Mirzə Qədim İrəvaninin 200 illiyinin keçirilməsi milli kimliyimizin özümüzə qaytarılmasıdır

A- A A+

Milli Məclisin deputatı, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın NUHÇIXAN-a müsahibəsi:

Bildiyimiz kimi, hörmətli Prezidentimiz cənab İlham Əliyev məhz Mirzə Qədim İrəvaninin 200 illiyini qeyd etmək üçün Sərəncam imzalayıb. Bu Sərəncama əsasən artıq Tədbirlər Planı hazılanır, dövlət strukturları və yaradıcı kollektivlər isə Sərəncama əsasən tapşırıqları icra etməyə hazırlaşır.

Mirzə Qədim İrəvani Azərbaycanın ən tanınmış rəssamlarından biridir. Adından və soyadından da bilinir ki, bizim gözəl və qədim şəhərlərimizdən olan İrəvanda doğulub. Mirzə Qədim İrəvani yalnız Azərbaycan incəsənətini deyil, eyni zamanda qərb incəsənətini öyrənən rəssam olubdur. Mirzə Qədim İrəvaninin həm portret, həm də mənzərə janrlarında özünəməxsus üslubu vardır. O, müxtəlif şüşə və taxta üzərində rəsmlər çəkib. Onun əsərləri dövrümüzə qədər gəlib çatıb. Sevindirici haldır ki, onun əsərləri həm Azərbaycanın Milli İncəsənət Muzeyində, həm də Gürcüstan Dövlət Muzeyində qorunub saxlanılır. Səhv xatırlamıramsa, Azərbaycan Milli İncəsənət Muzeyində rəssamın 10-a yaxın əsəri qorunub saxlanılır. Bunların hamısı da Azərbaycanda yaşayıb-yaradan rəssamlar tərəfindən bərpa olunub. Yaxşı yadımdadır ki, 2019-cu ildə Heydər Əliyev Mərkəzi tərəfindən Mirzə Qədim İrəvani ilə sırf bağlı olmasa da, çox maraqlı sərgi keçirildi. Orada Sərdar sarayının bir hissəsi canlandırılmış və həmin Sərdar sarayında Qacarlar dövründən rəsm əsərləri, onların məişət əşyaları, geyim əşyaları və təbii ki, o dövrün bir çox digər əşyaları sərgilənirdi. Həmin sərgidə Mirzə Qədim İrəvaninin əsərləri və minatürləri yer alırdı. Bu gün onun Bakıda yaşayıb-yaradan qohumları içində rəssamlar da var. Onların dediyinə görə, Mirzə Qədim İrəvaninin 100-ə yaxın əsəri it-bata düşüb, tapmaq mümkün olmayıb. Onun əl işi olan taxta mücrü və 3 hissəli ayna Sankt-Peterburqda qorunub saxlanılır. Ümumiyyətlə, qeyd olunur ki, onun bizə gəlib çatan bir portreti yoxdur.

Mirzə Qədim İrəvaninin 200 illiyinin keçirilməsi möhtəşəm hadisə və milli kimliyimizin özümüzə qaytarılmasıdır. İrəvan düşmən tapdağı altındadır və bu gün biz Böyük Qayıdış planına əsasən öz dədə-baba yurdlarımızı qaytarmaq üçün bir çox addımlar atırıq. O torpaqlarda dirçəlmək, yaşamaq bizim haqqımızdır, və təbii ki, biz bilirik, orada artıq o dövr Azərbaycanda qurulub-tikilən mədəni abidələr, tarixi abidələr, dini abidələr artıq yoxdur, yerləyeksan olunub. Düşünürəm ki, bu abidələrin bərpası və orada yaşayan sənət adamlarının xatırlanması, onlara məxsus günlər keçirilməsi o torpağın bizə olan böyük bir töhfəsidir. Biz də bu vasitə ilə hər kəsə göstəririk ki, bizim orada qədim köklü irsimiz olub. Bunların hər birini nəzərə alaraq gələcəkdə həmin plan üzrə Rəssamlar Birliyi olaraq layihələrimiz var.

Düşünürəm ki, Mirzə Qədim İrəvaninində bir portreti olmalıdır ki, o bizim düşüncəmizə həmin portretlə həkk olunsun elə tanıyaq, qəbul edək. Sərəncama uyğun olaraq çalışırıq ki, Rəssamlar Birliyi olaraq Naxçıvanda da Mirzə Qədim İrəvaninin 200 illiyini qeyd etmək üçün beynəlxalq rəsm festivalı keçirək. Amma bu hələlik bir plandır. Lakin bununla bağlı sərgilərimiz olacaq.

Düşünürəm ki, Mirzə Qədim İrəvaninin doğum günü “Rəssamlar günü” kimi qeyd oluna bilər. Çünki, həqiqətən də, biz necə ki qarabağlı idik, bu gündə hər birimiz qərbi azərbaycanlıyıq, ona görə də hər birimiz Qərbi Azərbaycanı qaytarmaq üçün onun böyük bir təbliğatçısı olmalıyıq və ən əsası, biz öz düşündüklərimizə inanmalıyıq. İnanmaq işin artıq yarısı deməkdir. Və biz inanırıq ki, bütövlükdə, biz öz torpaqlarımızı geri qaytaracayıq və Qərbi Azərbaycanda da, İrəvanda da gözəl tədbirlərimizi keçirəcəyik. İnanırıq ki, Zəngəzur dəhlizinin açılması üçün atılan qətiyyətli addımlar digər tarixi torpaqlarımızı da tələb etməyimizə yol açacaq.

Pnar Yusifli

Naxçıvan televiziyasının əməkdaşı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: