Həyat gerçəkliyini əsərlərə köçürən-Xalq yazıçısı Mövlud Süleymanlı

A- A A+

Bu gün Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında yüksək xidmətləri olan “Xalq yazıçısı”, “Əməkdar incəsənət xadimi” fəxri adlarına və “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülən Mövlud Süleymanlının doğum günüdür.

Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Qərbi Azərbaycanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. Doğma kəndində 7 illik məktəbdə təhsil alan Mövlud sonra orta təhsilini İlməzli kənd orta məktəbində başa vurub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub ali təhsil alan Mövlud Süleymanlı həmin dövrdə yaradıcılığa lirik şeirlərlə başlayıb. Onu qələmə aldığı “Əllərim” adlı ilk şeiri “Azərbaycan gəncləri” qəzetində çap olunub. Mövlud Süleymanlının yaradıcılığının əsasını vətənpərvərlik, xalqımızın etnoqrafiyası və milli dəyərləri təşkil edir. Onun “Bir ünvan” adlı ilk şeir kitabında da bu duyğular oxucuya aşılanıb.

Yaradıcılığına sonra hekayə və povestlər qələmə almaqla davam edən görkəmli yazıçının ilk nəsr kitabı yetmişinci illərin sonlarında çapdan çıxıb. Həmin il ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edilib. Mövlud Süleymanlının qələmə aldığı “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” hekayələri 1979-cu ildə “Ayın aydınlığında” adlı kitabında toplanaraq işıq üzü görüb. Oxucularda böyük təəssürat yaradan bu hekayələr ədibi cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıdıb. Onun ”Şanapipik”, “Duzsuzluq”, “Ot” hekayələri müharibə mövzusuna həsr olunub.

Mövlud Süleymanlı 1980-ci illərdən roman janrına müraciət edərək “Köç”, “Ceviz qurdu”, “Səs” və sair romanları ilə Azərbaycan romançılığının inkşafına böyük töhfə qatıb.

“Köç” romanı haqqında düşüncələrini bildirən Xalq şairi Bəxtiyar Vahabzadə “Mövlud Süleymanlıya açıq məktub”unda yazıb: ““Köç” xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır”.

Görkəmli yazar “Ceviz qurdu” romanını 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki faciləli tarixin xalqın həyatında buraxdığı izlərə, insana vurduğu sağalmaz yaralara həsr edərək qələmə alıb. Onun romanda təsvir etdiyi ceviz qurdunun cevizi tamam məhv etməsini həmin dövr cəmiyyətin ziyanvericilərinin insanların dünyasının məhv etməsi ilə əlaqələndirərək yazıb. O, “Səs” romanı və ikinci hissəsi kimi qələmə aldığı “Günah duası” romanında da sovet cəmiyyətinin insanların mənəviyyatını pozduğunu göstərib. Onun “Dəyirman” povesti və “Satqın” əsəri Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrı, “Yuğ” teatrında tamaşaya qoyulub. “Şeytan” və “Dəyirman” pyesinə görə görkəmli ədib uzun müddət tənqidə məruz qalaraq təhlükəsizlik orqanları tərəfindən izlənilib.

Yaradıcılığı müddətində geniş əmək fəaliyyəti ilə də məşğul olan Mövlud Süleymanlının ilk iş yeri Аzərbаycаn Dövlət Radiosu olub. Burada onun rəhbərliyi ilə “Respublika”, “Dan yeri”, “Dünəndən bu günə”, “Bizdən sonra”, “Sarıtel”, “Xeyrə qənşər”, “Bulaq başı”, “Mövqe”, “Axtarış”, “Dövran”, “Qürbətdə qalan Vətən”, “Parlament saatı”, “Gündoğandan gün batana”, “Eşidirsizmi?”, “Qonaq eldən gələr”, “Var səsimlə”, “Çiyin çiyinə”, “Tanrı duaları” və sair verilişlər efirə verilib. Sonra “Gənclik” və “Ədəbiyyat və İncəsənət“ redaksiyasında redaktor kimi çalışan yazıçı Azərbaycan Dövlət Tele-Radio Şirkətinin Radio üzrə sədr müavini vəzifəsinə göndərilərək əmək fəaliyyətinə burada 17 il davam edib. Radionun qızıl fonduna daxil olmuş, həftəlik yayımlanan “Bulaq” verilişinin ilk müəllif nömrəsini yazan Mövlud Süleymanlı verilişin uzun illər Azərbaycan folklorunun, etnoqrafiyasının, dilinin, məişətinin təbliğində əhəmiyyətli rol oynadığına görə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb.

Bu illərdə əlavə olaraq o, Yazıçılar İttifaqının orqanı olan “Ulduz” jurnalında nəsr şöbəsinin müdiri və “Azərbaycan” jurnalında nəsr şöbəsinin rəhbəri kimi də çalışıb. Tele-Radio Verilişləri komitəsindən Moskvaya ixtisasartırma kurslarına göndərilən Mövlud Süleymanlı 1974-cü ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına ssenarist kimi işə qəbul edilib. Onun ssenarisi əsasında “Bəyin oğurlanması” və Moskva Dövlət Kinematoqrafiya Komitəsinin sifarişilə “Çətirimiz buludlardır” bədii televiziya filmləri çəkilib.

Onun 1992–1993-cü illərdə baş redaktorluğu ilə “Oğuz eli” adlı müstəqil qəzeti nəşr olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında işlə təmin olunan Mövlud Süleymanlı televiziyanın “Xalq yaradıcılığı” redaksiyasına baş redaktor vəzifəsinə təyin olunaraq, folklor, etnoqrafiya yönündə yeni “Sizə hardan deyim?”, “Təbriz gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Yurd yeri” və sair kimi verilişlər hazırlayıb.

2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Mövlud Süleymanlı 2024-cü il fevral ayının 21-də vəfat edib və Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.

Səriyyə Salahova

Naxçıvan televiziyasının redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: