Rənglər dünyasında yaşanmış ömür...

A- A A+

O, Azərbaycan rəssamlıq sənəntinin davamçılarından biri olub. Azərbaycanda dəzgah rəsamlığının əsasını qoyan görkəmli sənətkar: “Çalışıram ki, mən şəkil çəkəndə ona baxan adam ləzzət alsın. Çox qısa ömrümüz var. Onsuz da Allahdan yaxşı yaradan yoxdur. Onun yaratdığı gözəlliyi görəndə, sadəcə düşünürəm ki, çox çalışıb, onun yaratdığını təsvir edim”.

NUHÇIXAN xəbər verir ki, bu gün Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, xalq rəssamı, Böyükağa Mirzəzadənin doğum günüdür.

1921-ci il fevralın 21-də Bakı şəhərində anadan olan Böyükağa orta təhsil illərində atasının istəyi ilə həkim olmaq niyyətində olur, ancaq dostları və müəllimlərinin onda olan istedadı gördükdən sonra onların təkidi ilə sənədlərini Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna verir. O, Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mükəmməl mənimsəyir. Moskva Rəssamlıq İnstitutuna daxil olan Böyükağa lakin Böyük Vətən müharibəsinin başlanması səbəbindən təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunda yarım qalan təhsilini başa vurur. Görkəmli rəssam əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayır. Bu illər ərzində yeni nəsil rəssamların formalaşmasında xidmətlər göstərən Böyükağa Mirzəzadə həm də bir qrup sənətkarlarla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulub və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak edir. Həyatını bu sahəyə adayan görkəmli rəssam fəaliyyəti müddətində Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb. Qısa bir zamanda mahir fırça ustası kimi tanınan Böyükağa Mirzəzadənin rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər Azərbaycan rəssamlıq tarixinin qiymətli sənət nümunələrinə daxil edilib. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş olunur.

Böyükağa Mirzəzadənin yaradıcılığının əsas qayəsini Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti təşkil edib. Rəssamın yurdumuzun təbiət mənzərələrini əks etdirən tablolarına diqqət etdikdə insana nikbinlik və milli qürur hissi aşılayır. Bunlara "Bakı mənzərəsi", "Çənlər", "Yeddi gəmi adası", "Göyçə gölü", "Qala", "Mavi dəniz. Neft daşları", "Lənkəran mənzərəsi" və sair tablolarını misal çəkə bilərik. Onun portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapıb. "Dirijor Niyazinin portreti", "Həyat yoldaşının portreti", "Ritanın portreti", "Gənc rəssamın portreti", "Ədilənin portreti”, "Şıxəli Qurbanovun portreti", "Aşıq Ələsgərin portreti", "Çəhrayı geyimli qız", "Şəmsi Bədəlbəylinin portreti", "Lətif Kərimovun portreti", "Bəstəkar Xəyyam Mirzəzadənin portreti" və sair aiddir. Böyükağa Mirzəzadənin yaratdığı portretlər, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilərək insanda doğma vətənə və onun təbiətinə sevgi yaradır. Xüsusi olaraq qeyd edə bilərik ki, bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək, neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynayacaq.

Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərib. O, uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı verib. Onun müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Onun bu xidmətlərinin Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında xüsusi rolu olub. Görkəmli rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilərək, sənətsevərlərin rəğbətini qazanıb.

Ömrünün sonuna kimi bu peşə üzərində çalışıb, Azərbaycan rəssamlıq sənətinin inkişafına töhfələr verən sənətkarın əməyi yüksək qiymətləndirilərək bir çox orden və medallar və fəxri adlara layiq görülüb. Təqdimat mərasimlərinin birində Ulu Öndər Heydər Əliyev rəssamla bağlı fikirlərini qeyd edib: "Böyükağa, mən gənc vaxtlarımdan səni Azərbaycanın böyük rəssamı kimi tanımışam. Bilirsən ki, mən rəssamlıqla o vaxtdan çox maraqlanan bir adamam. Gənc yaşlarımda mən də rəssam olmaq istəyirdim, rəsmlər çəkirdim. Böyükağa Mirzəzadə bizim qarşımızda böyük bir rəssam idi. Ona görə də mən səni heç vaxt unuda bilmərəm və heç vaxt unutmamışam".

Rənglər dünyasında yaşanan ömrün bir gün sonu olacaqdı. Elə rəssamın öz dili ilə desək “bizlər bir gün öləcəyik, ancaq yaratdığımız əsərlər yaşayacaq və bizi yaşadacaq”. Bəli, elə də oldu. 2007-ci il noyabrın 3-də ömrünün 87-ci ilində gözlərini həyata əbədi yuman sənətkar bu gün yaratdığı əsərləri ilə xatirələrdə yaşayır və yaşayacaq…

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: