Cəlil Məmmədquluzadənin ev muzeyində interaktiv dərs keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadənin ev muzeyində keçirilən interaktiv dərsi muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbində izləyib. İnteraktiv “Cəlil Məmmədquluzadənin həyat və fəaliyyəti”nə həsr olunub.
Dərsi filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov aparıb. Diqqətə çatdırılıb ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur. Bununla bağlı Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncama uyğun olaraq ölkədə, eləcə də muxtar respublikada silsilə tədbirlər keçirilir.
Qeyd olunub ki, görkəmli dramaturq, vətəndaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, “Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadə qüdrətli söz sənətkarıdır. O, həm də böyük demokratdır. Mirzə Cəlilin müstəqillik arzuları, demokratik görüşləri Azərbaycanda demokratiyanın genişləndirilməsinə ciddi təkan verib. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının milli-mənəvi iftixarıdır.
Vurğulanıb ki, ilk nömrəsi 1906-cı il aprelin 20-də işıq üzü görən "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu.
Keçirilən dərs şagirdlər tərəfindən maraqla izlənilib.
Rəmzi İbrahimov