"Yarım əsrlik təhsil səyahəti, Naxçıvan Musiqi Kollecinin 50 illik tarixi" - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının mədəni həyatında mühüm yer tutan Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kolleci 50 illik zəngin tarixi ilə ölkənin musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bu kollecin fəaliyyəti ərzində Azərbaycan musiqi sənətinə yüzlərlə istedadlı musiqiçi, bəstəkar və müəllim qazandırılmışdır. 50 illik yubiley münasibətilə keçirilən tədbirlər və retrospektiv baxış bu təhsil ocağının əhəmiyyətini bir daha vurğulayır.
Hələ 1920-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası dövründə Naxçıvan şəhərinin mədəni quruculuq işlərinə xüsusi diqqət yetirilirdi. Dahi Üzeyir Hacıbəyli də məhz bu prosesin öncüllərindən biri idi. O, Naxçıvana səfəri zamanı yerli musiqi və teatr mühitinin inkişafı ilə bağlı bir sıra görüşlər keçirmiş, yerli musiqiçilərlə görüşərək onların fəaliyyətinə dəstək vermişdir. Üzeyir Hacıbəyli, Azərbaycan musiqisinin görkəmli nümayəndəsi, bəstəkar, publisist və musiqi nəzəriyyəçisi kimi Naxçıvana bir neçə dəfə səfər edib. Onun Naxçıvana səfərləri əsasən musiqi, teatr və mədəniyyət sahəsində inkişafı təşviq etmək məqsədi daşıyırdı. Naxçıvan səfərləri bu bölgədə musiqi təhsilinin inkişafına təkan vermiş, yerli sənətkarların yetişməsində böyük rol oynamışdır. Bu səfərlər həm də Üzeyir Hacıbəylinin yaradıcılığında mühüm iz buraxmışdır. Onun milli musiqiyə və xalq mahnılarına verdiyi dəyər, Naxçıvan musiqi mühitində də özünü göstərmiş və bölgədə mədəni inkişafı sürətləndirmişdir. O, Azərbaycan musiqisinin klassik nümunələrini Naxçıvanda yaymaq üçün tədbirlər təşkil etmiş, teatr sahəsində də böyük töhfələr vermiş, musiqili tamaşaların inkişafına təkan vermiş, Naxçıvanda musiqi təhsilinin inkişafına xüsusi diqqət yetirmiş, burada musiqi məktəblərinin və maarifləndirici tədbirlərin təşkilinə kömək etmiş, Naxçıvanın mədəni mühiti ilə Azərbaycanın digər bölgələri arasında əlaqələrin möhkəmlənməsinə töhfə vermişdir. Məlumatlara əsasən, o, Naxçıvanda Azərbaycan xalq çalğı alətləri orkestrinin yaradılması təşəbbüsünü irəli sürmüş və bu orkestrə dirijor və bədii rəhbər kimi Məmməd Məmmədovu təyin etmişdir. Məmməd Məmmədovun xatirələrində Üzeyir bəyin onunla görüşləri və orkestrin yaradılması prosesi ətraflı təsvir edilmişdir. Bununla yanaşı, Üzeyir Hacıbəyli Naxçıvan şəhərində musiqi məktəblərinin açılmasına da xüsusi diqqət yetirmişdir. 1937-ci ildə onun təşəbbüsü ilə Naxçıvan şəhərində 1 nömrəli Uşaq Musiqi Məktəbi yaradılmışdır.
Bu təkamül prosesinin inkişafı nəticəsində 1974-cü ildə Naxçıvan Muxtar Respublikanın yaranmasının 50 illik yubiley tədbirində iştirak etmək üçün Naxçıvana gələn Ulu Öndər Heydər Əliyevin şəxsi tapşırığı və təşəbbüsü ilə 28 aprel 1975-ci ildə Naxçıvan orta ixtisas musiqi məktəbinin təməli qoyulmuşdur. Bu təşəbbüs, yalnız bir təhsil müəssisəsinin yaradılması ilə kifayətlənməmiş, əslində, musiqi təhsilinin region səviyyəsində inkişafına yeni bir səhifə açmışdır. Məktəbin əsas məqsədi, musiqi sahəsində peşəkar kadrların hazırlanması, milli musiqi mədəniyyətinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi idi. Burada müxtəlif ixtisaslar üzrə-fortepiano, xalq çalğı alətləri, xalq mahnıları və muğam və simli alətlər üzrə tədris həyata keçirilmişdir.
1975-1976-cı illərdə ilk tələbə qəbulu keçirən məktəbə 4 ixtisas üzrə 31 nəfər cəlb olunmuşdur. İlk illərdə tələbələrin təlim-tərbiyəsi və tədris işinin aparılması üzrə 4 musiqiçi-pedaqoqun ixtisaslı musiqiçi kadrların hazırlanmasında özünəməxsus rolu və xidmətləri olmuşdur. Qısa zaman ərzində məktəb peşəkar müəllim heyəti ilə formalaşaraq, musiqi sahəsində ixtisaslı kadrların yetişdirilməsində əhəmiyyətli rol oynamışdır. Bəli, ilk dəfə 31 tələbə ilə fəaliyyətə başlayan musiqi məktəbində hal-hazırda 400-ə yaxın tələbə və 100-dən çox ali təhsilli pedaqoqlar gənc nəslin musiqi təhsilinin inkişafı və təlim-tərbiyəsi ilə məşğul olur. Müsbət haldır ki, bu müəllimlərin əksəriyyəti texnikumun məzunlarıdır.
Bu gün “Naxçıvan Musiqi Kolleci” adını daşıyan orta-ixtisas musiqi məktəbi 1975-1992-ci illərdə Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-2005-ci illərdə Üzeyir Hacıbəyov adına Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci statusu almışdır. Hal-hazırda kollecdə Ümümi nəzəri fənlər, Xalq çalğı alətləri, Orkestr alətləri və vokal sənəti, Fortepiano, Ümumtəhsil və humanitar fənlər, Aktyor sənəti və dekorativ tətbiqi sənət, Ümumi fortepiano və konsertmeysterlik olmaqla 8 Fənn Birləşmə Komissiyası fəaliyyət göstərir.
09 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 158 №li qərarına uyğun olaraq Naxçıvan Musiqi Kolleci Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilmiş, 09.11.2024-cü il tarixdən isə Elm və Təhsil Nazirliyi kollegiyasının qərarı ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kolleci Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyinə verilmişdir.
2021-ci ildən etibarən kollecdə bir neçə ildir ki, fəaliyyətini dayandırmış “Xalq çalğı alətləri orkestri”, “Simfonik orkestr” və “Nəfəsli alətlər orkestri” yenidən çiçəklənməyə başlamış, bir neçə yeni qruplar yaradılmışdır: “Muğam ansamblı”, “Gənclik instrumental ansamblı”, “Harmoniya instrumental ansamblı”, “Estrada anamblı”, “Xor kollektivi”, “Naxçıvanqala ritm qrupu”, “Sazçalanlar ansamblı”, “Nəfəsli alətlər ansamblı”, “Sevincin inciləri qanunçalanlar ansamblı”, “Qədim musiqi alətləri ansamblı”, ”Kamança çalanlar ansamblı”, “Qarmon çalanlar ansamblı”, Vokal qrupu, “Bəmzi cahan”-rəqs və “Yallı qrupu”, Rəngkarlıq sənəti üzrə rəsm sərgiləri, “Teatr qrupu” və s.
Adlarını sadaladığımız bu yaradıcı kollektivlər yalnız musiqi ifaları ilə deyil, həm də xalqımızın qədim ənənələrinin yaşadılması və gənc nəsillərə ötürülməsi baxımından mühüm rol oynayır. Onların repertuarı Azərbaycan xalq və bəstəkar musiqisinin ən gözəl nümunələri ilə yanaşı, dünya klassikasının inciləri ilə də zəngindir. Kollektivlər müxtəlif səhnə kostyumları, milli musiqi alətləri və peşəkar ifaları ilə respublikada keçirilən festivallarda, dövlət tədbirlərində və beynəlxalq səviyyəli musiqi yarışlarında çıxış edərək böyük uğurlar qazanmışlar. Xüsusilə “Muğam ansamblı”, “Sevincin inciləri” qanunçalanlar ansamblı” və “Qədim musiqi alətləri ansamblı” öz qədim musiqi irsimizin dirçəldilməsində önəmli rol oynayır.
“Bəmzi cahan” rəqs və “Yallı qrupu” isə milli rəqs mədəniyyətimizin təqdimatında və xalqın ruhunu əks etdirən kollektiv enerjinin nümayişində mühüm vasitəyə çevrilmişdir. Bu kollektivlərin uğurları həm də məktəbin idarəetmə strukturunun və pedaqoji heyətinin yüksək səviyyədə işlədiyinin göstəricisidir. Burada çalışan müəllimlər yalnız dərs deməklə kifayətlənmir, həm də tələbələrlə birgə ansambl fəaliyyətində iştirak edərək onların sənət yolunda motivasiya olunmasına bilavasitə təsir göstərirlər.
Bu kollektivlər öz fəaliyyəti ilə respublikada və xarici ölkələrdə keçirilən mühüm tədbirlərdə respublikamızı layiqincə təmsil etmişdirlər. Belə ki, kollecin tələbələri 1977-ci ildə Bakıda keçirilən ifaçıların I Respublika müsabiqəsində, 1980-1988-ci illərdə Bakı, Gəncə, Şuşa şəhərlərində keçirilən "Xarı bülbül" Beynəlxalq folklor festivalında, 1980-1983-cü illərdə Bakıda keçirilən “Naxçıvan günləri”ndə, 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının yaranmasının 60 illik yubileyi ilə əlaqədar Xankəndində, 2000-2004-cü illərdə ifaçıların VIII və IX Ümumrespublika musabiqələrində iştirak etmiş və uğur qazanmışdırlar. 2008-ci ildə Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Gənc ifaçıların I Respublika müsabiqəsi”ndə kollecin I kurs tələbəsi müsabiqənin baş mükafatı olan "Qran Pri", 2019-cu ildə Bakı şəhərində keçirilən “Testene Art Baku” Beynəlxalq İncəsənət festival-müsabiqəsində kollecin bir tələbəsi “Qran Pri”, kollecin 1 müəllimi I yerə, digər tələbələri isə II və III yerlərə layiq görülmüşdürlər.
2021-ci ildə Nyu-Yorkda keçirilən “American Edition” Beynəlxalq müsabiqə-festivalında kollecin müəllimi Prezident mükafatçısı Sevinc Babayeva "Qran Pri" mükafatına layiq görülmüşdür. Bu uğur təkcə Sevinc Babayevanın fərdi nailiyyəti deyil, eyni zamanda Naxçıvan Musiqi Kollecinin yüksək peşəkarlığının və beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsidir. Bu uğurlar bir daha sübut edir ki, məktəb yalnız musiqi təhsili verən bir müəssisə deyil, həm də istedadların yetişdiyi, onların beynəlxalq aləmdə tanındığı və Azərbaycan musiqi mədəniyyətini dünyaya tanıdan bir sənət məbədidir.
Belə ki, 2023-2024-cü illərdə kollecin tələbələri Bakı şəhərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqələrində 3 nominasiya üzrə I yerin qalibləri olmuş, muxtar respublikada keçirilən müxtəlif müsabiqələrdə: Hüquq olimpiadası, intelektual bilik və idman yarışlarında uğurla çıxış edərək mükafata layiq yerlər tutmuşdurlar. Eyni zamanda 17 mart 2025-ci ildə Gənclərin Respublika Bədii yaradıcılıq Evi publik hüquqi şəxsin təşkil etdiyi Ümummilli Lider Heydər Əliyevin 102-ci il dönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı rtespublika ifa müsabiqəsində Xoreoqrafiya sənəti naminasiyası üzr 3 tələbəmiz I yer, 8 nəfər II yer, vokal naminasiyası üzrə 1 nəfər III yarin qalibləri olmuşdurlar.
Kollec yalnız tədris və ifaçılıq fəaliyyəti ilə deyil, eyni zamanda elmipedaqoji sahədə də fəallığı ilə diqqətəlayiqdir. Burada çalışan müəllimlər elmi yaradıcılıqla məşğul olur, musiqi təhsili, metodika və ifaçılıq sənətinə dair araşdırmalar aparırlar. Müəllim heyətinin bir çoxu müxtəlif respublika və beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edir, elmi məqalələr nəşr etdirirlər. Onların bu fəaliyyəti yalnız tədris prosesinin keyfiyyətini yüksəltmək üçün deyil, həm də Azərbaycan musiqi təhsilinin nəzəri bazasının zənginləşdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Belə ki, kollecin müəllimi, iki dəfə beynəlxalq müsabiqələr Qran Pri mükafatçısı, Prezident mükafatçısı Sevinc Babayevanın onlarla elmi məqaləsi respublika və xarici jurnallarda nəşr olunmuş, Respublikanın əmkdar müəllimi Məhəbbət Babayevanın 40-dan artıq elmi məqaləsi, Sevinc Babayeva ilə həmmüəllif olduqları üç dərs vəsaiti, 15-ə yaxın fənn proqramı, monoqrafiya və s. kimi elmi tədqiqat işləri yerli və xarici indeksli jurnallarda dərc olunmuşdur.
Kollecin müəllim heyəti mütəmadi olaraq son 4 il ərzində respublikamızın bütün rayon və kənd musiqi məktəblərində ustad dərslər keçirmiş, muğam lektoriyaları təşkil etmiş, istedadlı tələbələri ilə müxtəlif konsert proqramlarında, televiziyada, rayon və kənd məktəblərində çıxışlar etmiş, ictimaiyyət tərəfindən alqışla qarşılanmışdırlar. Son bir ildə kollecin yaradıcılıq fəaliyyətində bir sıra yadda qalan tədbirlər olmuşdur. Belə ki, 2023-cü il 31 may tarixdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sevincin inciləri” qanunçalanlar ansamblının Naxçıvan Milli Dram Teatrında solo konserti ictimaiyyətə böyük uğurla təqdim olunmşdur. 2023-cü il 23 noyabr tarixdə “Qərbi Azərbaycana qayıdış” festivalkonqresində kollecin “Naxçıvanqala ritm qrupu”, Simfonik orkestri, Sazçalanlar ansamblı, Muğam üçlüyü, Yallı qrupu və Xor kollektivi yaxından iştirak etmiş, elmi konfransda kollecin müəllimləri Sevinc Babayeva və Məhəbbət Babayeva Qərbi Azərbaycan mədəniyyəti mövzusunda elmi məqalə ilə çıxış etmiş, kollecin fəaliyyəti rəhbərlik və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir
2023-cü il 29-30 dekabr tarixdə NDU və Musiqi Kollecinin birləşmiş simfonik orkestri ilk dəfə Van şəhəri Yüzüncü il Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə Van şəhərində uğurlu çıxış etmişdir. Bu möhtəşəm tədbirdə səsləndirilən əsərlər həm Azərbaycan milli musiqisinin dərin ruhunu, həm də beynəlxalq musiqi dünyasına uyğun peşəkarlığı əks etdirmişdir. Konsert iştirakçılar və musiqisevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, ölkələrarası mədəni əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermişdir.
2024-cü ilin aprel ayında NDU və Musiqi Kollecinin birləşmiş simfonik orkestri ilk dəfə Bakı şəhəri, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə uğurlu çıxış etmişdir. 22-24.04.2024-cü il tarixlərdə kollecin müəllimi Sevinc Babayeva Bakı şəhərində keçirilən Əhsən Dadaşovun 100 illik yubileyinə həsr olunmuş “II Qanun festivalı”nda uğurlu çıxış edərək Təşəkkürnamə ilə təltif olunmuşdur.
2024-cü il 21-22 iyun tarixlərində Zəngəzur Milli Parkında “Qərbi Azərbaycana qayıdış” festival-konqresində kollecin yaradıcı kollektivləri yaxından iştirak etmişdir. Bu mötəbər tədbir çərçivəsində təqdim olunan konsert proqramı qədim musiqi irsimizin və milli mədəniyyətimizin zənginliyini nümayiş etdirmişdir. Tədbirin iştirakçıları-dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri tərəfindən kollektivlərin çıxışları yüksək qiymətləndirilmiş, onların hazırlıq səviyyəsi və ifaçılıq ustalığı xüsusi rəğbətlə qarşılanmışdır.
Həmçinin 2024-cü 4 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş Heydər Əliyev adına sarayda “Sevincin inciləri” qanunçalanlar ansamblının solo konserti ictimaiyyətə təqdim olunmuş, böyük sevgi və rəğbətlə qarşılanmışdır. 2025-ci ilin mart ayında kollecin “Qədim xalq çalğı alətləri” ansamblı geniş konsert proqramı ilə ictimaiyyətə təqdim edilmişdir.
Bu gün ixtisaslı gənclərin aşkara çıxarılaraq təhsilə cəlb olunması, xalqımıza məxsus musiqi ənənələrinin yaradılmasında, xalq musiqimizin, eləcə də dünya və klassik musiqinin təbliği və öyrənilməsi sahəsində məktəbin fəaliyyəti təqdirəlayiq hesab olunur. Ötən 50 il ərzində Naxçıvan Muxtar Respublikasının musiqi təhsili sahəsində mühüm rol oynayan bu təhsil müəssisəsinə öz idarəçilik qabiliyyətini layiqlə yerinə yetirən 10 direktor rəhbərlik etmişdir: Prezident təqaüdçüsü, professor Səidə Məmmədova, Həsənağa Qurbanov, Əqidə Ələkbərova, Tapdıq Bağırov, Rza Abbasov, Yeganə Əsədova, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Yusif Babayev, Həsən Seyidov, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Günay Əliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Məhəbbət Babayeva.
Kollecdə fəaliyyət göstərən 20 müəllimin əməyi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif fəxri adlarla təltif olunmuşdurlar (7 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 7 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 1 nəfər Azərbaycan Respublikasının əməkdar artisti, 3 nəfər Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, 2 nəfər Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi).
2025-ci il aprel ayının 28-i Ulu Öndər tərəfindən təməli qoyulan Naxçıvan Musiqi Kollecinin 50 yaşı tamam olur. 50 illik uğurlu fəaliyyəti ərzində Naxçıvan Musiqi Kollecinin 4000-dən çox məzunu olmuş, bu məzunların bir çoxu fəxri adlarla təltif olunmuş, elmi dərəcələr almış, yüksək vəzifələrdə işlə təmin olunmuşdurlar. Yarım əsrlik fəaliyyəti dövründə məktəb özünəməxsus tədris ənənələri, yaradıcı kollektivləri, elmi və ifaçılıq uğurları ilə seçilərək, Azərbaycan musiqi təhsilində layiqli yerini tutmuşdur. Bu gün də kollektiv həm təhsil, həm yaradıcılıq, həm də elmi sahələrdə dinamik inkişaf edərək ölkəmizin musiqi mədəniyyətinə və təhsil sisteminə dəyərli töhfələr verməyə davam edir. Bu münasibətlə bu yolda hər zaman müəllim və tələbələrimizə daim diqqət və qayğı ilə yanaşan çox hörmətli rektorumuz Elbrus İsayev başda olmaqla kollektivimizin müəllim və yaradıcı heyətini ürəkdən təbrik edir, işlərimizdə və təhsil sahəsində yeni uğur və nailiyyətlərə doğru neçə gözəl yubileylər keçirtməyi arzulayırıq.
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi,
Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru
Məhəbbət Babayeva