NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyində böyük yazıçının 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə bildirilib ki, ölkə Prezidenti İlham Əliyev 2019-cu il 17 yanvar tarixində “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri isə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq edib.
Tədbirlər Planında böyük yazıçının yubileyinin qədim diyarımızda silsilə tədbirlərlə qeyd edilməsi nəzərdə tutulur. Yubileylə bağlı mədəniyyət müəssisələrində, kitabxanalarda sərgilər təşkil olunur, oxucu konfransları, ədibin əsərlərinin müzakirələri keçirilir.
Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev “Cəlil Məmmədquluzadə yaradıcılığına və irsinə dövlət qayğısı” mövzusunda çıxış edərək bildirib ki, böyük yazıçı Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır. Böyük ədibin əbədiyaşar zəngin irsi dünən, bu gün və gələcək nəsillər üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq nümunəsidir.
Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev böyük yazıçı və dramaturqun yaradıcılığına və şəxsiyyətinə həmişə böyük diqqət və qayğı göstərib. Məhz ulu öndərin hakimiyyəti illərində Cəlil Məmmədquluzadə haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib. Böyük dramaturqun əsərlərinin səhnəyə qoyulması sahəsində də bu illərdə ciddi işlər görülüb.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.
Əli Rzayev