NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində ədibin 150 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığından bəhs edib. Bildirib ki, qüdrətli qələm ustası ədibin zəngin irsi bədii-estetik düşüncə tariximizin parlaq səhifələrindəndir. Ədibin yüz il əvvəl yaratdığı “Ölülər” pyesi milli vəhdət ideyasının carçısına çevrilib. “Anamın kitabı”, eləcə də digər dram, nəsr və publisist əsərləri Azərbaycanın çoxəsrlik söz xəzinəsinin qiymətli incilərini təşkil edir.
Görkəmli dramaturqun təşəbbüsü, redaktorluğu və naşirliyi ilə çap olunan “Molla Nəsrəddin” jurnalı ölkənin ədəbi-publisistik həyatında müstəsna rol oynayıb, milli məfkurənin formalaşmasına öz layiqli töhfəsini verib.
Digər çıxış edənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabı haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Sonda şagirdlər tərəfindən “Hekayələr” kitabında yer alan bədii nəsr nümunələri qiraət edilib, Cəlil Məmmədquluzadənin150 illik yubileyi ilə əlaqədar açılan sərgiyə baxış olub.
Mədinə Rəhimli