Onun adı deyiləndə “Qaynana”da Cənnət xala, “Ögey ana”da Fatmanisə, “Ulduz”da Züleyxa, “Böyük dayaq”da Telli və sair filmlərdə oynadığı obrazlarla yada düşərək, gözlər önündə canlanıb insana sevinc, gülüş hissləri aşılayır. Bu duyğular qarşısında bir daha əmin olursan ki, əsl sənətkar heç zaman unudulmur.
Bu gün xalqımız üçün xatirəsi əziz olan Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı Nəsibə Zeynalovanın anım günüdür.
Görkəmli aktrisa Nəsibə Zeynalova 1916-cı il aprel ayının 20-də Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir, eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalovun ən böyük arzusu idi ki, yeganə övladı olan Nəsibə xanım onun sənətini davam etdirsin. Ancaq vaxtsız əcəl Cahangir Zeynalovun arzusuna çatmağı görməyi nəsib etmir. Nəsibə xanım iki yaşında atasını itirir. Ancaq atasının bu istəyi onun sənət yolunun başlanğıcı olur. O, Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənir.
Orta məktəb illərindən rəqqasəlik edib, milli oyun havalarının bütün incəliklərinə qədər öyrənən Nəsibə Zeynalova sonra Rza Təhmasibin dram dərnəyinə üzv olur. O, 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa kimi işləməyə başlayır. Burada bir il aktrisalıq edən Nəsibə xanım sonra yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa olaraq işə götürülür. Həmin il Bakı Teatr Məktəbinə daxil olan görkəmli sənətkar burada Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alır. O, bu illərdə Vilyam Şekspirin “Şıltaq qızın yumşalması” əsərində Katarina, Jan Batist Molyerin “Don Juan”dan Elvira, Fridrix Şillerin “Mariya Stüart” əsərindən Yelizaveta rollarını oynayır.
Musiqili Komediya Teatrına ömrünü adayan aktrisa milli klassik operettalarımızın tamaşalarında - “Ər və arvad”da Gülpəri, “Arşın mal alan”da Cahan xala, “Məşədi İbad”da Sənəm kimi xarakterik səhnə obrazlarında çıxış edir.
“Azərbaycanfilm”inin çoxlu ekran əsərlərinə çəkilən Nəsibə Zeynalova onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış edib. Onun oynadığı rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında yer alıb. Bütün bu xidmətlərinə görə görkəmli sənətkar əvvəlcə Əməkdar, sonra isə Xalq artisti, Azərbaycan Dövlət Mükafatı Laureatı fəxri adlarına layiq görülüb. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmini çəkib.
Xalq artisti Nəsibə Zeynalova 2004-cü il mart ayının 10-da Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, milli teatrımızın inkişafında böyük xidmətləri olan Nəsibə Zeynalovanın 100 illiyi və atası görkəmli aktyor, teatr xadimi Cahangir Zeynalovun 150 illiyi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə silsilə tədbirlərlə qeyd edilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru