Ordubadinin fikir cəbhəsi: “Molla nəsrəddin”dən romanlara

A- A A+

Ordubadda qaranlıq çağlarda mədrəsə təhsili alan bir insan, bir gün qələmi ilə bu qaranlığı yarıb işığa yol açacaqdı. O, yalnız dini biliklərlə kifayətlənməyəcək, insanların, tarixin və ədəbiyyatın dilini öyrənəcəkdi…

Məmməd Səid Ordubadi. O, təkcə yazıçı kimi deyil, həm də maarifçi, jurnalist və azad fikirli ziyalı kimi qaranlıq zamanlarda işığa doğru irəlilədi.

Bu gün onun 153-cü doğum günüdür. O, 1872-ci ildə dünyanın ən balaca daxmalarından birində dünyaya göz açanda cəmiyyət böyük dəyişikliklərin astanasında idi. Lakin dövrün qaranlığı içində özünə yol axtaran bu gənc, qəlbinin və zəkasının işığından istifadə edərək zülmətdən nura çıxdı. Hələ gənc yaşlarından kitaba və ədəbiyyata olan marağı onun gələcək taleyini müəyyən etdi.

Ordubadi yalnız yazıçı deyildi. O, maarifçi, jurnalist, tarixçi və azad fikirli ziyalı kimi də öz dövrünə işıq saçdı. Ədib “Qanlı Sənələr” romanında tarixin ağrılarını, “Dumanlı Təbriz” və “Gizli Bakı” kimi əsərlərində isə xalqın azadlıq uğrunda mübarizəsini təsvir edirdi. Onun ədəbi fəaliyyəti təkcə romanlardan ibarət deyildi. O, həm də satirik şeirləri və publisistik yazıları ilə dövrün eybəcərliklərinə güzgü tuturdu. Maarifçilik ideyalarını yaymaq, xalqın gözünü açmaq üçün mətbuatı güclü bir silah kimi istifadə etdi. Dövrün ən məşhur satirik jurnalı Molla Nəsrəddin və müxtəlif qəzetlərdə yazdığı tənqidi məqalələr onun fikirlərini daha da sarsılmaz etdi. O, qələmini təzyiqlərə, təqiblərə və çətinliklərə baxmayaraq heç zaman yerə qoymadı.

Ordubadi tarixin unudulmaz səhifələrini yazarkən özü də tarix oldu. Həyatı boyu axtardığı həqiqət və işığı öz əsərlərinə daşıya və yaşada bildi. Yazdıqları yalnız keçmişi anlamağa deyil, gələcəyi görməyə də imkan yaratdı. Maarifin, azad fikrin və ədəbiyyatın keşiyində dayanan bu böyük şəxsiyyət 1950-ci ildə dünyasını dəyişsə də, onun sözü, səsi və qələmi hələ də yaşayır.

Ruhun şad olsun, böyük ustad!

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: