Vətənim öl desə, ölən şairəm - Süleyman Rüstəm

A- A A+

Hər şey satılsa da, ürək satılmaz,

Əgər tapmasa da, çörək satılmaz,

Könüldə bəslənən dilək satılmaz,

Vətənim öl desə, ölən şairəm...

Bu gün Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim Süleyman Rüstəmin doğum günüdür.

1906-cı il mart ayının 12-də Novxanı kəndində anadan olan şairin uşaqlıq illəri doğma kəndində, Xəzərin sahilində keçib. Onun həyatı olduqca çətin, yoxsulluq, mübarizə dolu olub. O, gənc yaşlarından yaradıcılığa başlayıb. Şeirlərində əsasən, kəndli əməyinə, zəhmətə böyük qiymət verib. Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alan Süleyman Rüstəm “Gənc işçi” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olan şair bir müddət təhsil aldıqdan sonra Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsət fakültəsinə köçürülüb. İlk qələm təcrübəsi olan “Unudulmuş gənc” adlı şeiri “Maarif və ədəbiyyat” jurnalında çap olunub. Bununlada dövrü mətbatda müntəzəm olaraq şeirləri ilə çıxış edən şair yeni həyatı tərənnüm edir və məqalələr yazırdı. Şairin yaradıcılığına çox böyük təsir göstərən amillərdən biri də İkinci Dünya müharibəsi olub. Alman faşizminə qarşı aparılan mübarizəyə həsr etdiyi əsərləri döyüşdə iştirak edən azərbaycanlılara vətənpərvərlik hisslərini aşılayıb. Onun  “Ana və poçtalyon”, “Ana ürəyi”, “Gün o gün olsun ki”, “Durnalar” şeiri həmin dövrdə qəzet və jurnallarda çap  olunub.

Şair Cənubi Azərbaycan mövzusuna da toxunmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. Onun Cənub səfəri zamanı burada yaşayan azərbaycanlıların ağır həyat tərzi ilə tanışlığı Süleyman Rüstəmi dərindən sarsıdıb. Onun “Təbrizim”, “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində şair əzablı, cəfalı günlər keçirən soydaşlarımızın ağır həyat yolunu qələmə alıb.

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim Təbrizim, gözəl Təbrizim!

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

 Azərbaycan ədəbiyyatında tərənnüm, vəsf və ithaf şeirlərinin yaradıcılarından biri olan

Süleyman Rüstəm ötən əsrdə yaşayıb-yaratmış bəzi həmkarları ilə müqayisədə həmin dövrdə bəxti gətirən qələm sahiblərindəndir. O, dövrün repressiyasından qorunmağı bacararaq XX əsr Azərbaycan poeziyasının çoşqun ruhlu, novator şairlərindən biri olub.  Ancaq bir çox tədqiqatçılar Süleyman Rüstəmi “sovet şairi” kimi səciyyələndirib. Qeyd edə bilərik ki, şair həmin dövrdə qatı sovet rejiminin içində poetik məzmunu və mövzusu son dərəcə dəyərli olan əsərlər yaradıb.

Azərbaycanının bütün bölgələrini gəzib, diyarmızın hər guşəsinə şeir yazan şair daha çox şeirlərini Xəzər dənizinə həsr edib. Bunlara “Xəzərdə”, “Xəzər nəyə bənzəyir”, “Xəzərdə gecə”, “Xəzərin səhəri”, “Xəzər və durnalar”, “Xəzərim olsun” və sair şeirləri aiddir. Onun yaradıcılığının əsas qayəsini  sevgi, inam təşkil edir. Vətəni vəsf edən şair onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edir.

  

Süleyman Rüstəmin “Əzizlərdən əzizlərə” adlı lirik bir poemasında müharibə illərindən XX əsrin dəhşətli insan faciəsindən bəhs edir. Şair, vətəndaş kimi bu müharibənin bütün acılarını yaşayaraq bütün yaradıcılığını səfərbərliyə həsr edir. O, vətəni, xalqı, ölkənin ləyaqətini qorumağa çağırır. O, qələbəyə inanırdı, həm də bu inamı insanlara aşılayırdı. Həmin dövrdə qələmə aldığı “And”, “Gün o gün olsun ki” şeirlərində dərin inamı ifadə edən Şair bu hissi oxucuya çatdırmağı bacarıb.

Uzun müddətli yaradıcılığı boyu Süleyman Rüstəm bir çox məsul vəzifələrdə işləyib. “Ədəbiyyat” qəzetinin baş redaktoru, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, “Azərbaycan”, “Kirpi” jurnallarının və “Sovetski pisatel” nəşriyyatının redaksiya heyətinin üzvü, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Ali Sovetinin deputatı və Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib. Xidmətlərinə görə Azərbaycan Əməkdar İncəsənət xadimi, Azərbaycan Xalq Şairi, SSRİ Dövlət Mükafatı Laureatı, Sosialist Əməyi Qəhrəmanı  fəxri adlarını alıb. İki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, üç dəfə Lenin Komitəsinin Fəxri Fərmanı və bir sıra medallarla təltif olunub.

Ömrünün sonuna qədər Azərbaycan şeirinin, ədəbiyyatının inkişafına sədaqətlə xidmət edən Süleyman Rüstəm Azərbaycan xalqının həyatında böyük iz qoyub dünyasını dəyişən görkəmli şəxsiyyətlərdən biri olub. O, 1988-ci ildə iyunun 10-da Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn edilib.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: