XX əsrin ilk anadilli qəzeti – “Şərqi-rus”un milli şüurun inkişafında, milli mədəniyyətimizin tərəqqisində, Azərbaycan ictimai fikrinin formalaşmasında mühüm xidmətləri olub. Bu qəzet bağlanması ilə Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanğıcını qoyub. Həmin dövrdə “Şərqi-rus” qəzetinin ən layiqli töfələrindən biri də - Ömər Faiq Nemanzadə və Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri yetişdirməsi olub. Xüsusilə də, Cəlil Məmmədquluzadənin bir jurnalist və yazıçı kimi püxtələşməsində “Şərqi-rus” qəzeti mühüm rol oynayıb. Bütün bunlar, Cəlil Məmmədquluzadənin redaktorluğu və naşirliyi ilə 1906-cı il aprel ayının 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - “Molla Nəsrəddin”in işıq üzü görməsinə imkan yaradıb.
Milli mətbuatımızın zənginləşməsi və daha da inkişaf etməsində əvəzsiz xidmətləri olan “Molla Nəsrəddin” jurnalı xalq yaradıcılıq ənənələrinə, milliliyə, el-obaya bağlılığı, ana dilinə məhəbbəti özündə təccəssüm etdirib. Jurnal yaranışı ilə ölkədə jurnalistika peşəkarlığının, publisistikanın janır müxtəlifliyinin əsasını qoyub. “Molla Nəsrəddin” jurnalı 25 il ərzində ana dili, vətən və xalq ideyasını önə çəkərək bu uğurda xidmət edib. Yeni mətbu orqan dövrün çətinliyinə baxmayaraq “Sizi deyib gəlmişəm” baş proqramı ilə ətrafına çox saylı ziyalı və ədiblər toplamaqla “Molla Nəsrəddin” adlı bir məktəb formalaşdırmağı bacarıb. Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmmədsəid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz və başqa görkəmli ədəbi simalar Azərbaycanın ictimai fikri və ədəbiyyatı tarixində mühüm xidmətlər göstəriblər.
“Molla Nəsrəddin” jurnalı fəaliyyəti boyu xalq yaradıcılığı ənənələrinə dayanan Şərqdə və türk dünyasında yaranan ilk şəkilli, karikaturalı mətbuat orqan olub. Jurnal karikatura, şəkillərə üstünlük verərək ölkədə satirik qrafika və karikatur sənətinin inkişafına şərait yaradıb. Bununla da, bu mətbu orqan - Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə, Seyidəli Behzad, İsmayıl Axundov, Hüseyn Əliyev, Qəzənfər Xalıqov və sair karikaturların yaranmasına vəsilə olub.
Böyük mirzəcəlilşünas alim, akademik İsa Həbibbəyli jurnal haqqında fikirlərini qeyd edərək bildirib ki, “Şərq aləminə ilk satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğub. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” dərgisi ilə başlayıb. “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”.
“Molla Nəsrəddin” jurnalın səifələrində verilən müraciətlər-“Ax unudulmuş vətən, ax yazıq vətən! Dünya titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən!”.
Jurnalın əsas qayəsi xalqı, milləti qəflət yuxusundan oyanmağa səsləməsi olub: “Dünya aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni, hamı buna qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət. Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur”,- deməklə “gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni birləşəsiniz. Çünki vallah, billah, yer haqqı, göy haqqı, bundan başqa sizdən ötrü nicat yolu yoxdur”-fikrini təlqin edir, azərbaycanlıların həmrəyliyi və birliyi ideyası ilə çıxış edirdi. Təsadüfi deyil ki, “Sizi deyib gəlmişəm”, “Azərbaycan”, “Vətəndaşlar”, “Cümhuriyyət” və sair kimi zəngin məqalə və felyetonlar Azərbaycan publisistikası və jurnalistikasının yeni məzmunda inkişafında əvəzsiz rola malik olub.
“...Hər bir qələmin öz müqəddəs vəzifəsi var: birinci növbədə millətin xoşbəxtliyi yolunda xidmət etmək”, - deyə xalqının istiqlaliyyəti, milli oyanışı və inkişafı yolunda dönmədən xidmət göstərən nəhəng ictimai və ədəbiyyat xadimi Cəlil Məmmədquluzadə ilk sözündən tutmuş son sözünə qədər vətəndaşlıq məktəbi, vətənpərvərlik dərsliyidir. İlk işə başlayanda “siyasət sözünün baş hərfi olan “s” hərfinin adını çəkməyin qorxulu olduğunu”,- qeyd edən ədib Cəlil Məmmədquluzadə sonrakı dönəmlərdə ardıcıl olaraq siyasət məsələlərinə də biganə qalmamış, Azərbaycanın birliyi və bütövlüyü, milli istiqlalı, milli həmrəyliyi kimi vacib məsələləri də qələmə alıb.
Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub. Ümumiyyətlə isə, “Molla Nəsrəddin” jurnalı yeganə və ilk mətbuat orqanı idi ki, çap olunduğu yerlərin xəritəsi ilə Tiflis, Təbriz və Bakı olmaqla, bütün Azərbaycan ərazilərini əhatə edərək, sözün əsl mənasında, böyük və bütöv Azərbaycan coğrafiyası və ideyasını ortaya qoyub. Qeyd edə bilərik ki, 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsiz olub.
Sonra sovet dövründə də fəaliyyətini davam etdirən “Molla Nəsrəddin” jurnalı dövrünün sərt üzü ilə qarşı-qarşıya qalaraq adı “Allahsız” adlandırılıb. Buna etirazını bildirən jurnalın naşiri və redaktoru Cəlil Məmmədquluzadə bu və digər səbəblərdən yeni dövrün sərt tənqid, qınaq və təqiblərinə məruz qalıb.
1931-ci ildə “Molla Nəsrəddin” jurnalı öz fəaliyyətini dayandırıb. Bu hadisədən bir il sonra böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə isə dünyasını dəyişib.
Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın Ümummilli Lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Mirzə Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək deyirdi: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.
Uzun keşməkeşli yol qət edərək xalqımızın maariflənməsində xüsusi xidmətlər göstərən “Molla Nəsrəddin” jurnalı həmişə qəlblərdə düşünüb-düşündürən bir publisistika kimi yaşayacaqdır.
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru