Bu gün, xarakterik rolları ilə xalqın sevgisini qazanan, tanınmış teatr və kino aktyoru Əfrasiyab Məmmədovun doğum günüdür.
Gəncə şəhərində 1928-ci il mart ayının 19-da anadan olan Əfrasiyab Məmmədov uşaq yaşlarından aktyorluğa maraq göstərib. Bu maraq onu istedadlı teatr və kino aktyoru kimi formalaşdırıb. 1945-ci ildə Bakıda Dövlət Teatr İnstitutuna qəbul olan Əfrasiyab məşhur rejissor və pedaqoq Məhərrəm Haşımovun rejissorluq kursunda təhsil alıb. Görkəmli sənətkar Adil İsgəndərovla burada tanış olan gənc tələbə aktyorluq bacarığına görə onun diqqətini çəkib. Tezliklə aktyorluq kursuna keçirilən Əfrasiyab Məmmədov həmçinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi də işlə təmin olunub. Teatr səhnəsində xarici və yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda uğurla çıxış edən Əfrasiyab “Otello”, “Vaqif”, “Ailə namusu” və digər səhnə əsərlərində oynadığı rollarla qısa zamanda tamaşaçıların böyük sevgisini qazanıb. Uğurlu rolları ilə kinorejissorların da diqqətini çəkən sənətkar tezliklə filmlərə dəvət olunub. O, ilk dəfə kinorejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı “Doğma xalqıma” musiqili bədii-sənədli filmində bəy roluna çəkilib. Kiçikplanlı rolu rejissor istəyinə uyğun tərzdə təqdim edən aktyor bu filmdən sonra Hüseyn Seyidzadənin quruluş verdiyi “O olmasın, bu olsun” kinokomediyasında tələbə roluna çəkilib. Verilən rolları yüksək bacarıq və peşəkarlıqla oynayan gənc aktyor bundan sonra dəvət aldığı filmlərdə baş və ikinci planlı rollara çəkilib.
Görkəmli aktyora sevgi və tamaşaçı rəğbəti qazandıran bədii kinoda ilk böyük rolu “Qızmar günəş altında” kinodramındakı Eldar obrazı olub. Bu obrazın bütün xüsusiyyətlərini dolğunluqla oynayan Əfrasiyab Məmmədov sonra bir çox filimlərdə sevilən və yaddaqalan ekran obrazlarında rollara dəvət alıb. Bunlara “Koroğlu”da Rövşən, “Sehrli xalat”da Sərdar, “Dədə Qorqud”da Bayandır xan, “Nəsimi”də Teymurun döyüşçüsü, “Qəribə adam”da Filipp, “Vulkana doğru”da Ələmdar, “Evlənmək istəyirəm”də Molla Əbdüləzim, “Musiqi müəllimi”ndə bədən tərbiyəsi müəllimi, “Kişi sözü”ndə Nəbi və digər rolları aiddir.
Bundan əlavə, istedadlı sənətkarın filmoqrafiyasında 20-dən artıq filmi var ki, bunların içərisinə bədii filmlərlə yanaşı, “Mozalan” süjetlərində yaratdığı rollar da yer alıb. Əfrasiyab Məmmədov realist yaradıcılıq istiqamətində formalaşdırdığı bacarığı bədii kino ilə bərabər, “Mozalan” satirik kinojurnalında da oynadığı rolların süjet əhəmiyyətini artıraraq ekran personajlarına ikiqat baxımlılıq gətirib.
Onun “Yenilməz batalyon” kinodramında Viktor Alekseyev, “Əmək və qızılgül” filmində Müsit, “Üzeyir ömrü” bioqrafik filmində türk konsulu və digər yadda qalan obrazları aktyorun səsində növbəti uğura imza atıb.
Qeyd edək ki, fəaliyyəti müddətində Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsində işləyən aktyor, eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub.
Əfrasiyab Məmmədov 1990-cı il noyabrın 18-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. 62 illik ömrünün 45 ilini sənətinə adayıb, sevdiyi peşəsi ilə uğurlara imza atan görkəmli sənətkar yüksək peşəkarlığı ilə oynadığı rollarda xalqın yaddaşında əbədiləşməyi bacarıb və unudulmayıb.
Sənət yolu dövlətimiz tərəfindən yüksək qiymətlənirilən aktyorun 2011-ci ildə yaradıcılığının bir hissəsini əks etdirən materiallar Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim olunub və onun şəxsi arxivi yaradılıb. 2013-cü ildə Azərbaycan Televiziyasında görkəmli sənətkarın yaradıcılığını əks etdirən “Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov” adlı sənədli film çəkilib.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru