NİCAT MƏHƏBBƏTDƏDİR! - FOTOLAR

A- A A+

Ucundadır dilimin

Həqiqətin böyüyü

Nə qoydular deyəyim

Nə kəsdilər dilimi…

Bu şeiri ötən əsrin əvvəllərində dərvişlər oxuyardılar. Hətta Üzeyir Hacıbəyli bu şeirə musiqi yazmış və bir müddət  məktəblilər onu marş kimi oxumuşlar. Amma təssüf ki, həmin bəstənin not yazıları sonradan itmişdir. İllər sonra SSRİ miqyasında şeiri və müəllifini  tənqid obyektinə çevirdilər. Naxçıvanda dərvişlərin Əlixan məhəlləsində oxuduqları bu şeir 1934-cü ildə Moskvada SSRİ Yazçılar Birliyinin I qurultayında müzakirə mövzusu olaraq azadlığa burjua baxışı kimi tənqid edilmişdir. Şeirin müəllifi isə “Turan” təxəllüsü ilə yazan Əli bəy Hüseynzadədir. Kimdir Əli bəy Hüseynzadə? Türk dünyasının ulu çinarı, Turan məfkurəsi sütünlarının əsl memarı. Milli əsaslara söykənən, keçmişini bilən, varlığı ilə özgələşməyə sipər olan fikir adamı. Başqaları kimi özgə fikirləri millətinə sırımayan, onun dərdinə, probleminə biganə qalmayan, hər daim çözüm arayan və həll yolları tapan, doğruya yanılışı qarışdırmayan türk-İslam mücahidi. Türkün şanlı tarixində cığır açan, yeni oyanışların təşəbbüskarı, "Elm Çində də olsa, arxasınca gedin" məfkurəsinə sahib, millətini mənəviyyatla dirilişə səsləyən fədai. Heç bir yad simanı üzərində daşımayan, tarixinə, kökünə və özünə bağlı, Azərbaycanın dəyərli oğlu Əli bəy Hüseynzadə.

Əli bəy Hüseynzadə 1864-cü il  fevralın 24-də Salyanda anadan olub. Atasını erkən itirdiyindən ana babası  Qafqaz  şeyxülislamı  Şeyx Əhməd Səlyaninin  himayəsində böyümüşdür. Babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin  söhbətlərindən faydalanmış və onlar tərəfindən tərbiyə edilmişdir. Tiflis gimnaziyasını bitirdikdən sonra 1885-ci ildə Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olaraq ali təhsil almışdır. 1890-cı ildə bütün imtahanları uğurla verərək İstanbul Əsgəri-Tibbiyəsinə ( bugünkü İstanbul Üniversitetinin Cərrahpaşa Tibb Fakültəsi) daxil olmuşdur. Universitetə girdikdə  ərəb, fars, alman, rus, fransız, ingilis və yunan dili olmaqla 7 dil bilməsi, Şərq və Qərb ədəbiyyatına hakim olması bütün tələbə və müəllimlərdə dərin təəssürat yaratmışdır. 1896-cı ildə tanış olduğu Ziya Göyalpa türkçülük ideyasını aşılamış, Ziya Göyalp da sonralar Əli bəy Hüseynzadədən ən böyük müəllimlərindən biri kimi bəhs etmişdir. İlk məqalələrini “Turan” təxəllüsü ilə yazan Əli bəy Hüseynzadə türk xalqlarının birliyinin son məqsədinin “Turan” olması gərəkdiyini bildirən ilk şəxs olmuşdur. “İlk Turançı manifest” kimi tanınan “Turan”  şeirini tələbə olarkən 1892-ci ildə İstanbulda yazmışdır. Universitetdən leytenant rütbəsində həkim kimi məzun olan Əli bəy bir müddət Heydərpaşa Hərbi Xəstəxanasında dəri-zöhrəvi həkimi kimi çalışmışdır. Tesaliya və Döməkə (Osmanlı-yunan) müharibələrində iştirak etmişdir. Müharibədən sonra İstanbul Üniversitetinin Cərrahpaşa Tibb fakültəsində bir müddət Əmrazi-cildiyyə (dəri xstəlikləri) müəllimi kimi çalışaraq “Vəba” kitabını nəşr etdirir. Vəba xəstəliyini yerində tədqiq etmək üçün Hindistana ezam olunsa da Sultan Əbdülhəmid rejiminin əleyhdarı olduğu üçün Hindistana getməsinin qarşısı alınır və rejimin təqibləri nəticəsində Azərbaycana qayıtmağa məcbur olur.

1904-cü ildə Rusiya Yaponiya ilə müharibədə məğlub olduqdan sonra imperiyanın əsasları laxlamğa başladı və qısa müddət sonra inqlab baş verir. Belə bir şəraitdə 1905-ci ildə Azərbaycan  ziyalıları tarixdə ilk dəfə olaraq  rus çarına ünvanlanan tələbnamə (petisiya) hazırlayırlar. Həmin sənəddə torpaq, dil, təhsil, müstəqil mətbuat   və başqa məsələlər əksini tapmışdır. Bu tələbləri Rusiyaya qəbul etdirmək üçün Peterburqa 11 nəfərlik heyət göndərilir. Həmin heyətdə Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşi, Adil xan Ziyadxan, Fərrux Vəzirov kimi ziyalılarla yanaşı Əli bəy Hüseynzadə də yer almışdır. Əli bəy Hüseynzadənin yazdığına görə,  bütün çətinliklərə rəğmən Rusiya imperiyası Nazirlər şurasının sədri Vitte ilə görüşərək bütün tələblərini qəbul etdirirlər. Həmçinin Bakıda “Həyat” qəzetinin nəşrinə icazə alınır. Bu bir faktdır ki, “Əkinçi”dən  sonra başqa mətbu orqanlarımız nəşr olunsa da milli mətbuatımız durğunluq dövrünü yaşayırdı. “Həyat” özlüyündə milli mətbuatımıza da yeni həyat, yeni nəfəs gətirdi. Qəzetinin birinci cümləsi, sualı isə belədir: “Türklər kimdir və kimlərdən ibarətdir”? Əli bəy Hüseynzadə eyniadlı bu məqaləsində yazırdı: “Tariximiz və millətimizin böyükləri haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl özümüzü tanımalıyıq. Yəni türklərin kim olduqlarını və kimlərdən ibarət olduqlarını, harada meydana gəldiklərini, neçə şöbəyə ayrıldıqlarını, bu gün harada sakin olduqlarını və hansı adlar altında yaşadıqlarını göstərməliyik!... Keçənlərdə türk qəzetlərindən birində türk və tatarların iftixarı olan Çingizlərə və Teymurlara dair xoşagəlməz sözlərə rast gəlmişdik. Türklüklə iftixar etdikləri halda, türkün kim və kimlərdən ibarət olduğunu bilməyən nə qədər türk redaktorlarımız vardır!... Şübhəsiz, öz millətini əhya edən, öz məmləkətini abad edən, öz millətini tərəqqi yoluna sövq etməklə onu mədəniyyətin yüksək mərtəbələrinə qaldırıb şərəf qazandıran böyük cahangirlərə öz xalq və millətinin nəzəri ilə deyil, başqa və rəqib millətlərin nəzəri ilə baxarsaq, belə cahangirlər haqqında, əlbəttə, yaxşı söz deyə bilmərik.”

Əli bəy 1905-1906-cı illərdə “Həyat” qəzetinin,  1906-1907-ci illərdə “Füyuzat” jurnalının, 1907-ci ildə isə “Kaspi” qəzetinin baş redaktoru olmuşdur. “Tənqid edirik tənqid edilirik” məqaləsində ideya müəllifi olduğu, onu bütün Türk dünyasında məşhurlaşdıran  milli qayəmizi açıqlamışdır. Türkləşmək, islamlaşmaq, müasirləşmək şəklində ifadə edilən bu fikir üçrəngli dövlət bayrağımızda öz əksini tapıb. Əli bəy 1907-ci ildə “Füyuzat” jurnalının 23 sayında yazırdı:

   “Bizə dedilər ki, “Çirkabə daş atma, üzərinə sıçrar!”  Biz də bu sözü bir hikmət zənn edərək atmıyoruz. Lakin bir müddətdən bəri, ələlxüsus “İrşad” və təkfir edilən “Molla Nəsrəddin” qəzetələri bağlandıqları günlərdən bəri ətrafımız çirkablarla dolmağa başladı. Bu çirkabların qoxusu, üfunəti getdikcə artıyor. Oralardan qalxan miyazmalardan (kirli hava) insanlar xəstələniyor, qırılıyor, nə edəlim? Ata-baba sözünə itaətdə davammı edəlim?  Xeyr, əfəndim! Belə olmaz...  Çirkablara daş atmalıdır, həm də doluncaya, yox edilincəyə, vücudları ortadan qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır, qayalar yuvarlatmalıdır. Daş, qaya kafi deyildir. Oraları tibbin tövsiyə etdiyi zəhərli-zəhərli mikrob öldürücü maddələrlə doldurmalı, üzərinə neft qazı dökməli, sonra da atəş yağdırmalı, ta ki üfunətindən bir əsər qalmasın!...

”Fədai lazımdır, fəadi! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai!..İngilis, Amerikan kimi iti yerişli, yeni yaponlar kimi ətəyi qısa fədai! Çünki bu dövr ətəyi qısalar, iti yerişlilər dövrüdür. Ətək qısaldıqca heç bir vaxt iti yerişli olanın ayağına dolaşmaz. Uzun ətəklərdir ki, iti yerişlilərin, hətta ahəstə gedənlərin belə ayaqlarına dolaşır.”

1912-1913-cü illərdə Balkan müharibəsində, 1914-1918-ci illərdə isə Birinci Dünya Müharibəsində iştirak edərək Türkiyə Qızıl Aypara Cəmiyyətinin tərkibində yaralı türk əsgərlərinin müalicəsində yaxından iştirak etmişdir. İctimai-siyasi fəaliyyətinə gəldikdə, 1905-ci ildə Bakıda Stalinlə, 1916-cı ildə İsveçrənin Sürix şəhərində Leninlə görüşən Əli bəy Rusiyada yaşayan müsəlmanların gələcəyini müzakirə etmişdir. 1915-ci ildə onun və Osmanlı ziyalılarının səsi Şərqi Avropa ölkələrindən gəlir. Onlar Şərqi Avropa ölkələrinin bütün prezidentləri, baş nazirləri, məclis sədrləri ilə görüşürlər. Həmin görüşlərdə Rusiya müsəlmanlarının hüquqlarının müdafiəsi və onların gələcək dövlətçilik məsələləri müzakirə olunur. Cümhuriyyətimizin qurulmasına qədər dövlətin ideoloji əsaslarını yaratmaqla məşğul olan Əli bəy Hüseynzadə 1918-ci ildə digər ziyalılarımızla birgə Tiflis və Gəncədə Azərbaycan Xalq  Cümhuriyyətinin qurulmasında birbaşa iştirak edir. Müstəqilliyimizin elan olunmasından bir qədər sonra 1918-ci ilin iyun ayında Əli bəy Hüseynzadə Türkiyəyə yollanır və burada “Azərbaycanda düşündüklərim” adlı məqaləsin yazır:

“...Hilali-əhmər xəstəxanasına çevrilmiş bu bələdiyyə binasında (Gəncədə) Osmanlı türk nəfəri ilə Azərbaycan-türk əsgəri yaralı olaraq yan-yana yatıyorlar, bir-biriylə dərdləşiyor, qonuşuyor və cüzi şivə ixtilafına baxmayaraq, bir-birini mükəmmələn anlıyorlar... Əvət. anlıyorlar, çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları ilə İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxsləridir.

Tarixin bəzi təbii cərəyanları olur ki, onları heç bir qüvvət durduramaz, fərd nə qədər alim olursa olsun, şaşırar, yanılar, yanlış yollara sapa bilir.Fəqət tarix əsla şaşırmaz və olacaq öz təbiətiylə olur!... Anadolu türkünün Azərbaycan türkünə qovuşması da məhz bu qəbil hadisatdandır.”

 Böyük Atatürk demişdir: “Mənim bədənimin atası Əlirza əfəndidirsə, fikirlərimin atası Ziya Göyalpdır”. Ziya Göyalp isə belə söyləyib: “Mənim fikir atam Əli bəy Hüseynzadədir”. Sıradan bir şəxs olamamışdır. Peşəkar dövlət xadimi, filosof, həkim, ədəbiyyatçı, jurnalist və rəssam idi. O Höteni, Şekspiri, Adam Simiti ilk dəfə Azərbaycan və Anadolu türkcəsinə tərcümə etmişdir. Azərbaycan dəzgah boyakarlığının əsasını qoyan, Türkiyədə ilk Tibb Ensiklopediyasının müəllifi, müqayisəli ədəbiyyatşünaslığın banisi və ən əsası isə milli ideologiyamızı yaratmış məfkurə insanıdır. Uzaqgörən, gələcəyə aydın baxışı olan Əli bəy Hüseynzadə “Türk dilinin mədəni vəzifəsi”ni belə izah edib: “Ərəb dili din və məzhəb dili oldu. Fars dili şeir və ədəb dili oldu. Türk dili isə yeni dövr üçün tərəqqi və mədəniyyət dili olur!... Digər tərəfdən, mədəniyyətə xidmət etmək üçün türk millətinin fitrətində qeyri-adi istedad və zəka vardır. Belə olduğu üçün də türklər elm və texnika saha-sinə çox böyük xidmət etmişlər. Ancaq bizim çoxumuz hələ bunu bilmir. Çünki türklərin özləri tərəfindən ya-zılan əsərləri unudub türk tarixinə türk olmayanların: məsələn, ərəbin, farsın, rusun, fransızın, çinlinin gözü ilə baxırıq.”

1926-cı il. Atatürk-Stalin qarşıdurması pik həddinə çatır. Atatürk Bakıda keçirilən I Türkoloji Qurultaya nümayəndə heyəti göndərir. Türkiyə nümayəndə heyətinə Əli bəy Hüseynzadə başçılıq edir. Gürcüstan ərazisinə daxil olandan ta ki Azərbaycana-Bakıya qədər Əli bəy Hüseynzadə və nümayəndə heyəti təqib olunur. O, Fətəli Xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi, Tələt Paşanı və bir çox başqa dövlət xadimlərimizi qətlə yetirən erməni terrorçularının da hədəfində olub. Ermənilərin Azərbaycanın görkəmli şəxsiyyətlərini şəhid etdikləri “Nemezis” əməliyyatının təşkilatçı və rəhbərlərindən olan Şahan Natali Əli bəy Hüseynzadəni yaxşı tanıyırdı. Onu “Salyanlı filosof” deyə adlandırırdı. Şübhəsiz ki, Əli bəyi də öldürmək istəyiblər, amma xoşbəxtlikdən bu baş tutmayıb.

Əli bəy Hüseynzadə bəşəriyyətin xilasını məhəbbətdə, sevgidə, qarşılıqlı güvəndə, etibarda gördüyü üçün zaman-zaman “Nicat məhəbbətdədir!” demişdir. O bugünkü dövrümüzdə də dünyanın yaşadığı problemlərin səbəbini biganəlikdə, laqeyidlikdə, sevgisizlikdə görən dərin idrak sahibi idi. Müəllifi olduğu  “Nicat məhəbbətdədir!” məqaləsi 1906-cı ildə “Füyuzat” jurnalında çap olunub. Bu məqalənin dərc edilməsindən 120 il ötür. Lakin dünyamızın hal-əhvalı elə XX əsrin əvvəlində olduğu kimidir. Dörd bir yanda müharibə, qan, istila, haqq-ədalətin tapdanması və bunların qurbanı olan günahsız insanlar. Lakin Əli bəy çıxış yolunu göstərib:

...“Görəsən, insanlar arasında istər Rusiyada, istər Avropada, istər İslam məmləkətlərində İsa (ə) və Muhəmmədin (s) arzu və tələb etdikləri bu məhəbbəti nə ilə və nə vasitə ilə təmin etmək olur? O vasitəni bəşəriyyət kəşf edə bilibmi? Şübhəsiz, etmişdir. O nədir? Hürriyyət və kamil bir ədalət!.. Fəxri-kainat (s) əfəndimiz buyurmuşdur ki, küfr zəlalətində olan bir məmləkət ədalət ilə baqi qalacağı kimi, ədalət olmayan bir ölkə İslam adını daşısa da, baqi olmaz... Ədalət olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və sevgi də olur. Həzrət İsanın (ə) Həzrət Muhəmmədin (s) də şəriət və qanunları bu həqiqətə söykənir”.

Bu il 150 illiyini qeyd etdiyimiz milli mətbuatımızın inkişafında, bir millətin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən söz azadlığı, hürriyyət anlayışlarının xalqa çatdırılmasında Əli bəy Hüseynzadənin misilsiz xidmətləri olmuşdur. Onun Azərbaycan ictimai fikri və mətbuat tarixindəki xidmətlərindən ən çox diqqəti cəlb edən  davamlı olaraq söz və mətbuat azadlığı uğrunda mübarizə aparmasıdır. Ədəbi-tənqidi və publisistik məqalələri, şeirləri, siyasi və fəlsəfi fikirləri ilə Əli bəy Hüseynzadə bütün həyatıboyu söz azadlığı və hürriyyəti təbliğ və təşviq etmişdir. Məhz belə bir şəxsiyyət XX əsrin əvvəlində Azərbaycanın mənəvi və məfkurəvi əsaslarını hazırlamışdır. Qardaş Türkiyədə müasirləri onu “Rəsuli-Həqq” (haqqın elçisi), “Türk böyüyü”, “Yalavaç” (peyğəmbər)  adlandırmışlar. Mütəvazı, həqiqi və ciddi elm adamı, hər cür reklam ve göstərişdən uzaq insan kimi onu xarakterizə etmişlər. Azadlıqla bağlı fikirlərini “Hürriyyət” məqaləsində belə ifadə etmişdir:

...Ey illərdən, əsrlərdən bəri üzünə, gözəl camalına müştaq olduğumuz, həsrət çəkdiyimiz hürriyyət! Bu gün sənin camalını, gözəllik və ucalığını bütün parlaqlığı və dəbdəbəsi ilə, bütün doğuş və qürubu ilə seyr və tamaşa etməyə başladıq! Ey cahanı həyəcanlandıran dilbər! Camal və gözəlliyini bu xalqa göstərməkdən, şirin sözlərini hər kəsə eşitdirməkdən çəkinmə!...

Dərdlərə dərman sənsən, sən! Yaralara məlhəm sənsən, sən! Odu-alovu, ürəkdəki yanğını söndürən, ruhdan düşənləri, qəlbi ölmüş duyğusuzları dirildən sənsən, sən! Haqq və həqiqətin bərqərar olmasına, bərabərlik məhkəməsində ədalətin haqlı hökmranlığına yol göstərən sənsən, sən! Hər növ xeyirli işlər uğrunda çalışmaq üçün fikir-xəyala, etiqad və vicdana, hər dil-də danışan xətiblərin, yazıçıların, qələm əhlinin nitq və sözünə geniş bir meydan açan sənsən! Bəşəriyyətin ən böyük ehtiyacı, mədəniyyətin tərəqqi və təkamülünün ən güclü təkanverici qüvvəsi olan cəmiyyətlərə, şirkət-lərə, ittifaqlara, birliklərə tam sərbəstlik verən sənsən, sən! Əlqərəz, insanlar arasında dil və şivə, din və məz-həb, xalq və milliyyət fərqi qoymadan fikir və amalın nəsim (səhər) küləyində sərbəst nəfəs almağa icazə verən sənsən, sən!

   Yaşa, hürriyyət, yaşa! Buraxın məni, səsim yetdiyi qədər hayqırım: "Yaşa hürriyyət, yaşa!"

Əli bəy Hüseynzadədən çox böyük bir mənəvi miras bizə qalmışdır. O miras ki öz kimliyini tanıma, insani keyfiyyətləri ortaya çıxarmağın açarları, mənəvi feyzləri əldə etməyin yolları, tərbiyə məqsədilə vəzifələndirilən qələmin sehri, bir zamanlar millətimizin həsrət qaldığı “hürriyyət” və onun əldə edilmə yolları göstərilir. Eləcə də dilimiz və onun  mədəni vəzifəsi, insanlığın ümumi qayəsinin nə olduğu və nədə gizləndiyi Əli bəy Hüseynzadə tərəfindən özünəməxsus şəkildə şərh edilib. Azərbaycan bayrağında əbədiləşən Əli bəyin ölməz fikirləri bu günümüzün insanına da həqiqətin və ülvi dəyərlərin dərki istiqamətində işıq tutur. Təssüf ki, onun nəsil şəcərəsi  bu gün davam etmir. Türkiyə və Fransada böyük rəssam kimi məşhurlaşan oğlu Səlim Turanın, ortancıl övladı Səidə Turanın və son beşiyi  Feyzavər Turanın övladları olmamışdır.

Ona “Pərdənin arxasındakı”, “Pərdəni silkələyən adam” da deyirdilər. Sözü bu idi: “Mən istəmirəm ki, biz avropalıların mədəsində həzm olaq.Mən istəyirəm ki, biz avropalıların beynini həzm edək.”

 

 

Nihad Bayramlı

“Naxçıvan” radiosunun baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: