Naxçıvan televiziyasının Novruz çəkilişi: Sənərtkarların və gənc istedadların Naxçıvan təəssüratları - FOTOLAR

A- A A+

13 mart tarixində Azərbaycanın məşhur sənətkarları, muğam ifaçıları və gənc istedadları Naxçıvan televiziyasının təşkil etdiyi Novruz çəkilişində iştirak ediblər. Sənətkarlar və gənc istedadlar NUHÇIXAN-a müsahibə verib. Həmin müsahibəni sizlərə təqdim edirik.

Gülyanaq Məmmədova: Azərbaycanın və Özbəkistanın Xalq artisti

Naxçıvan bizim üçün doğma və əzizdir

Naxçıvan televiziyasının Novruz bayramı çəkilişlərində iştirak etmək üçün bura səfər etmişəm. Naxçıvanda keçirilən tədbirləri və sakinlərin sənətkarlara olan sevgisi təqdirəlayiqdir. Naxçıvan hər zaman bizi isti münasibətlə qarşılayır. Xüsusilə sevindirici haldır ki, Naxçıvan haqqında şikəstə bəstələnib və onu ilk dəfə ifa etmək mənə nəsib olub. Biz inanırıq ki, Naxçıvanla Bakı arasında quru yolu ən qısa zamanda açılacaq. Ölkə başçısının apardığı siyasət də bu istiqamətdə uğurla davam edir.

Naxçıvan Televiziyasının Novruz çəkilişləri böyük coşqu ilə keçdi

Naxçıvan Televiziyasının təşkil etdiyi Novruz çəkilişləri yüksək əhval-ruhiyyə ilə baş tutdu. Tədbirə tanınmış sənətkarlar, muğam ustadları və gənc ifaçılar qatılıb. Çəkilişlər zamanı Naxçıvanın tarixi məkanları, Novruz adətləri və milli musiqimiz təqdim edilir. Biz də öz sənətimizlə bu səhnəni sənət yoldaşlarımızla bölüşdüyümüz üçün sevinc hissi keçiririk.

Gülyaz Məmmədova: Azərbaycan Respublikasının Xalq artisti

Naxçıvanda konsertlərimiz həmişə izdihamlı olub

Bizim Naxçıvana ilk gəlişmiz ümummilli lider Heydər Əliyevin dövrünə təsadüf edir. O vaxtdan bu torpaq bizim üçün xüsusi məna daşıyır. Naxçıvanda keçirdiyimiz konsertlər həmişə izdihamlı olub və buradakı tamaşaçı sevgisi bizi daim ruhlandırıb. Mən Naxçıvanlı tələbələrimlə fəxr edirəm. Gənc istedadların yolunu açmaq üçün əlimdən gələni əsirgəmirəm. Muğam müsabiqəsinin qaliblərindən olmuş naxçıvanlı Sərxan Bünyadzadənin uğurlarına daim sevinib, dəstək olmuşam. Sərxan Bünyadzadə böyük istedada sahibdir. Hal-hazırda Naxçıvandan olan digər istedadlı tələbəm isə Sunay Hacıyevadır. Onun da böyük sənətkar olacağına bütün qəlbimlə inanıram.

Ümumiyyətlə, Naxçıvan muğam sənətinə böyük qiymət verən qədim diyardır. Buradan çıxan sənətkarlar, məsələn, Azər Zeynalov, Samir Cəfərov və başqaları Azərbaycan musiqisinin inkişafına mühüm töhfələr veriblər. İnşallah gələn bayram çəkilişlərini Naxçıvan televiziyasının peşəkar heyəti ilə Zəngəzurda və Qərbi Azərbaycanda həyata keçirərik.

Sərxan Bünyadzadə: 4-cü  muğam müsabiqəsinin qalibi

 Ustadımla birlikdə doğma Naxçıvanda səhnəyə çıxmaq qürurvericidir

Naxçıvan televiziyasının Novruz bayramı çəkilişlərində doğma Naxçıvana dəvət olunmaq, üstəlik, ustadım Gülyaz xanımla birlikdə eyni səhnəni paylaşmaq mənim üçün böyük şərəfdir. Bu bayram tədbiri insanlarda xüsusi əhval-ruhiyyə yaradıb. Hər kəs xoşbəxt görünür, hamının üzü gülür. Mən də öz ifalarımla bu bayramı rəngarəng etməkdən qürur duyuram. Televiziyanın təşkil etdiyi bu cür çəkilişlər muğamın təbliğində mühüm rol oynayır. Bu gözəl bayram münasibəti ilə Naxçıvan televizyasının bütün əməkdaşlarını, xüsusən də Sahil Tahirlini ürəkdən təbrik edir, dəvət üçün sonsuz minnətdarlığımı bildirirəm.

Habil Məmmədov: Səs müəllimi

Sosial şəbəkələr muğama marağı artırdı

Qeyd edim ki, muğam sənəti sosial şəbəkələr vasitəsilə yenidən populyarlaşdı. Təxminən 10 il öncə muğam ifalarımızı sosial şəbəkələrdə paylaşmağa başladıq və bu, böyük marağa səbəb oldu. Xüsusilə, gənclər arasında muğama sevgi artdı. İndi muğam ifa edən uşaqların və gənclərin sayı xeyli çoxalıb, milli musiqiyə maraq həddən ziyadə artıb.

Muğam əslində çətin sənətdir. Hər xanəndənin özünəməxsus üslubu var. Bizim üçün ən çətin muğamlardan biri Mirzə Hüseyn segahıdır. Amma muğam ifa etmək ustalıq tələb edir. Hər böyük xanəndə bir muğamla tanınıb. Xan Şuşinski Şur-Şahnazla, Seyid Şuşinski isə Çahargahla məşhur olub.

13 ildir ki, Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində səs müəllimi kimi fəaliyyət göstərirəm. İndiyə qədər sosial şəbəkələrdə bir çox şagirdlərimi çəkib paylaşmışam. Bu yaxınlarda şagirdim Kamal Mustafayevin gözəl səsinin olduğunu duyub onunla video paylaşdım. Yəni ona görə paylaşdım ki, bu səsi sinif otağında tək mən eşidirəm istədim ki, bütün Azərbaycan xalqı görsün və eşitsin. Bu videolardan sonra oğlanlarla bərabər qızların da hədsiz dərəcədə muğama meyl və marağının artdığına şahid oldum. Əvvəl tək rayon uşaqları yanıma dərs almağa gəlirdisə, indi demək olar ki, bütün bölgələrdən tələbələrim var.

Bu mənim Naxçıvana, Naxçıvan televiziyasının təşkilatçılığı ilə ilk səfərimdir. Bayram çəkilişlərində tələbələrimlə burada iştirak edirik. Və qeyd edim ki, bizim sosisal şəbəkələrdəki ifa etdiyimiz milli musiqilərə ən çox Naxçıvan camaatı diqqət edir və fikir bildirir.

Muğam ifaçısı gənclər: Muğam bizim milli sərvətimizdir

Fatimə Kərimova (Laçın, 17 yaş): Muğama sevgimi mənə Habil müəllim aşılayıb. 8-ci muğam müsabiqəsində 2-ci yerin qalibi oldum və bu, mənim üçün böyük uğurdur.

Dünya Teymurzadə (Salyan, 14 yaş): 1 ildir ki, Habil müəllimin qrupundayam. Muğam mənim üçün təkcə musiqi deyil, ruhumun bir parçasıdır.

İlahə Xəlilova (Şamaxı, 17 yaş): Muğama olan həvəsim məni Habil müəllimlə qarşılaşdırdı. Naxçıvanın gözəlliyini görmək və burada muğam oxumaq mənim üçün unudulmazdır.

Nigar Heydərli (Ağcabədi, əslən Qərbi Azərbaycanlı): 7 ildir ki, muğamla məşğulam. Muğam bizim milli beşiyimizdir. Mən bu sənətin aşiqiyəm.

Rüfət Axundov (Şuşa, 12 yaş): Muğamla 4 ildir məşğulam və onun dərinliyini anladıqca daha çox vuruluram.

Müstəcəb Əliyev (Füzuli, 14 yaş): 8 ildir ki, muğamla məşğulam və bu sənətə olan sevgim hər gün artır.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: