Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəzasız cinayət” adlı sənədli filmin təqdimatı olacaq.
NUHÇIXAN xəbər verir ki, Bakı Dövlət Universitetinin əməkdaşı, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin ssenari müəllifi, rejissoru və prodüseri olduğu ekran əsəri ötən il Ankarada Beynəlxalq Xocalı Simpoyzumunda nümayiş olunub. Tarixi – publisistik elmi kütləvi janrları özündə birləşdirən ekran əsərində Xocalı Soyqırımının səbəb və nəticələri göstərilir, tarixi, hüquqi, siyasi, psixoloji aspektləri təqdim olunur.
Elmi siyasi faktlara əsaslanan sənədli filimdə Xocalı Soyqırımı 200 ildən bəri erməni şovinistlərinin və onların havadarlarının azərbaycanlılara qarşı törədikləri terror və kütləvi qırğın aktlarının soyqırımı siyasətinin yeni tarixi mərhələsi kimi təqdim edilir. Filimdə əsr və girov götürülmüş Xocalı sakinlərini, soyqırımı şahidlərini, həmçinin soyqırımı qurbanlarını öz gözləri ilə görüb qələmə alan xarici jurnalistlərin ifadələri ilə bu soyqırımın təkcə azərbaycanlılara deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş beynəlxalq cinayət olduğu əsaslandırılır. Lakin, bu cinayətin təşkilatçılarının və iştirakçılarının cəzalandırılmaması, beynəlxalq qurumların, eləcədə BMT – nin Təhlükəsizlik Şurasının, Avropa Şurasının hələdə Xocalı soyqırımına hüquqi, siyasi qiymət verməməsi faktı xüsusi vurğulanır.
Filmdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xocalı Cinayət İşi üzrə İstintaq Qrupunun materiallarından, Almaniya Xarici İşlər Nazirliyinin Siyasi Arxivinin, Türkiyənin Başbakanlık Osmanlı arxivi, Hərbi Tarix və Strateji Araşdırmalar İdarəsi Arxivinin sənədlərindən, xarici ölkələrin mətbuat nümunələrindən istifadə olunub.
Tədbir çərçivəsində eyniadlı sərginin açılması da nəzərdə tutulub. Sərgidə Azərbaycanın tanınmış rəssamları və heykəltəraşları Xalq rəssamı Xanlar Əhmədovun, Vaqif Ucatayın, Nazim Məmmədovun, Sahib Quliyevin, Vüqar Quliyevin, İslam Abdullayevin, Rahib Qarayevin, Aslan Rüstəmovun, Teymur Rüstəmovun, Mahmud Rüstəmovun, Nəriman Tağıyevin, Ləman Məmmədovanın Xocalı soyqırımına həsr edilmiş 60-dək əl işi nümayiş etdiriləcək.