Yaratdığı obrazları ilə əsl azərbaycanlı ruhunu aşılayan - aktyor

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün Aktyor, rejissor assistenti, Azərbaycanın xalq artisti Mustafa Mərdanovun doğum günüdür.

Əslən Cənubi Azərbaycandan olan Mustafa Həşim oğlu Mərdanov 1894-cü ildə Mərənddə anadan olub. Uşaq yaşlarında ailəsi ilə Tiflisə köçən Mustafa buranın mədəni mühitində böyüyüb. O, Gimnaziyaya daxil olduqdan sonra teatra böyük maraq göstərib. Tiflisin müsəlman dram dərnəyində çıxış etməyə başlayan Mustafa Mərdanov sonra Tiflis Azərbaycan Dövlət Teatrının direktoru vəzifəsində fəaliyyət göstərib. Ali təhsil almaq üçün Moskvaya gələn gənc aktyor burada Dövlət Teatr Sənəti İnstitutuna daxil olub. Burada tanınmış aktyorlardan sənətin sirlərini dərindən öyrənən gənc aktyor 1924-cü ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətinə davam edir. Onun ən böyük arzusu Azərbaycanda teatr sənətinin yüksək inkişaf etməsi və burada da ən qiymətli əsərlərin tamaşaya qoyulması olur. Bu uğurda bütün bacarığı ilə çalışan gənc aktyor obrazı özününküləşdirməklə qalmır, həmçinin onunla yaşayırdı. Onun ilkin olaraq yaratdığı rollarda klassik ənənələr çox güclü idi. Böyük sənətkarlarla çalışan Mustafa Mərdanov aktyor məktəbi üçün də əsl təcrübədən keçib. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və onlarla sənət korifeylərindən öyrəndikləri aktyorun sənət yoluna işıq salıb.

“Hacı Qara”da Kərəməli, “Yağışdan Çıxdıq Yağmura Düşdük”də Qəmbər, “Nadir Şah”da Ədhəm kimi rolları Tiflis teatrında yaradan aktyor, Bakı teatrında daha ciddi rolları ifa edir. Bunlara “Sevil”də İmamverdi, “Həyatın Dibində” Luka, “Günahsız Müqəssirlər”də Şmaqa, “Hamlet”də Poloni və sair onlarla səhnə qəhrəmanı onun ifasında tamaşaçı alqışı ilə qarşılanıb. Mustafa Mərdanovun teatr yaradıcılığı milli aktyorluq sənətimizi zənginləşdirməklə bərabər, həm də ona yeni rəng, çalarlar gətirib.

Onu tanıyanların xatirəsində nikbin olaraq qalan Mustafa Mərdanov haqqında qeyd edilib ki, “həmişə teatra məşqə gələndə həmin günü xoş keçəməsi üçün deyib-gülər, hamıda şən əhval-ruhiyyə yaradan bir insan olub”.

O, teatrda işlədiyi vaxtlar filmlərə də çəkilməyə dəvət alırdı. “Bismillah” kinosunda o, Muzdur Qulu rolu ilə ilk filimə çəkilib. Sonra Aleksandr Litvinovun “Müxtəlif Sahillərdə” filmində Abbas rolunda çəkilib. Aktyorun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli rolu olub. Kinoda nökər obrazını o, çox istedadla ifa edib.

Sonralar “Sevil”də Atakişi, “İyirmi Altı Komissar” və “Bakılılar” filmində menşevik rollarını oynayıb. Qardaşı, məşhur kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi Mustafa müəllimin yaradıcılığında yeni bir hadisə olub. Demək olar ki, hər il filmə çəkilməyə başlayıb. “Yeni Horizont”da trest müdiri, “Səbuhi”də akademiya rəisi rollarında filmlərə çəkilib.

Müharibə ərəfəsində bir müddət filimlərə çəkilməyən aktyor 1955-ci ildən başlayaraq yenidən filimlərdə rol alıb. O, “Görüş” filmində adi kolxozçu, “Qara Daşlar”da Dəmirov kimi çox ciddi rolu ifa edib. “O Olmasın, Bu Olsun” filmindəki “intellegent” Həsən bəy rolu və “Əhməd Haradadır?” filmində Məhəmməd kişi rolu sənətkarın yaradıcılığında xüsusi əhəmiyyət daşıyıb. Onun növbəti uğurlu rolu “Qanun Naminə” filmində Murtuzov roludur ki, aktyor ömrünün son akkordlarını bu filmdə vurub. Mustafa Mərdanov bu rolu çox təbii yaradır, o, mənfi tip olsa da, tamaşaçının yadında qalır.

1968-ci il dekabrın 12-də həyata əbədi gözlərini yuman böyük sənətkar oynadığı rolları ilə xatirələrdə ölümsüzləşir.

Görkəmli aktyorun ömrünü həsr etdiyi yaradıcılıq sənəti yüksək qiymətləndirilərək “Qırmızı Əmək Bayrağı” ordeni, medallara və Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Həmçinin “50 il Azərbaycan Səhnəsində Xatirələrim” kitabı 1959-cu ildə çap edilib. Ölümündən sonra isə 1973-cü ildə “Mənim Müasirlərim” xatirə kitabı nəşr edilərək oxuculara çatdırılıb.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: