Azərbaycanda onu müxtəlif adlarla tanıyırlar. Əsasən “Mirzə”adı ədibin daha çox tanınan adıdır. O, 1869-cu ildə anadan olmuşdur. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu savadsız bir zəhmətkeş insan idi. C.Məmmədquluzadə sadə insanların arasında tərbiyə olunmasına baxmayaraq öz zəkası ilə dövrün ictimai və siyasi məsələlərinə yeni baxış gətirmişdir. O, Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ədəbi simalardan biridir. Bu sənətkar mövhumatın hökm sürdüyü Şərq mühitində öz zəkası və biliyi ilə gənc nəsillərə dünyəvi elmləri aşılayan bir pedaqoq idi. Mirzə Cəlil öz ömrünün qayəsini gənc nəslin və xalqın cəhalətdən ayılmasına həsr etmişdir. Ədibin yazdığı bütün əsərlərdə xalqın mənəvi geriliyi mənfi keyfiyyət kimi qeyd edilmişdir. Onun yaratdığı bədii əsərlərdə yeniliyə çağırış öz əksini tapır. Bədii yaradıcılığa 1889-cu ildə ilk əsəri olan “Çay süfrəsi” (alleqorik) dramı ilə başlamışdır. Elə həmin il müəllim işlədiyi məktəbdə şagirdlərin və müəllim kollektivinin köməyi ilə bu dramı səhnələşdirmişdir ki, bu da Naxçıvan mühitində kiçik bir kəndə böyük ədəbi hadisə idi. O, mənsub olduğu xalqın oyanışı ilə yanaşı, millətin milli təfəkkürünün də sağlam olmasına çalışırdı. Dünyada baş verən hadisələrdən xalqın xəbərdar olmasına çalışırdı. Böyük dramaturqun əsərlərinin əsas xəttini qadınların təhsilə cəlb olunması təşkil edirdi. O, öz pedaqoji fəaliyyətində bunu daha qabarıq şəkildə həyata keçirməyə çalışırdı. Hələ Nehrəm kəndində ikisinifli məktəbdə pedaqoji fəaliyyətə başlarkən (1890-1897) oğlanlarla yanaşı, qızların da təhsilə cəlb edilməsinə çalışmışdır. Hətta əsərlərində qadın savadsızlığını ön plana çəkmişdir. Cəmiyyətin irəli getməsi üçün qadınların təhsilə cəlb olunmasının vacibliyini dəfələrlə bədii dillə qeyd etmişdir. Ədibin əsərlərində milli birliyə çağırış da əsas mövzulardan biridir. Yazıçının yazdığı “Anamın kitabı”nda mənəvi birlik, vətənə bağlılıq, mill- mənəvi dəyərlərə hörmət ön plana çəkilib.
Böyük dramaturqun yaradıcılığının şah əsəri “Ölülər” tragikomediyasıdır. Əsərdə hadisələrə baxış xətti müxtəlifdir. Bu dahiyanə əsərdə sənətkar yeniliyə çağırışı “Kefli İsgəndərin” dili ilə xalqa çatdırır.
Billurə İsmayılova
Dəstə kənd tam orta məktəbinin müəllimi
“El həyatı” qəzeti