Milli kinolarımıza sevgi: Sadiqə müəllimin hazırladığı unikal layihə

A- A A+

Ötən gün balaca məktəblilər Azərbaycan filmlərindən hazırladığı obrazlarla trend oldu sosial şəbəkələrdə. Çox qürurverici hal isə ondan ibarət idi ki, həmin məktəb və məktəblilər Naxçıvan şəhər Afiyəddin Cəlilov adına  12 №-li tam orta məktəbin IIa sinif şagirdləri idi. Nə gözəldir, 8 yaşlı fidanlara bu dəyərlərimizi tanıtmaq, sevdirmək, təbliğ etmək. Bu cür müəllimlər örnək olub həmişə. Layihənin rəhbəri ömrünün 30 ildən çoxunu şagirdlərə sevə-sevə ərməğan edib. O həm də bu məktəbin ilk məzunu olub. Məktəbi qızıl medalla bitirib.

İbtidai sinifdən aşılamaq lazımdır ki, yuxarı sinifdə dünyagörüşləri geniş olsun, yaradıcılıqları olsun və komanda şəklində işləməyi bacarsınlar

NUHÇIXAN-a müsahibəsində layihənin rəhbəri, məktəbin müəllimi Sadiqə Şahtaxtiniskaya bildirir ki, 1993-cü ildən mənə dərs deyən müəllimlərlə çiyin-çiyinə 30 ildən artıqdır ki, bu məktəbdə çalışıram. peşəmi sevirəm. Gecə yatanda  da  fikirləşirəm ki, səhər bu dərsi, yeni mövzunu hansı üsulla şagirdlərə öyrədim ki,  mövzu daha maraqlı, daha əyləncəli olsun. Çünki dövrümüz onu tələb edir. Mən də gördüm bu uşaqlarda potensial var bu iş üçün qolları çırmadıq. Düzdür, indi televiziya var, müasir dövrdü,  hər yerdən məlumat  alırlar. Ancaq milli kinolarımız, milli dəyərlərimizi uşaqlara elə balaca vaxtından aşılamaq lazımdır. İbtidai sinifdən aşılamaq lazımdır ki, yuxarı sinifdə dünyagörüşləri geniş olsun, yaradıcılıqları olsun və komanda şəklində işləməyi bacarsınlar. Həmçinin bu layihə yeni layihə deyil. 2019-cu ildə də  belə bir layihəmiz olub. İllər ötdükdən sonra bu siniflə də yeni formatda, başqa bucaq altında istədik bu layihəni başqa cür təqdim edək. Yenə milli kinolarımıza müraciət etdik. Məşhur kino karifeylərimizi isə uşaqlar sevə-sevə canlandırdılar. Valideynlərin köməkliyi ilə  rolları seçdik. IIa sinifində  26 şagird var və hər biri bu filmdə iştirak edib. Elə olub ki, bir şagirdin üzərində 2-3 obraz dəyişmişik ki, tam həmin obraz alınsın.

Qrim qeyri-verbal ünsiyyət vasitəsidir. Biz dərs prosesində bu rollardan çox istifadə etmişik. Papaq milli geyim formasıdır və əlavə geyimləridə tapmaq üçün teatrlardan, evlərdən topladıq. Lakin ən böyük köməkliyi valideynlər göstərdi. Elə rollar var idi ki, məsələn, yetər obrazına görə İncinin saçına əl gəzdirildi.

Bu videonu özüm hazırladım. Təbii ki, bir günə ərsəyə gəlmədi bu iş. Bu obrazları canlandırmaq iki ay vaxtımızı aldı. Bəlkə də, indiki gənc nəsildə  elə təsəvvür var ki, ibtidai sinif balacadır onlar nəisə yarada, qura bilməzlər. Lakin  balaca olsalar da, bunların dünyagörüşü  çox rəngarəng, çox zəngindir. Biz düzgün istiqamət versək, onlar hər şey yaradar, qurar. Müasir dövrdə çox cizgi filmi var onları keçmişə qaytarmaq lazımdır yaşatmaq üçün.

“Ulduz” filmi: Bəxtiyar obrazı

Şagird Yusif Cümşüdlü: “Ulduz”  filmindən Bəxtiyar obrazını canlandırmışam. Müəllim mənə bu obrazı verəndə çox sevindim və üstümə böyük məsuliyyət götürdüm. Lakin qorxularım çox idi, valideynlərimin  köməyi ilə mən bu obrazın öhdəsindən layiqincə gəldim. Və  böyüdükcə Azərbaycan  filmlərinə daha çox baxacam.

“Liftçi qız” filmi: Lalə obrazı

Şagird Nərgiz Cümşüdlü: Mən müəllimimin istəyi ilə “Liftçi qız” filminə baxdım. Filmdə başa düşmədiyim səhnələri valideynlərimin dəstəyi ilə mənimsədim və əmin oldum ki, filmdəki Lalə obrazını canlandıra bilərəm. Bu obrazı canlandırmaq üçün müəllimim və valideynlərim mənə daima dəstək oldu və mən bu obrazı çox sevdim.

“Ulduz”  filmi: Yetər obrazı

Şagird İnci Quliyeva:  “Ulduz”  filmindən Yetər obrazını mən canlandırdım. Müəllimim mənə bu obrazı verdi. Valideynlərimin dəstəyi ilə mən kinoya baxdım saçımı düzəltdilər, paltarımı tapdılar və bu obrazı canlandırdım. Videoya baxarkən çox sevindim. Müəllimimi və məktəbimi çox sevirəm.

 “Alma almaya bənzər” filmi: Aişə obrazı 

Şagird  Dəniz Cəfərsoy: “Alma almaya bənzər”  filmindən müəllim mənə bir obraz verdi canlandırmaq üçün.  Obrazın adı Aişə idi. Mən valideynlərimin dəstəyi ilə kinoya baxdım, saçımı düzəltdim, obraza uyğun paltar tapdılar və canlandırmağa qərar verdim. Canlandırdığım obrazı və rolumu çox sevdim.

“O olmasın, bu olsun” filmi: Sərvər obrazı

Şagird  Ayxan Qəhrəmanov: Mən “O olmasın, bu olsun” filmində Sərvər obrazını canlandırdım. Sərvərin əsl adı Arifdir. Filmə başdan sona baxdım və çox sevdim. İndi həvəslə başqa filmlərə də baxmaq istəyirəm ki, onlardan da sevdiyim obrazları canlandırım. Təbii ki, dərslərimdən geri qalmamaq şərti ilə.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: