Pərdələr enməmiş teatr tamaşalarına bilet alın

Bu gün Milli Teatr gündür

A- A A+

Ulu Öndər  Heydər Əliyev bir çox tamaşaların əksəriyyətinin premyerasında iştirak edərək tamaşa haqqında, eləcə də, yaradıcı simalarla bağlı fikir bildirərək deyirdi: “Teatr müqəddəs bir yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır”.

Bəli, teatr sənət və ədəbi janrların mövzusudur. Teatr tarixdən bəhrələnsə də, onu öz təbiətinə uyğun olaraq humanistləşdirir.

Hələ eradan əvvəl V əsrdə Qədim Yunanıstanda özünə kütləvi auditoriyalar toplayan teatrlarda tradegiya və komediya janrlarında bir çox əfasanəvi qəhrəmanların obrazları yaradılıb. Komik səhnəcikləri ifadə edən tamaşalar zaman keçdikcə xalq teatrı kimi formalaşaraq yaxın Şərq ölkələrində Hindistan, Çin, İndoneziya, Yaponiya, Misir və Romada geniş yayıldı.

Eradan əvvəl tamaşalar açıq səma altında amfiteatrlarda minlərlə insanın önündə oynanılıb. Tədricən mədəniyyətin ümumi inkişafı nəticəsində teatra söz, musiqi, dialoq, Pantomima və rəqs əlavə olundu. Ümümilikdə teatr Antik dövr, Roma teatrı, orta əsrlər, intibah, orta sinif, XIX əsr, romantizm və çağdaş teatr olmaqla yeddi mərhələdən keçib.

1873-cü ildə Bakı Realnı Məktəbinin tələbələri tərəfindən M.F.Axundovun "Lənkəran xanın vəziri" əsəri ilə Azərbaycan teatrının əsası qoyulub. Bir neçə gün sonra isə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun da rol aldığı "Sərgüzəşti mərdi-xəsis" tamaşası səhnələşdirilib. Dövrün maarif carçıları Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun rəhbərliyi ilə teatr daha da canlanıb. Onlar Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldərək orada həm də "aktyor" kimi çıxış edirdilər. Taeatrın təşəkkülü isə Cahangir Zeynalov və Hüseyn Ərəblinsikinin adı ilə bağlıdır. Və bununla da Azərbaycanın ilk operası, Üzeyir Hacıbəyovun "Leyli Məcnun"u səhnələşdirilib. Azərbaycan teatrı milli dramaturgiya ilə yanaşı, 1904-cü ildə Şekspirin "Otello" əsərini səhnələşdirib. 1940-cı ilə qədər 40-a yaxın dövlət statuslu teatr yaradılsa da, hazırda 31 teatr fəaliyyət göstərir ki, burada 700-dən artıq aktyor çalışır.

Teatrda tamaşaçı qıtlığı

Bütün dünyada demək olar ki, teatr insanların hobbisinə çevrildiyi halda bizdə istər adi günlərdə, istərsə də bayramlarda tamaşaçı qıtlığı yaşanır. Teatr mədəniyyəti formalaşmır. Konsert proqramları və musiqili meyxana məşhurlaşandan sonra teatrlara həvəs həddən artıq azalıb. Bəs bu sırf müasir dövrdəmi baş verdi? Əvvəllərdə konsert proqramları təqdim edilirdi izləyicilər isə həm konsertə, həm də teatra dinlənmək və zövq almaq üçün üz tuturdular. Get-gedə intiligent olmağımız deyəsən təkcə teatra düşmədi.

Əvvəllər tamaşa biletlərini təkcə teatrın kassalarında əldə edirdiksə, indi həm də  İticketli satışa üstünlük verilir. İnsanlar vaxt itkisi etmədən onlayn biletlər əldə edə bilirlər. Əslində biletlər də baha qiymətə satılmır. Minimum 20 manatlıq konsertə bilet alanlar 3 manata teatra getmirlər.

Araşdırmalar göstərir ki, əhalinin teatra getməməsinin səbəbləri arasında təkcə madiyyat yox maraqsız tamaşalar da yer alır. Gündəmi tutmaq əvəzinə iylənib, köhnəlmiş və kif basmış tamaşalar təkrar-təkrar səhnələşdirilir. Və nəticədə çəkilən əmək, verilən qiymət hədər olur. Bununla yanaşı, bəzən səhnə dekorasiyası çox zəif olur. Amma bu o demək deyil ki, aktyorlar həvəsdən düşməli, rollarını zəif oynamalıdırlar. Onlar daima müasir çağrışlarla səsləşən əsərləri səhnələşdirməyi bacarmalıdır. Bəlkə də teatrı daha da canlandırmaq üçün efiri doldurmaqda çətinlik çəkən telekanallarda səviyyəli teatrların tamaşasını təşkil edə bilərlər.

Bəs Naxçıvan teatrlarında vəziyyət necədir?

Bu gün teatra ölkə başçısı tərəfindən yüksək qiymət verilir. Bir çox teatrlar restavrasiya edilərək qapılarını öz tamaşaçılarına taybatay açır. Prezidentin Sərəncamı əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, teatrın inkişafı üçün Dövlət Proqramı uğurla həyata keçirilir.

Son illərdə Naxçıvan teatrlarına həddən ziyadə maraq artıb. Teatra sanki yeni fikir, yeni nəfəs, yeni ruh gəlib. Gənc aktyorlara üstünlük verilir. Onlar da rollarının üstəsindən məharətlə gəlir. Bəlkə də yazdıqlarım sizə pafos kimi görünə bilər, fəqət bircə dəfə qədəm qoysanız öz gözlərinizlə şahid olacaqsınız dediklərimizə. Demək olar ki, hər şənbə günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında, Kukla teatrında tamaşalar qoyulur. Həm sevilən, həm maraqla izlənilən, həm də yadda qalan bu tamaşalar teatra marağı daha da artırır. Yaşından asılı olmayaraq hər kəsə tövsiyə olunur ki, pərdələr enməmiş teatr tamaşalarına bilet alsın, özü də ən ön cərgələrə. Əmin edirəm ki, çox istedadlı aktyorlar var teatr səhnələrində. Siz sadəcə bir dəfə qədəm qoyun sonra ora sizin üçün müqəddəsləşəcək.

Bu gözəl gün münasibəti ilə bütün teatr əməkdaşlarını təbrik edir, sənətin davamı üçün göstərdiyiniz əzmkarlığa görə sizinlə qürur duyuruq!

 

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: