İçildikcə doyulmaz olan ömür kitabının 75-ci səhifəsi

A- A A+

Nazim Kazımovun 75 illik həyatı Azərbaycan musiqi təhsilinin və mədəniyyətinin inkişafına xidmət edən, zəngin və mənalı bir ömrün simvoludur. Bu illər ərzində o yalnız musiqi təhsilinin təkmilləşdirilməsi ilə kifayətlənməmiş, həm də Azərbaycanın musiqi irsinin qorunub saxlanması və təbliği sahəsində önəmli addımlar atmışdır.

Nazim Kazım oğlu Kazımov 1950-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. 1966-1970-ci illərdə Azərbaycan Dövlət Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsində tar ixtisası üzrə təhsil almış, eyni zamanda 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində oxumuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi fakültəsində Xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun sinfində (tar ixtisası üzrə S.Rüstəmov, Süleyman Ələsgərovdan dirijorluq ixtisası üzrə) təhsilini davam etdirmişdir. Səid Rüstəmov, Azərbaycan musiqi mədəniyyətinin ən böyük ustadlarından biri kimi tanınır. Onun rəhbərliyi altında musiqi təhsili alan tələbələr, həm Azərbaycan musiqisinin dərinliyini, həm də xalq musiqisi alətlərinin ifaçılıq texnikasını yüksək səviyyədə mənimsəyirdilər. Səid Rüstəmov, tar alətinin ən mötəbər ifaçılarından biri kimi, bu alətə dair həm nəzəri, həm də praktiki biliklərini tələbələrinə ötürürdü. Nazim Kazımov da Səid Rüstəmovun sinfində təhsil alarkən yalnız tar alətinin ifaçılığını öyrənməklə kifayətlənmirdi. O eyni zamanda Azərbaycan xalq musiqisinin zəngin ənənələri, tarın çalınma texnikaları və bu alətin musiqidəki rolu haqqında dərindən bilik əldə edirdi. Rüstəmovun tədris üsulları, tələbələrinə ifaçılıq bacarıqları qazandırmaqla yanaşı, onları musiqi tarixini və nəzəriyyəsini də dərindən anlamağa təşviq edirdi. Kazımov bu dövr ərzində həm texniki bacarıqlarını inkişaf etdirərək, həm də musiqinin nəzəri tərəflərini dərindən mənimsəyərək yüksəkixtisaslı bir musiqiçi kimi yetişirdi.

Tar Azərbaycan musiqisinin əsas alətlərindən biri olduğu üçün, Kazımovun bu alət üzrə əldə etdiyi ustalıq və təcrübə onun musiqi karyerasında mühüm bir yer tutmuşdur. Səid Rüstəmovun rəhbərliyi altında Kazımov tar alətindəki incəlikləri, müxtəlif ifaçılıq texnikalarını və xalq musiqisinin zənginliyini daha dərindən mənimsəmiş, bu dövr ərzində əldə etdiyi biliklər, onun gələcəkdəki pedaqoji və ifaçılıq fəaliyyətində əsas rol oynamışdır. N.Kazımovun Səid Rüstəmovun sinfində təhsil aldığı illər, onun musiqi karyerası üçün də çox əhəmiyyətli bir dövr oldu. Bu müddət ərzində Kazımov yalnız ifaçılıq sahəsindəki bacarıqlarını inkişaf etdirməklə kifayətlənmədi, həm də musiqi təhsilinin nəzəri əsaslarını, xüsusilə də xalq musiqisinin və onun alətlərinin tədrisində əsas prinsip və yanaşmaları öyrəndi. S.Rüstəmov məktəbi ona çox böyük bir pedaqoji təcrübə qazandırdı və onu gələcək pedaqoq fəaliyyətinə hazırladı.

Nazim Kazımov haqqında yazınıhazırlayarkən onun ən yaxın uşaqlıq dostu sayılan Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ictimai xadim, bəstəkar, pedaqoq Nazim Quliyevlə əlaqə saxlayaraq Nazim müəllimlə bağlı xatirələrini dilə gətirməsini xahiş etdim. Heç beş dəqiqə çəkmədən Nazim müəllim böyük zövqlə ən əziz dostu haqqında bu fikirləri yazılı şəkildə mənə təqdim etdi: “Mənim Nazim Kazımovla dostluğum 1963-cü ildən başlayaraq bu günədək davam edir. 1963-cü ildə hər ikimiz Naxçıvan şəhər pioner və məktəblilər evində görkəmli ustad-tarzən Səfər Rəcəblinin şagirdi olmuşuq. Sonralar Naxçıvan şəhər uşaq musiqi məktəbində, A.Zeynallı adına Bakı şəhər orta-ixtisas musiqi məktəbində birlikdə təhsil almışıq. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli bəstəkar Səid Rüstəmovun tələbələri olmuşuq. Mənim tar üçün yazdığım “Nəqşi-cahan konserti”ni ilk dəfə olaraq Nazim Kazımov konservatoriyanın bəstəkarlıq kafedrasında ifa etmişdir. Nazim Kazımov çox istedadlı tarzən idi və S.Rüstəmovun sevimli tələbələrindən biri sayılırdı. Əgər o, ifaçılıq sənətini davam etdirsəydi, əminəm ki, bu gün onun adı görkəmli tarzənlərin sırasında yer alardı. N.Kazımov fəxr ediləsi dostdur. Ona gələcək fəaliyyətində uğurlar, sağlam, uzun ömür arzulayıram”.

Naxçıvan Musiqi Kollecinin ilk məzunu olan, hazırda kollecin müəllimi, Əməkdar mədəniyyət işçisi Tağı Tağıyev Nazim Kazımovla bağlı xatirəsini belə dilə gətirdi: “1975-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan şəhərində ilk dəfə fəaliyyətə başlayan Ü.Hacıbəyov adına ortaixtisas musiqi məktəbinə aparılan qəbul imtahanlarında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının müəllimi Əvəz Rəhmətov dəvət olunmuşdur. Sonra məlum oldu ki, komissiya üzvləri iki nəfər olmalıdır. Ortaya belə bir sual çıxdı: ikinci şəxs kim olacaq? Naxçıvan balaca şəhər olduğundan xəbər hər tərəfə yayıldı və məlum oldu ki, Azərbaycan Dövlət Konservatoriyasının III kurs tələbəsi N.Kazımov yay tətili üçün Naxçıvana gəlib. Həmin sənədləşmə işini qaydaya salıb Nazim müəllimi komissiya üzvü kimi imtahana salırlar. İlk qəbul prosesində Nazim Kazımov, Tağı Tağıyevin ifasını “5” (əla) balla qiymətləndirərək onunla bərabər bir neçə istedadlı gəncin tələbə adını qazanmasında böyük rol oynayır. Eyni zamanda Tağı müəllim bildirdi ki, Nazim Kazımov Bakı şəhərində təhsil alan bir çox naxçıvanlı tələbələrlə daim əlaqə saxlamış, çətin anlarında, istər elmi, istərsədə yaradıcılıq baxımından mövcud şəraitdən asılı olmayaraq onlara uğura gedəcək yolda maddi və mənəvi dəstək olmuş və bu gündə olmaqdadır”. 1978-ci ildə konservatoriyanı bitirdikdən sonra N.Kazımov təyinatla Əli Bayramlı (indiki Şirvan) musiqi məktəbinə göndərilir və burada 4 il müəllim, sonra isə direktor müavini kimi fəaliyyət göstərir.

Pedaqoji fəaliyyətinin səmərəli nəticəsi olaraq bu illər ərzində Ariz Abduləliyev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov və bu kimi tanınmış musiqiçilər yetişdirir.1981-1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləyir. 1992-ci ildə yenidən Bakı şəhərinə qayıdır və Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini kimi vəzifələrdə çalışır. 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi ilə “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda dissertasiya yazaraq müdafiə etmiş, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Sonralar dissertasiya işinin əsasında “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” adlı monoqrafiyasını nəşr etdirmişdir.

2001-ci ildə onu vaxtilə təhsil aldığı A. Zeynallı adına Musiqi Texnikumuna – həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriya nəzdində Musiqi Kollecinə çevrilən musiqi təhsili ocağına direktor təyin olunur. Bu təyinat, həm şəxsi inkişafı həm də Azərbaycan musiqi təhsilinin gələcəyi üçün əhəmiyyətli bir addım olur. N. Kazımovun direktor təyin edilməsi ilə Musiqi Kolleci daha da modernləşdirilmiş, təhsil səviyyəsində yüksək irəliləyiş başlanmışdır. N.Kazımovun təhsil sahəsindəki geniş bilik və təcrübəsi, onu bu vəzifəyə ən layiqli namizəd etdi. Onun rəhbərliyi altında kollecdə musiqi təhsilinin keyfiyyətini artırmağa yönələn bir sıra islahatlar həyata keçirildi. Fənn proqramları yeniləndi, tədris metodları müasir tələblərə uyğunlaşdırıldı və müəllim heyətinin peşəkar səviyyəsi yüksəldildi. Onun rəhbərliyi dövründə Musiqi Kollecində həm yerli, həm də beynəlxalq miqyasda müxtəlif layihələr həyata keçirildi. O, təhsil müəssisəsinin yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də tanınmasına və əməkdaşlıq imkanlarının genişlənməsinə böyük diqqət yetirdi. Bu dövr kollecin tədris və təşkilati strukturlarında müsbət dəyişikliklərin baş verdiyi, tələbələrin inkişafı və yaradıcılıq potensialının artdığı bir dönəm oldu N. Kazımov musiqi təhsilinin müasir problem və inkişaf meyillərini dərindən bilən pedaqoqdur. O, xüsusilə musiqi təhsilinin inkişafına verdiyi töhfələrlə tanınır. Onun təcrübəsi və biliyi musiqi təhsili sahəsindəki müasir problemlərin həllində və bu sahənin gələcək inkişaf meyillərində öz əksini tapır.

Nazim Kazımov, həmçinin musiqi təhsilinin müasir tələblərinə uyğun şəkildə təlim proqramlarını hazırlamaqda və bu sahənin mövcud problemlərini analiz etməkdə xüsusi ixtisaslaşmış bir mütəxəssis idi. Kazımov musiqi təhsili sahəsindəki bu problemləri dərindən təhlil edərək mövcud tədris proqramlarının gücləndirilməsi və daha müasir, effektiv yanaşmaların tətbiqinin vacibliyini vurğulayır. O, musiqi təhsilini yalnız nəzəriyyə ilə məhdudlaşmamalı, həm də praktiki bacarıqları inkişafetdirici fəaliyyətlərə yönəlməli olduğunu qeyd edir. N.Kazımov təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün son illərdə nəşr olunan “Musiqi” dərsliklərinin həmmüəlliflərindən biridir. Həmçinin Nazim müəllim “Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə” proqramı, “Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti”, “Tar ilə fortepiano üçün pyeslər”, metodik vəsait və kitabçalar, “Səid Rüstəmov”, “Asəf Zeynallı”, “Musiqi Kolleci-110”, “Adil Gəray Məmmədbəyli” monoqrafiyaları, “Pedaqoji təcrübə” kitabı, onlarla elmi məqalə və s. əsərlərin müəllifidir. Nazim Kazımov, eyni zamanda pedaqoji fəaliyyətlədə məşğuldur. O, 1993-2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim işləmiş, 1997-ci ildə həmin kafedranın dosenti seçilmişdir. Hazırda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.

Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, 2006-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı, Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı verilmişdir. 75 illik ömrü boyunca N.Kazımovun fəaliyyəti yalnız musiqi təhsili ilə məhdudlaşmayıb, həm də musiqi sənətinin sosial əhəmiyyətini, onun cəmiyyətə verdiyi dəyəri vurğulamışdır. Onun rəhbərliyi altında Musiqi Kolleci daha güclü və müasir tədris strukturuna çevrilmiş, gənc nəslin musiqiyə olan marağını artırmışdır. Bu ömür həm də bir çox uğurların, çətinliklərin və qazanılan təcrübələrin nəticəsidir. N.Kazımovun 75 yaşı yalnız bir şəxsin deyil, həm də Azərbaycan musiqi təhsilinin və mədəniyyətinin inkişaf yolunun bir simvolu, bir mərhələsidir. Onun elmi əsərləri, yetişdirdiyi tələbələr və musiqi təhsilindəki uzun illər ərzindəki fəaliyyəti gələcək nəsillərə ilham verəcək və Azərbaycan musiqisinin yeni zirvələrə yüksəlməsinə töhfə verməyə davam edəcəkdir.

 

Məhəbbət BABAYEVA

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru,

Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, musiqişünas

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: