“Hansı diyara düşsəm,deyərəm vətəndəyəm!”

A- A A+

Sən mənə ömrüm boyu

Bir bulanıq Kür suyu,

Bir söyüd yarpağı ver.

Canımdan əziz olan,

Üstündə çiçək solan

Şor Muğan torpağı ver.

Mən onda hara düşsəm,

Hansı diyara düşsəm

Deyərəm vətəndəyəm.

Sən ey Milim, Muğanım

Doğma Azərbaycanım

Deyərəm ki, səndəyəm!

NUHÇIXAN xəbər verir ki, bu gün şair, dramaturq, tərcüməçi Əliağa Kürçaylının doğum günüdür.

Salyan qəzasının Kür Qaraqaşlı kəndində 1928-ci il fevral ayının 20-də dünyaya göz açan Əliağa Kürçaylı orta məktəbi 9-cu sinfə kimi oxuyub. O, təhsilini yarımçıq qoyaraq ailəsinə dəstək olmaq üçün Zaqafqaziya Dəmir Yolu İdarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayıb. Fəaliyyəti müddətində Bakı Dəmir Yolu Texnikumunda birillik mühasiblər kursunda oxuyan Əliağa sonra baş mühasib olaraq çalışıb. Sonra iş yerini Salyan Dram Teatrında baş mühasib vəzifəsinə dəyişərək işləyib. Həmin dövrdə gənc şairin poeziyaya marağı artmış və şeirlər yazmağa başlamışdı. Onun ilk qələm təcrübəsi “Sənin gözlərin” adlı şeiri “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Onun yaradıcılığını həmin dövrdə yüksək qiymətləndirən dahi şair Səməd Vurğun Əliağanın təhsil və yaradıcılıq inkişafına öz dəstəyini əsirgəmir. Əliağa Kürçaylı bununla bağlı 1976-cı il də “Azərbaycan” jurnalının 2-ci nömrəsində dərc olunan “Səməd Vurğun taleyimizdə” xatirə yazısında Səməd Vurğunun onun həyatında, şairlik taleyində necə önəmli rol oynadığından söz açıb: “Rayon partiya komitəsinin birinci katibi Məmməd Bağırov yoldaşa. Gənc şair Əliağa Kürçaylını bir həftəlik çörək kartoçkası ilə təmin edib, 1947-ci il iyun ayının 16-da Yazıçılar İttifaqında keçiriləcək gənc yazıçıların birinci respublika müşavirəsinə göndərməyinizi xahiş edirik. Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri Səməd Vurğun”.

Bu da Bakı. Yazıçılar İttifaqı… Səməd Vurğun şeir oxumaq üçün mənə söz verir… Ürəyimin qanı gicgahlarıma vurur. Xitabət kürsüsündəyəm. İndi Səməd Vurğuna daha yaxınam. Çəkinə-çəkinə Səməd Vurğuna baxıram.

- Danışım, ya şeir oxuyum?

- Şeir oxu, natiqimiz onsuz da az deyil.

“İlk bahar çiçəyi” adlı şeirimi oxuyuram.

Yadımdadır, güllələr şığıyıb keçən zaman,

Səni qanlı otların üzərindən dərdiyim.

O incə tellərini mərmilər biçən zaman

Xatirə dəftərimin arasına sərdiyim.

Qayıtmışam cəbhədən, indi yenə bahardır,

Bitmisən çəməndə sən, ləçəklərin qan kimi.

Üzündə nə həyəcan, nə qorxu izi vardır,

Mən qorudum güllədən səni qəhrəman kimi.

…Səməd Vurğun qəflətən sözümü kəsir.

- A bala, harda oxuyursan?

- Oxumuram.

- Harda işləyirsən?

- Dəmir yolunda.

- Nə işində?

- Hesabdar.

Salondakılar gülüşür. Mən tez əlavə edirəm:

- Hesabdar idim. İndi fəhlə işləyirəm.

- Gəl səni düzəldim universitetə.

- Götürməzlər.

- Niyə?

- Kamal attestatım yoxdur. Mən 9-cu sinfi bitirmişəm…

Beləliklə Səməd Vurğunun köməkliyi ilə Bakıda fəhlə gənclər orta məktəbinin son sinfini bitirən gənc şair Azərbaycan Dövlət Uuniversitetinin Filologiya fakültəsinə daxil olub. Sonra Maksim Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilən Əliağa səhhətində yaranan narahatçılığa görə geri qayıdaraq təhsilini Azərbaycan Dövlət Uuniversitetində davam etdirib. Mətbuatda publisistik məqalələrlə çıxş edən Əliağa Kürçaylı bir çox vəzifələrdə işləyərək həm də yaradıcılıq fəaliyyəti ilə məşğul olub. Şairin yazdığı şeirləri öz lirik tempinə, axarına və ritmik melodik xüsusiyyətlərinə görə nəğmə janrına yaxındır. Ona görə də şeirləri mahnılara çevrilib. “Yadıma sən düşürsən”, “Belə ola həmişə”, “Heç xəbərin yoxdu sənin”, “Səslə məni” mahnıları bu gün də eyni sevgi ilə dinlənilir.

Əliağa Kürçaylının dramaturq kimi yaradıcılığı əsasən musiqili komediya teatrının repertuarı ilə bağlıdır. “İstədiyimi şeirlə ifadə edə bilməyəndə, komediya, yaxud pyes yazıram”, - deyən görkəmli sənətkarın “Ləpələr”, “Nənəmin şahlıq quşu”, “Boşanaq, evlənərik” və başqa pyesləri indi də teatrlarımızın səhnəsində uğurla tamaşaya qoyulur.

 Sonuncu iş yeri “Yazıçı” nəşriyyatında baş redaktor olan Əliağa Kürçaylı ömrünün axırına kimi burada fəaliyyət göstərib. Bu illər ərzində onun “Arifin bağçası”, “Cavabsız məktublar”, “Nargindən əsən külək”, “Səfərə çıxmıram”, “Durnalar cənuba uçur”, “Həyatın dolayları”, “Dünya ovcumdadır”, “Ülkər”, “Qəlbin sıxılsa əgər...”, “Seçilmiş əsərləri” və sair 20 kitabı və 4 tərcümə əsəri dərc olunub.

1979-cu ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adını alan görkəmli şair bir il sonra fevralın 11-də ağır xəstəlikdən 51 yaşında vəfat edib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

 

 

 

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: