Azərbaycan kinosunun Mixaylosu

A- A A+

O, bir çox film və teatr tamaşalarında səhnədə olsa da, əsasən, xalq arasında Mehdi Hüseynzadənin xarakterini yaradan “Mixaylo” rolu ilə tanındı, sevildi və xatirələrdə yer aldı…

Bu gün Azərbaycan kinosunun Mixaylosu, Xalq artisti Nodar Şaşıqoğlunun doğum günüdür.

Nodar Şaşıqoğlu əslən acarıstanlı olsa da, Tbilisidə 1927-ci il mart ayının 13-də dünyaya göz açıb, oranın mühitində boya-başa çatıb. Aktyorluğa məhəbbət ailələrinə doğma olduğundan onun da teatra sevgisi hələ kiçik yaşlarından yaranıb. Əmisi, Əməkdar artist Ülvi Rəcəb Azərbaycanın görkəmli teatr aktyorlarından, romantik və realist aktyor məktəbini peşəkar ifaları ilə zənginləşdirən sənətkarlarımızdan biri olub.

Görkəmli aktyor orta məktəbi və Şukin adına Teatr İnstitutunu bitirdikdən sonra bir il müddətində Vaxtanqov adına teatrda işləyib. Moskva şəhəri gənc aktyoru özünə cəlb etdiyindən o, burada yaşayıb, Taqanka Teatrında 6 il çalışıb. Onun səhnəyə yaraşıq verən xarici görünüşü, istedadı kino rejissorlarının da diqqətindən yayınmayıb. O, ilk dəfə “Mosfilm” kinostudiyasında Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə sərkərdə Mehmet bəy Fateh rolunu oynayıb. Sonra “Odessa” kinostudiyasında çalışan aktyor teatra olan sevgisinə görə yenidən Moskva teatrına qayıdır. Onun bacarıq və istedadı ilə tanış olan kinorejissor Tofiq Tağızadə “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə roluna onu dəvət edir. Bu haqqda Nodar Şaşıqoğlu müsahibələrində bildirir: “O vaxt adım afişalarda “Nodar Şaşıq” kimi yazılırdı. Rejissorla tanış olanda təsadüfən özümü Nodar Şaşıqoğlu kimi təqdim etdim. Elə o vaxtdan da bu soyad rəsmiləşdi”.

Tofiq Tağızadənin peşəkar şərhi və aktyorun rolunu yüksək səviyyədə təqdim etməsi nəticəsində, Mehdi Hüseynzadə obrazına görə o, xalqın böyük sevgisini qazanır. Bu haqqda aktyor qeyd edib: “Uzaq sahillərdə” filmi “Vətən” kinoteatrında göstəriləndə bilet almaq istəyənlərin növbəsi “Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı. İnanırsınız?.. Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu”.

Bu uğurlu filmdən sonra Tofiq Tağızadə görkəmli aktyora daha iki filminin baş rollarını həvalə edir. Nodar Şaşıqoğlu “Əsl dost” filmində Fərman və “Matteo Falkone” filmində isə Matteo Falkone obrazını yaradır.

Bədii qiraətlə də məşğul olan görkəmli aktyor qiraəti özünün ikinci peşəsi hesab edir. Bu barədə xatirələrində yazan Nodar Şaşıqoğlu qeyd edib: “Mən Mayakovski, Lermontov, Yesenin, Qarsiya Lorka adına müsabiqələrin qalibi olmuşam.Təsəvvür edin ki, Moskvada “Sirano de Berjerak” əsərində baş rolun məşqlərini yarımçıq qoyub Bakıya konsertə şeir oxumağa gəlirdim.”

Görkəmli aktyor “Səhər”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız”, “De ki, məni sevirsən!”, “Sevinc buxtası”, və sair filmlərində də fərqli xarakterlərin fərdi cəhətlərini yaradaraq geniş tamaşaçı sevgisi qazanıb.

Həyatının müəyyən bir hissəsini Moskva teatrında çalışıb, ömrünün sonuna bir neçə il qalmış Bakıya qayıdan görkəmli sənətkar Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram tetarında çalışıb. Onun sonuncu teatral obrazlarından biri oynadığı “Kral Lir” tamaşasındakı Kral Lir obrazı olub.

Sənətinə bəslədiyi böyük sevgisi və oynadığı uğurlu rollarına görə Nodar Şaşıqoğlu əvvəlcə Azərbaycan SSR əməkdar artisti, sonra isə Azərbaycan SSR xalq artisti adına və “Şöhrət” ordeninə layiq görülüb.

Oynadığı obrazlarla həyatını rənarəng edən istedadlı aktyor 2013-cü ilin aprel ayının 12-də 86 yaşında Bakı şəhərində vəfat edib. Həyatını teatrsız təsəvvür etməyən aktyor dünyadan köçüb getsə də, tamaşaçılarının qəlbində Mixaylo kimi qalaraq xatırlanır və ehtiramla anılır.

Səriyyə Salahova

Naxçıvan televiziyasının əməkdaşı

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: