Kəhriz-çeşmələrimiz milli sərvətlərimizdir - FOTOLAR
Kəhriz- çeşmələrdən Ordubadda geniş şəkildə istifadə edilib. Uzun illər ərzində sözügedən kəhriz-çeşmələrdən Ordubadda həm suvarma suyu kimi, həm də məişətdə istifadə olunub. Bundan başqa çeşmələrimiz uzun əsrlər boyu soyuducu funksiyasını da yerinə yetirib. “Kəhriz” və yaxud “kehriz” yeraltı suvarma kanalı mənasını verir. Bu sözün kökü “quyu”, “axın” kimi tərcümə olunur. Azərbaycanın bir çox yerlərində, xüsusilə də Ordubadda kəhriz həm də “çeşmə” (hərfən, “bulaq”) adlandırılır. Kəhrizlərin tikintisi ilə məşğul olan insanları isə “kankan” adlandırıblar. Kankan sənəti şərəfli sənət sayılmış və nəsildən nəslə ötürülüb. Kəhrizlər qrunt sularının öz axını ilə yer səthinə çıxarılması üçün nəzərdə tutulmuş yeraltı hidrotexniki qurğulardır. Ordubadda kəhrizlərin tikintisi ilə yerli sakinlər və kankanlar məşğul olurdular. Bir neçə kəhriz termini də nəzərinizə çatdırmaq istəyirik: “lağım” (Naxçıvanda “kürə” – yeraltı suaparıcı kanal və yaxud tunel), “lağımbar” (tunel qazan usta), “dol” (qazılmış qruntun yer səthinə çıxarılması üçün istifadə olunan dəri qab), “dolçu” (dol daşıyan), “çarx” (cığrıq), “tey” (tunelin alt hissəsi), “asmana” (tunelin ən hündür hissələri) və digər sözlər vardır ki, indi də kəhrizlərin istismarı və təmiri zamanı onlardan istifadə olunur.
Kəhriz tunellərində 2x3 metr və ya 3x4 metr ölçülü və hündürlüyü 2 metrdən artıq olmayan xüsusi yerlər də tikilirdi. Bu yerlərdə müxtəlif ərzaqlar (ət, yağ, piy, qovurma, pendir, turşu və digər məhsullar) saxlanılırdı. Yay aylarında kəhrizlərdə temperatur, müntəzəm olaraq, müsbət 8, mənfi 10 dərəcə arasında olurdu ki, bu da ərzaq məhsullarını soyuducudakı kimi saxlamağa imkan verirdi.
Muxtar respublikada su obyektlərinin miqdarına görə ikinci şəhər olan Ordubadın günümüzə qədər saxlanılan orta əsrlərə aid şəhərsalma strukturu tayı-bərabəri olmayan kəhriz su kəməri sisteminin qorunub saxlanmasına da şərait yaratdıb. Çoxsaylı bulaq-çeşmələr, demək olar ki, hər bir evi su ilə təmin edirdi. Bu haqda XIX əsrdə Ordubadda olmuş İ.Şopen belə yazırdı: “Şəhərdə su boldur. Həmin adda çaydan başqa, 70-ə qədər bulaq bu şəhərdə bütün bağları və demək olar ki, hər bir evi su ilə təmin edir”. Və ardınca o əlavə edir: “Su hər yerə sərinlik yayır və bir çox həyətlərdə isə fontanlara çevrilir. “Dibdar” məhəlləsinin, o cümlədən “Uctərəng” məhəlləsinin bir hissəsi istisna təşkil edir: yüksəklikdə yerləşdiklərindən oralara su çəkmək mümkün olmayıbdır”.
Suyu yığmaq üçün şəhər sakinləri tərəfindən hovuzlar tikilirdi. Bu hovuzlar açıq və üstü günbəzli qapalı sərdabələr şəklində olurdu. Suya pillələrlə ovalşəkilli əsas girişdən düşürdülər. Belə sərdabələr Ordubad çeşmələrinə məxsusdur və şəhərin bütün yaşayış məhəllələrində vardır. Müəlliflər yazır ki, bulaq-çeşmələrin adları ya məhəllə adları (Əngec çeşmə, Pənci çeşmə, Meyrəmçə çeşmə), ya da sahiblərinin adları (Hacı Abutalıb, Hacı Fəttah, Hacı Tağı və digərləri) ilə bağlı olur. Bizim fikrimizcə, istisna deyildir ki, məhəllənin və ya yerin adını bildirən söz elə həmin su mənbəyinin adı ilə bağlı ola bilər.
Kəhriz çəkilməsi ağır zəhmət tələb edən işdir. Bu, son dərəcə qiymətli tarixi irsdir. Qeyd etmək lazımdır ki, kəhriz sistemi şəhərsalmanın ən mühüm elementlərindən biridir. Ordubadın qədim su təchizatı qurğularının bərpası və qorunub saxlanması xalqın mədəni irsinin qorunması işinə də dəyərli töhfədir. Son illər bu sahədə cox ciddi addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə bir neçə il ərzində Ordubad rayonunda 50-yə yaxın kəhriz-çeşmə əsaslıə surətdə təmir-bərpa edilib.
“El həyatı” qəzeti