Abidələrin əhəmiyyəti: Qayaüstü rəsmlərdən türbələrə - FOTOLAR

A- A A+

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix 1982-ci ildə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (ICOMOS) tərəfindən irəli sürülərək, 1983-cü ildən etibarən UNESCO tərəfindən rəsmi şəkildə təsis edilib.

Bu gün əktual məsələlərdən biri də, ictimai diqqəti abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, bu sahədə maarifləndirməni gücləndirməkdir. Abidələr xalqın yaddaşı, kimliyi və mənəviyyatının daşlaşmış simvoludur. Onlar keçmişin susduğu yerdə danışan səssiz şahidlərdir. Əbəs yerə deyil ki, müdriklər demişlər: “Rəvayətlər susanda və əlyazmalar itəndə daşlar danışır”.

Azərbaycanın mədəni irsi içərisində tarix və memarlıq abidələri xüsusi əhəmiyyət kəsb edir. Bu abidələr sübut edir ki, xalqımız minilliklər boyu bu torpaqlarda yaşayıb yaradaraq camlı izlər qoyublar. Odlar diyarı Azərbaycan qədim sivilizasiyaların beşiyi olmaqla yanaşı, zəngin və bənzərsiz tarixi abidələrlə də zəngindir. Bu abidələr təkcə milli deyil, həm də ümumbəşəri mədəniyyətin dəyərli hissəsi kimi qəbul olunur. Arxeoloji qazıntılar və elmi araşdırmalar sübut edir ki, Naxçıvanda yaşamış insanlar qədim mədəniyyətlər yaradaraq, onları günümüzə miras buraxıblar. Bu baxımdan Naxçıvan tarix və mədəniyyət abidələrinin zənginliyi ilə seçilir. Gəmiqaya qayaüstü rəsmləri, Qazma və Kilit mağaraları, Əshabi-Kəhf ziyarətgahı, Möminə xatın və Yusif Küseyiroğlu türbələri, Qarabağlar Türbə Kompleksi, Əlincəqala və onlarla digər abidə bu diyarın zəngin keçmişini və yüksək memarlıq mədəniyyətini əks etdirir.

Naxçıvanın ilkin insan məskəni olmasını elmi əsaslarla təsdiq edən ilk unikal abidə Gəmiqaya kompleksdir. Buradakı qayalara həkk olunan rəsmlər və piktoqrafik yazılar ilkin insan təfəkkürünün və estetik duyumunun zənginliyini göstərir. Abidə bu gün də etnoqrafik, arxeoloji və tarixi baxımdan tədqiqat obyektidir.

Umümmilli Lider Heydər Əliyev tarix və mədəniyyət abidələrinin qorunmasına xüsusi diqqət ayıraraq bu sahədə güclü hüquqi baza yaradıb. Onun “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir” fikri bu istiqamətdə dövlət siyasətinin əsasını təşkil etmişdir. Bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2013-cü ildə təsdiq olunmuş “2014–2020-ci illər üzrə Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında da tarixi abidələr bərpa olunaraq yedidən qurulub, həmçinin Naxçıvan abidələrinin öyrənilməsi və təbliği sahəsində mühüm elmi işlər həyata keçirilib. “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi”, “Nuh Peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Əlincəqala”, “Gülüstan türbəsi” kimi nəşrlər bu sahədə aparılan işlərin elmi təməlini təşkil edir. 2018-ci ildə Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə əlaqədar buradakı türk-islam abidələri daha da sistemli şəkildə tədqiq olunaraq, yeni nəşrlər və filmlər ərsəyə gətirilib.

Tarix və memarlıq abidələri təkcə daş və betondan ibarət deyil, xalqın yaşadığı dövrləri, keçirdiyi tarixi prosesləri, mədəni inkişaf mərhələlərini əks etdirən canlı salnamələrdir. Onların qorunması həm tarixi yaddaşın saxlanılması, həm də milli kimliyin gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycanın qədimliyi və mədəni zənginliyi onun abidələrində yaşayır. Bu abidələri qorumaq və təbliğ etmək təkcə müvafiq qurumların deyil, hər bir vətəndaşın borcudur. Çünki abidələr tarixdir, tarix isə xalqın milli kimliyidir.

Fariz Əhmədov

Naxçıvan televiziyasının baş redaktoru

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: