Oynadığı obrazlarla xatirələrdə yaşayan aktyor Məmmədsadıq Nuriyevin bu gün doğum günüdür.
Görkəmli aktyor 1919-cu il mart ayının 5-də Bakının Sovetski adlanan dağüstü məhəlləsində anadan olub. İlk təhsilini Bakı şəhərində Bədəl bəy Bədəlbəyovun məktəbində alan Məmmədsadıq Nuriyev sonra Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olaraq, təhsilini davam etdirir. O, burada aktyorluq sənətinin sirlərini dövrünün məşhur aktrisalarından olan Fatma Qədridən öyrənir. Təhsilini başa vuran gənc aktyor Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayır. Burada 8 il işlədikdən sonra bir müddət Gəncə Dövlət Dram Teatrında və 1956-cı ildən isə Azərbaycan Dövlət Musiqili Teatrında aktyor kimi fəaliyyət göstərib.
Ömrünün böyük bir hissəsini müxtəlif teatrların səhnəsində maraqlı rollar ifa etməyə adayan aktyor yaratdığı səmimi xarakterlərə görə tez bir zamanda geniş tamaşaçı rəğbəti qazanır. O, bu istedadına görə az müddət ərzində filmlərə dəvət alır. Bir çox filimlərdə rollara çəkilən Məmmədsadıq Nuriyevə əsasən kiçikplanlı və epizod rollar həvalə edilir. Ancaq işinin peşəkarı olan aktyor hər bir rolun mahiyyətini tamaşaçıya dolğunluqla çatdırmağı bacarır. Bütün bunlara görə aktyorun ekran obrazları kinosevərlərin yaddaşında unudulmaz olaraq qalır.
Məmmədsadıq Nuriyevin maraqlı kino obrazlarından - “Axırıncı aşırım”da Səməndər, “Əhməd haradadır?”da fəhlə Əhməd, “Koroğlu”da Kosa Səfər, “Qanun naminə”də Sərrafzadə, “Sehrli xalat”da tacir, “Sevil”də Məmmədəli bəy, “Sən niyə susursan?”da arıq, “Tütək səsi”da Səlim, “Ulduz”da Bayram, “Uşaqlığın son gecəsi”da Davud, “Yeddi oğul istərəm…”də Kosa və digər rollarda hadisələrdəki epizodları dəqiqliklə çatdırıb, mahiyyətini tamaşaçının anlaması və düşünməsinə imkan yaradıb. O, rol almaqla bərabər, bir neçə filmin səsləndirilməsində də iştirak edib.
İstedadlı aktyor 1975-ci il martın 25-də əlli altı yaşında dünyasını dəyişib. O, filmlərdə az rollarda çəkilsə də, yaradıcılığı ilə obrazları dolğun, inandırıcı canlandırdığına görə xalqın qəlbində xatirəsi daim əziz tutulur.
Məmmədsadıq Nuriyevin ömür yoluna nəzər salanda onun sənətinin davamçısı Xalq artisti Yaşar Nurini xatırlamamaq mümkün deyil. Ata və oğulun oynadıqları rollarla parlayan sənət ulduzları sönməz olaraq qalır. Hər iki sənətkarı böyük hörmətlə anırıq.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru