemət kimi qiymətləndirilibdir. Bu səbəbdən də oğuz elində uşağı olmayan ailələrə yaxşı baxılmazdı. Buna biz “Dirsə xan oğlu Buğac xan” boyunda rast gəlirik. Amma maraqlı burasıdır ki, övladı olması üçün xan çoxlu qurban kəsir, acları doydurur, xeyriyyəçiliklə məşğul olur. Nəticədə isə Tanrı onu övladla mükafatlandırır. Görünür dastanda bu məqam hər kəsin çətinliyini, problemini həll etmək üçün mütləq ətrafdakı insanlarla yardımlaşmağa çağırış və sona qədər Tanrıdan ümidi üzməmək inamını əks etdirir.
Onu da qeyd etmək lazımdır ki, “Kitabi-Dədə Qorqud” dastanında ailənin qorunması məsələsi beş maddə əsasında göstərilib.
1. Uşaq sahibi olmaqla nəslin davamının ailə qurulmasının məqsədi saymaq – Bu məsələdən əsasən "Dirsə xan oğlu Buğac xan və Uşun qoca oğlu Səkrəy" boylarında bəhs olunur.
2. Sədaqət və vəfa – "Bayburanın oğlu Bamsı Beyrək" boyunda daha geniş şəkildə görünürdü. Burada Banuçiçək toy gecəsi itirdiyi Beyrəyini 16 il gözləyib başqası ilə evlənmir.
3. Namusun təriflənməsi və aşılanması – Bu bütün dastan boyu qadınların namuslu və iffətli olmasında göstərilib. Məsələn, Burla xatunun “şərab paylamaq” üçün oğlu Uruza verilən işgəncələrə dözməsidir. Bu ana üçün nə qədər ağır bir imtahan olsa da o, namusunu qorumaq üçün əlindən gələni əsirgəmirdi.
4. Qadının igidliyi onun ailəyə olan bağlılığı – Bu haqda "Beyrək, Səkrəy və Qanlı qoca oğlu Qantural" boyunda danışılır.
5. Kənardan müdaxilənin ailə bütövlüyünə zərər verəcəyinin açıqlanması – Bu isə əsasən dastanın aşağıdakı boylarında əks olunmuşdur. "Dirsə xan oğlu Buğac" boyunda Buğac adı aldıqdan sonra baş verən hadisələr, "Qazlıq qoca oğlu Yeynək" boyunda, "Salur qazanın evinin yağmalanması" boyunda və "Basatın təpəgözü öldürməsi" boyunda.
Xüsusən, dastanın “Salur Qazanın evinin yağmalanması” boyunda ailə tərbiyəsi, ailənin namusu, qeyrəti, şərəfi ali və müqəddəs olması diqqət mərkəzində saxlanılıb. Həmin boyda oğuz-türk əxlaqı, türk mənliyi, paklığı açılmış və mənəvi durum Uruzun timsalında öz ibrətli ifadəsini tapmışdır. Lakin bunlarla bərabər oğuz eli nadürüstlərdən də xalı deyildir. Belə şər qüvvələrə qarşı mübarizə dastanda daha kəskin şəkildə təsvir olunmuşdur. Əgər əxlaqın aliliyi pozularsa bu oğuz elinə çox ağır təsir edər, fəlakət törəyər və başına müsibətlər gələr.
Sonda onu qeyd edək ki, müstəqillik qazanmış Azərbaycanımızda milli-mənəvi şüurun yüksəlişində və soykökümüzün təbliğində “Kitabi Dədə Qorqud” dastanı kimi ikinci bir yazılı və ya şifahi ədəbi abidə tapmaq mümkün deyildir. Çünki, dastan təlim-tərbiyə məsələlərini, vətənpərvərliyini, qəhrəmanlığını və ata-anaya ehtiram duyğularını bədii vasitələrlə əks etdirən zəngin bilik xəzinəsidir. Məhz Dədə Qorqud pedaqogikasının həyatiliyi burasındadır ki, o şəxsiyyət tərbiyəsində mənfi və müsbət cəhətləri qabarıq şəkildə əks etdirib. Dastanda Dədə Qorqud öz mənəvi keyfiyyətləri ilə yetişən gənc nəslin tərbiyə olunmasında hər zaman nümunədir.
Taleh Xəlilov
pedaqogika üzrə fəlsəfə doktoru